Nemət Əliyev: «Ipoteka kreditlərinin reallaşması hesabına əhalinin mənzilə ehtiyacının ödənilməsindəki öhdəlik yerinə yetirilməyəcək»
Məlum olduğu kimi, Ipoteka Fondu xətti ilə mayın 1-dək 730 milyon 702 min manat məbləğində 17 min 995 ipoteka krediti verilib. Bir ay əvvəlsə bu göstərici 730 milyon 608 min manat (17 min 993 kredit) olub.
“Turan”ın məlumatına görə, apreldə cəmi 94,02 min manatlıq 2 ipoteka krediti, martda isə 3 kredit verilib. Xatırladaq ki, ötən ilin martında 15 milyon 464,67 min manat məbləğində 359 kredit ayrılmışdı. Göstəricilərdəki kəskin dəyişmə Ipoteka Fondunun tərəfdaş banklarla maliyyə problemləri yaşaması kimi izah edilir.
2015-ci ildə 97 milyon 273 min manatlıq 2 min 146, inişil isə 99 milyon 927 min manat məbləğində 2 min 275 ipoteka krediti ayrılıb.
Göründüyü kimi, ipoteka kreditlərinin verilməsində kəskin azalma var. Vəziyyət belə davam edərsə, barəsində bir müddətdir söhbət gedən sosial evlərin tikintisinin reallaşması da sual altına düşür.
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, ipoteka kreditlərinin sayının kəskin azalması dövlətin maliyyə imkanlarının pisləşməsiylə bağlıdır. Dövlət maliyyə çatışmazlığı ucbatından ipoteka kreditlərinin verilməsiylə bağlı ciddi çətinliklərlə üz-üzədir. Həm də bəyan edilir ki, dövlət büdcəsində 1,1 milyarddan bir az artıq pul saxlanılır. Ekspertə görə, bu halda, ziddiyyətli vəziyyət yaranır. Hökumət bir tərəfdən büdcə qəbul edir və üzərinə öhdəliklər götürür. Həmçinin həmin öhdəliklərin icrasını həyata keçirir: “Qarışıq bir vəziyyət kənardan da hökumət haqqında qeyri-ciddi ovqat yaradır. Elə bir vəziyyət yarana bilər ki, ipoteka kreditləri dayana da bilər. Fakt budur ki, ipoteka kreditlərinə büdcədən müəyyən maliyyə vəsaiti ayrılıb. Indiki dövrdə özünün maliyyə problemlərini yaşayan banklar üçün az-çox ipoteka kreditlərinin verilməsi sahəsində fəaliyyət diqqəti cəlb edirdi. Lakin bank fəaliyyəti digər sahələrdə gözə dəymir. Hazırda bu sahə də dayanıb. Manat şəklində ayrılan kreditləri verəndə banklar fəaliyyətləri barədə əhalini məlumatlandırırdılar. Yəni onlar kredit verə bildikləri barədə təbliğat aparıb özlərinə inamı bərpa etmək istəyirdilər. Ipoteka kreditlərinin azalması indi əlavə problemlər yaradıb. Hesab edirəm, ipoteka kreditlərinin reallaşması hesabına əhalinin mənzilə olan ehtiyacının ödənilməsi sahəsində öhdəlik yerinə yetirilməyəcək. Mənzilə ehtiyacı olanların sayı hər gün artsa da, bu ehtiyacın sosial ipotekalar sayəsində ödənilməsi vəzifələri sual doğurur. Sosial evlər barədə son vaxtlar gündəmdə olan məsələ də sadəcə, gözdən pərdə asmaqdır. Real gerçəklik odur ki, cəmi iki ipoteka krediti verilib. Qalan sözlər isə yalnız təbliğatdır”.
Nigar