AXCP sədri Əli Kərimli Facebook səhifəsində partiyanın Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli barədə məhkəmənin verdiyi son qərara münasibət bildirib:
“Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflini Ali Məhkəmə də həbsdə saxladı. Cəbhə bölgəsində atəşkəsin pozulmasından sonra cəmiyyətdə kövrək ümid yaranmışdı ki, heç olmasa indiki həssas məqamda hakimiyyət Qarabağ qazisinə hörmət qoyar, siyasi məhbus olan Qarabağ qaziləri Asif Yusifli və Qadir Xudabaxşiyevi azad edər. Son günlər Qarabağ qazilərinin bir çox təşkilatları da Asif bəyin azad edilməsi üçün dövlət rəhbərliyinə müraciət etmişdi. Amma hamısı nəticəsiz qaldı. Rejim hesab etdi ki, Asif Yusiflini həbsdə saxlamaq lazımdır. Çünki günahları böyükdür. Asif Yusifli fəal AXCP funksioneridir, mübarizdir, haqsızlıq qarşısında susan deyil. Asif Yusifli böyük vətənpərvərdir, Qarabağ savaşına könüllü gedib, canının bir parçasını da Qarabağa qurban verib. Asif Yusifli ömrü boyu ədalət arayışındadır. Qarabağ qazisi Zaur Həsənov özünü yandırmaq həddinə çatdırılanda, məhz Asif bəy şəhərin mərkəzində mitinq təyin etmişdi. Bu keyfiyyətlərin, əməllərin hər biri rejimin nəzərində bağışlanmaz günahlardır. Ona görə də Asif bəyi həbsdə saxladılar. Bu da hakimiyyətin gerçək “Qarabağ sevgisi”…”