Prezident Administrasiyasında dəmiryolçuların şikayəti belə cavablandırıldı
Xeyli vaxtdır Azərbaycan Dəmiryolları QSC-nin bir qrup əməkdaşı üzləşdikləri problemlərlə bağlı rəsmi dövlət qurumlarına müraciətlər edir. “Azadlıq” vasitəsilə ictimailəşən müraciətlərində onlar dəmiryolunda uzun illərdir geniş miqyas alan məmur özbaşınalığı, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər məsələlərlə əlaqədar dövlət başçısına, baş nazirə, Milli Məclisə, baş prokurora, Daxili Işlər Nazirliyi və digər qurumlara üz tutduqlarını deyirlər. Lakin onların şikayətilə bağlı heç bir tədbir görülməyib və nəticə çıxarılmayıb.
“Azadlıq”a göndərilən budəfəki müraciətdə dəmiryolçular Nazirlər Kabinetində olduqlarını bildiriblər. Onlar aprelin 28-də Nazirlər Kabinetində qəbulda olublar: “Şöbə müdiri Elçin müəllim və dəmiryol idarəsinin kuratoru Ələddin müəllim bizi qəbul etdi. Onlar söz verdilər ki, Cavid Qurbanovla görüşümüzü təşkil edəcəklər. Əks halda, mayın 2-də Prezident Administrasiyasında Fuad Ələsgərovun qəbuluna gedəcəyimizi dedik. Orda bizi qəbul etməsələr, intihara, aclıq aksiyasına gedəcəyik. Bu artıq son mərhələ olacaq. Onlar söz versələr də, dediklərinə əməl etmədilər”.
Dəmiryolçular daha sonra əlavə ediblər ki, Prezident Administrasiyasında da onların şikayəti təmin edilməyib. Belə ki, mayın 2-də quruma gedən dəmiryolçular ordan da ümidsiz dönüblər: “Prezident Administrasiyasında bizim problemlərimizi heç dinləyən də olmadı. Iş saatı qurtaran kimi, idarə bağlandı, lakin heç kim bizi dinləmədi. Dedilər ki, vaxt bitdi, çıxın bayıra. Bayırda yağış yağırdı və biz də suyun içində qalmışdıq. Bizi bayıra qovub dedilər ki, nə edirsiniz edin, özünüzü yandırın, öldürün, bizə dəxli yoxdur. Bir sözlə, sahəni polislərə təhvil verib qapıları bağladılar. Polislər də bizdən xahiş etdilər ki, ya sakitcə dağılışın, ya da zorla sizi dağıdacağıq. Biz də əlacsız qalıb yol aldıq ”Içərişəhər” metrostansiyası tərəfə. Gedə-gedə də hansı instansiyaya müraciət edəcəyimizi düşünürdük, Prezident Administrasiyasında da sözümüzü eşitmir, bizi qapıdan qovurlarsa, bəs hara gedək? Dərdimizi kimə deyək?”
Sosial şöbə