Fidayəddin Məhərrəmov: «Horadiz bələdiyyəsinin keçmiş sədri işlədiyi müddətdə ərazini xaraba qoyub»
Füzuli rayon sakini Fidayəddin Məhərrəmov “Azadlıq”a müraciət edib. Aprel ayının əvvəlində cəbhə istiqamətində baş verən döyüşlərdən ruhlanan Füzuli sakininin müraciətində deyilir:
“Ordumuzun apreldəki döyüş əməliyyatlarından ruhlanan çoxları anladı ki, Qarabağın işğaldan azad edilməsi üçün kifayət qədər gücümüz var. Ancaq mən işğalda olmayan torpaqdan – Füzulinin Horadiz qəsəbəsi barədə bəhs etmək istəyirəm. Orada son 10-15 ildə baş verən hadisələr araşdırma və təftiş tələb edir.
Füzulinin əlimizdə olan 22 kəndi və Horadiz qəsəbəsi var. Lakin bəzi məmurlar cəbhə bölgəsində öz səlahiyyətlərindən düzgün istifadə etmirlər. Onlardan biri də rayon rəhbərliyinin gözü qarşısında meydan sulayan keçmiş bələdiyyə sədri Qərib Ələkbərovdur. Bu şəxs Horadizin çox mühüm ərazi olduğunu nəzərə almayaraq vəzifəsindən sui-istifadə edib. O, pambıqtəmizləmə zavodu, ona bitişik üzüm emalı zavodunun torpaq sahəsində bütün tikinti mal-materiallarını, ərazidəki ikimərtəbəli yaşayış evlərini dağıdıb. Orada bir hektar torpaq sahəsini özəlləşdirən bu şəxs daha da irəli gedib. Horadiz rayonlararası neft məhsulları satış bazasını, rayonlararası gübrə satış bazasını, Kənd Təsərrüfatı Nazirliyinin avtobazasını, “Azərkəndtexnikası” Birliyinin Horadiz rayonlararası bazasını, traktor təmir stansiyasının torpaq sahələrini, “Azərittifaq”ın rayonlararası topdansatış ticarət bazasını, bu qurumun rayon kooperativ istehlak cəmiyyətinin balansında olan inzibati tikinti obyektlərini, Füzuli istehlak cəmiyyətinin Kərimbəyli kənd ticarət obyektlərini, Horadizin ictimai iaşə müəssisələri obyektlərini, “Azərittifaq”ın Horadiz avtobazasını sökdürərək mənimsəyib.
“Azərittifaq”ın Horadiz avtobazası “Burğa dərəsi” deyilən bir hektar sahədə yerləşməklə 1980-ci ildə istifadəyə verilib. Avtobaza 2 metr hündürlükdə mişardaşı ilə hasarlanaraq ora dəmir darvaza qoyulmuşdu. Müasir standartlara uyğun olan avtobazadan hazırda əsər-əlamət yoxdur. Qəribin bələdiyyə sədri işlədiyi 15 ildə ancaq söküntü-dağıntı işi görüb, ərazini xaraba qoyub. Bu adam acgözlüyündən hətta bələdiyyə kollektivinə də idarə binası düzəltməyib və kollektiv uşaq bağçasında yerləşdirilib.
Mənfur erməni hərbi birləşmələri bu obyektlərdən, zavod, fabrik, avtobaza, ticarət bazalarından, idarə-müəssisələrindən heç nə apara bilməyib. Lakin Horadizin sadaladığım obyektlərinə Qəribin vurduğu ziyan saysız-hesabsızdır. “Azərittifaq”ın Horadiz ərazisində olan torpaq tikinti obyektləri kooperasiya əmlakı sayılır. Qərib Ələkbərov isə kooperasiya əmlakını sökdürüb öz şəxsi mənafeyinə sərf edib. Onun bələdiyyə sədri işlədiyi müddətdə heç bir əməli fəaliyyəti olmayıb. Ancaq söküb, dağıdıb. Bu adam cəzasızlıqdan indi də təminatlı həyat yaşayır. Onun Füzuli rayonu ərazisində tikinti-quraşdırma obyektləri, zavod, fabrik, bazalara vurduğu ziyan yüz minlə deyil, milyonlarla ölçülə bilər. Dıüşünürəm ki, Araz boyunda, Horadizdə apreldən sonra insanların gələcəyə nikbin duyğularının artdığı bir vaxtda hər kəsin üzərinə məsul vəzifə düşür. Hamı bacardığı köməyi əsirgəməməlidir. Ona görə də Qərib kimi adamlara güzəşt etmək başqalarını da onun kimi olmağa şirnikləndirə bilər. Indi elə bir dövrandır ki, pisliyə, yamanlığa qarşı daha sərt olmaq fayda verər. Inzibati orqanların sabiq bələdiyyə sədrinin barəsində lazım olan tədbirləri görəcəyinə güvənmək istəyirəm”.
Sosial şöbə
P.S.Şikayətdə adı çəkilən şəxs də mövqeyini bildirə bilər.