Vəkillər qərardan apelyasiya şikayəti verəcək
Həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatət və təqdimatına mayın 4-də Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesində vəkillər Fuad Qəhrəmanlının həbs müddətinin uzadılmasına heç bir zərurət olmadığını hakimin nəzərinə çatdırsalar da, hakim Şəlalə Həsənova həbsin daha iki ay, iyul ayının 8-nə kimi uzadılması barədə qərar verib.
Məhkəmədən sonra Fuad Qəhrəmanlının vəkili Yalçın Imanov “Azadlıq”a açıqlamasında deyib: “Biz bu uzatma qərarını tamamilə qanunsuz və əsassız sayırıq. Fuad Qəhrəmanlının həbsdə saxlama müddətinin uzadılması həm vəsatətdə, həm də təqdimatı müdafiə edən müstəntiqin çıxışında istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqələndirildi. Halbuki, müdafiə etdiyimiz şəxs həbsdə saxlandığı müddətdə onunla bağlı hər hansı istintaq hərəkəti aparılmayıb. Vəsatətlə tanış olanda görürük ki, Fuad Qəhrəmanlı barədə həbs qərarı seçilən zaman göstərilmiş əsaslar eyni ilə indi də həbsin uzadılmasına əsas kimi göstərilib. Bu isə həm yerli qanunvericiliyə, həm də qoşulduğumuz beynəlxalq konvensiyalara ziddir. Həbs müddətinin uzadılmasına konkret əsaslar olmalıdır və həmin əsasları da məhkəmə araşdırmalıdır. Biz bunları məhkəmənin nəzərinə çatdırsaq da, heç bir dəlil nəzərə alınmadan Fuad Qəhrəmanlı barədə həbs qərarı daha iki ay uzadıldı”.
Fuad Qəhrəmanlının digər vəkili Fəxrəddin Mehdiyev də məhkəmənin qərarına etiraz edib: “Hakim Şəlalə Həsənova həm də Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirini seçən hakimdir. Biz ona etiraz etmədik. Məhkəmə bu halı özü nəzərə alıb işi başqa hakimə verməliydi. Biz etiraz etsəydik, proses uzanacaqdı. Qərarı alan kimi dərhal apelyasiya şikayəti verəcəyik”.
Təzəxan