Ali Məhkəmədən Qarabağ qazisinə “güzəşt”
Fəxrəddin Mehdiyev: «Asif Yusifli barədə hökm qanunsuz, əsassız və ədalətsizdir»
Mayın 4-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə (digər hakimlər Hafiz Nəsibov və Ilham Cəfərov) AXCP Rəyasət Heyətinin üzvü, birinci qrup Qarabağ müharibəsi əlili Asif Yusiflinin kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında Asif Yusifli özü iştirak etməyib. Onun vəkili Fəxrəddin Mehdiyev kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyasının nəzərinə çatdırıb. O bildirib ki,
Asif Yusiflinin əməlində heç bir cinayət tərkibi yoxdur. Onun təqsiri sübuta yetirilməyib. Təqsirsizlik prezumpsiyası pozulub. Məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib.
Vəkil deyib: “Asif Yusifli özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək bildirib ki, 2009-cu ildə Fəridə Zülfüqarovadan 6500 manat pulu onun oğlunun təhsil haqqı kimi alıb. Həmin pulu o, bu işin düzəldilməsi üçün Rafiq Hüseynova verib. O, Rafiq Hüseynovun Təhsil Nazirliyində işlədiyini bilib və institutdan köçürməyə kömək edəcəyinə inanıb. Lakin Rafiq Hüseynov bu problemi həll edə bilməyib. Bu zaman o, Fəridə Zülfüqarovaya ondan pulu borc aldıqları və onu qaytaracaqları barədə qəbz verib. Rafiq Hüseynov həbs edildikdən sonra o, avtoqəzaya düşüb, ağır bədən xəsarəti alıb, bununla bağlı uzun müddət stasionar müalicə alıb. Müalicədən sonra o, həmin pulun 1500 manatını Fəridə Zülfüqarovaya, 400 manat pulu onun oğlu Ilqar Ibrahimova qaytarıb. Qalan pulun qaytarılmasının gecikdirilməsi isə xəstəliyi ilə bağlı olub. Həbs edildikdən sonra valideynləri həmin məbləği tamamilə qaytarıb, bütövlükdə onun özünün və valideynlərinin Fəridə Zülfüqarovaya verdiyi məbləğ 8100 manat olub.
Zərərçəkmiş Fəridə Zülfüqarova ifadəsində bildirib ki, pulun qaytarılması gecikdirildiyindən o, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinə şikayət verib və Asif Yusifli həbs edilib. O həbs edildikdən sonra ona verilmiş məbləğin qalanını valideynləri ödəyib. Ona görə də Asif Yusifliyə qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur.
Rafiq Hüseynov da ifadəsində göstərib ki, Asif Yusiflinin bu işdə heç bir günahı olmayıb. Digər şahidlər də məhkəmədə anoloji ifadə verib”.
Vəkil daha sonra vurğulayıb: “Məhkəmə qərarının qərəzli və ədalətsiz olduğu bundan ibarətdir ki, Asif Yusifli birinci qrup Qarabağ müharibəsi əlilidir, avtoqəzada ağır bədən xəsarətləri aldığı üçün xəstədir və müalicəyə möhtacdır, ailəlidir, himayəsində iki azyaşlı uşağı var, uşaqlardan biri şəkər xəstəliyinin ağır formasındadır, maddi zərər yoxdur. Lakin məhkəmələrin bütün bu müstəsna halları nəzərə almaması və Asif Yusifliyə 7 il 6 ay həbs cəzası kəsməsi qərəzliliyin, ədalətsizliyin göstəricisidir”.
Vəkil Azərbaycan reallığında bəraət hökmlərinin verilməsi praktikasının az olmasını qeyd edərək, kasasiya şikayətinin dəlillərinə əsasən Asif Yusifliyə alternativ cəza verilməsi ilə onun azadlığa buraxılmasını məhkəmə kollegiyasından xahiş edib.
Dövlət ittihamçısı Müstəcəb Əliyev kassasiya şikayətinin təmin olunmamasını istəyib.
Müşavirədən qayıdan hakimlər Asif Yusiflinin barəsindəki hökmün qismən dəyişdirilməsi ilə bağlı qərar verib. Onun həbs müddəti 6 ilə endirilib.
Əli Kərimli: “Rejim hesab etdi ki, Asif Yusiflini həbsdə saxlamaq lazımdır”
Məhkəmə zalında iştirak etmiş AXCP sədri Əli Kərimli öz feysbuk səhifəsində məhkəmə təəssüratlarını bölüşüb: “Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflini Ali Məhkəmə də həbsdə saxladı. Cəbhə bölgəsində atəşkəsin pozulmasından sonra cəmiyyətdə kövrək ümid yaranmışdı ki, heç olmasa indiki həssas məqamda hakimiyyət Qarabağ qazisinə hörmət qoyar, siyasi məhbus olan Qarabağ qaziləri Asif Yusifli və Qadir Xudabaxşiyevi azad edər. Son günlər Qarabağ qazilərinin bir çox təşkilatları da Asif bəyin azad edilməsi üçün dövlət rəhbərliyinə müraciət etmişdi. Amma hamısı nəticəsiz qaldı. Rejim hesab etdi ki, Asif Yusiflini həbsdə saxlamaq lazımdır. Çünki günahları böyükdür. Asif Yusifli fəal AXCP funksioneridir, mübarizdir, haqsızlıq qarşısında susan deyil. Asif Yusifli böyük vətənpərvərdir, Qarabağ savaşına könüllü gedib, canının bir parçasını da Qarabağa qurban verib. Asif Yusifli ömrü boyu ədalət arayışındadır. Qarabağ qazisi Zaur Həsənov özünü yandırmaq həddinə çatdırılanda, məhz Asif bəy şəhərin mərkəzində mitinq təyin etmişdi. Bu keyfiyyətlərin, əməllərin hər biri rejimin nəzərində bağışlanmaz günahlardır. Ona görə də Asif bəyi həbsdə saxladılar. Bu da hakimiyyətin gerçək ”Qarabağ sevgisi”…
Təzəxan