Gültəkin Hacıbəyli: «Münaqişənin həllinə mane olan Rusiyadır. Dövlət başçısı Rusiyanın adını açıq şəkildə deyə bilmir»
Cəbhə bölgəsinə səfər edən dövlət başçısı İlham Əliyev maraqlı açıqlamalar verib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra görüntü naminə danışıqlar aparmayacaq. İ.Əliyevə görə, bunun heç bir mənası yoxdur.
Amma bu açıqlamada bir sıra təzadlar var. Birinci onu nəzərə almaq lazımdır ki, İ.Əliyevin hakimiyyəti illərində aparılan danışıqlar faktiki görüntü xarakterli olub. Bunu hakimiyyət təmsilçiləri də dəfələrlə bəyan ediblər. Elə aprelin əvvəlində baş verən şiddətli döyüşlərdən sonra atəşkəsə razılaşmaq formal danışıqlara «hə» demək idi.
Atəşkəsin elan olunmasını Rusiya yox, Ermənistan xahiş edibmiş
İ.Əliyevdən daha bir maraqlı açıqlama atəşkəs rejiminin elan olunmasıyla bağlı olub. «Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz buna əməl etdik, bu gün də əməl edirik. Lakin ermənilər ilk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub», deyə İ.Əliyev bildirib.
Ermənistanı danışıqlar vasitəsilə düzgün yola gətirəcəklərinə çalışacaqlarını deyən İ.Əliyev vurğulayıb ki, diplomatik, siyasi, iqtisadi təzyiqlərimizi artıracağıq, təmas xəttində mövqelərimizi gücləndirəcəyik. Amma danışıqların formal xarakter alacağı təqdirdə, Ermənistan necə düzgün yola vadar edilə bilər?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, kimin nə deməyindən asılı olmayaraq, ortada bir həqiqət var. O həqiqət də ondan ibarətdir ki, Qarabağ konfliktini, Abxaziya, Krım münaqişəsi kimi Rusiya yaradıb. G.Hacıbəylinin sözlərinə görə, nə qədər ki, Rusiya tərəflərə diqqtə etmək iqtidarındadır, belə bir şəraitdə münaqişənin həlli görünmür: «Hər kəs gözəl anlayır ki, bu danışıqlar imitasiya xarakteri daşıyır. Rusiyanın təzyiqi, bu konflikti dərinləşdirərək Cənubi Qafqazda möhkəmlənmək istəyi olmasa, Azərbaycan və Ermənistan bu münaqişəni çoxdan həll edərdilər. Hətta bu razılıq olmasaydı belə Azərbaycan qısa müddətdə ərazilərini hərbi yol ilə azad edərdi. İstər, Qarabağ, istərsə də onun ətrafındakı 7 rayon Azərbaycanın ərazisidir. Azərbaycanın bu ərazilərdə suveren haqqını bərpa etmək hüququ var. Dünya ictimaiyyəti də gözəl anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququ var. Dünya birliyi və ilk növbədə biz də münaqişənin danışıqlar yolu ilə həll olunmasını istəyirik. Əslində danışıqlar yolu ilə münaqişənin həlli perspektivləri var. Bu perspektivlər də ondan ibarətdir ki, dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı halda, Ermənistanın bu ərazilərə iddia etməsinin gələcəyi yoxdur».
Ermənilərin məhz rusların hesabına Cənubi Qafqazda dövlət yaratdığını xatırladan G.Hacıbəyli bildirdi ki, Qarabağın Ermənistana birləşməsini nə Azərbaycan, nə də dünya birliyi qəbul edəcək: «Münaqişənin istər sülh, istərsə də hərb yolu ilə həllinə mane olan Rusiyadır. Təbii ki, dövlət başçısı Rusiyanın adını açıq şəkildə deyə bilmir. Ona görə də bu mövzu ətrafında müəyyən fikirlər səslənir. Hər birimiz gözəl bilirik ki, atəşkəs Ermənistanın xahişi ilə bağlana bilməzdi. Atəşkəs birbaşa Rusiyanın təzyiqi və böyük ehtimalla, hədələri qarşısında imzalanıb. Bu baxımdan mənzərə kifayət qədər aydındır. Nə qədər ki, rusiya Cənubi Qafqazda təcavüzkar siyasətindən imtina etməyəcək, bu münaqişənin həlli çətin görünür. Əksinə, Rusiya münaqişəni daha da dərinləşdirib, müəyyən adlar altında Azərbaycan ərazilərinə qayıtmağı, sülhməramlı qüvvələr adı altında Azərbaycanda hərbi iştirakını təmin etməyi düşünür».
Xəyal