Helsinkidə Dünya Mətbuat Azadlığı günü münasibətilə UNESCO-nun təşkilatçılığı ilə “Məlumat və fundamental azadlıqlara – bu sənin hüququndur!” mövzusunda tədbir keçirilir. Tədbirdə azərbaycanlı jurnalist, hazırda həbsdə olan Xədicə İsmayıla UNESCO-nun “Gilyermo Kano dünya mətbuat azadlığı” mükafatı təqdim olunacaq. Mükafatı Xədicə İsmayılın adından anası Elmira İsmayılova alacaq.
Elmira İsmayılova artıq Helsinkidədir. 12 il Finlandiyanın prezidenti olmuş Tarja Halonen və UNESCO-nun baş katibi İrina Bokova Elmira xanımla görüşüblər. Halonen deyib ki, Xədicənin və digər siyasi məhbusların azad olunması üçün çalışırlar. O, Azərbaycanda bir neçə siyasi məhbusun mart ayında verilmiş əfv sərəncamı ilə azad edildiyini xatırladıb, lakin bunun yetərli olmadığını deyib. Bildirib ki, bütün siyasi məhbuslar azad edilməlidir.
Görüş barədə məlumatı jurnalist Orxan Məmməd feysbuk səhifəsində yayıb.