Vahid Məhərrəmov: «Azərbaycan üçün pambıq istehsalının perspektivli olması, ölkəyə böyük gəlir gətirməsi real görünmür»
Dövlət başçısı Ilham Əliyev aprelin 29-da Ağsu rayonuna səfəri zamanı maraqlı açıqlamalar verib. I.Əliyev neftin qiymətinin aşağı düşməsinə toxunaraq vurğulayıb ki, bu üzdən valyuta gəlirləri azalıb. I.Əliyevin sözlərinə görə, azalan gəlirlər ixracyönümlü məhsullarla konpensasiya olunmalıdır. Ixracyönümlü məhsullarla konpensasiya məsələsindən bəhs edərkən I.Əliyev pambığın əhəmiyyətini önə çəkib.
O bildirib ki, pambıq dünya bazarında satılır, onun xarici bazarda satışı ilə bağlı hər hansı problem yoxdur. Həqiqətənmi Azərbaycanda pambıqçılığın hazırkı durumu ilə neftdən gələn gəlirin azalmasını kompensasiya etmək olar?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, ötən 10 il ərzində Azərbaycanda pambıq əkini sahəsi xeyli azalıb. Pambıq sahəsinin 110 mindən 18 min hektara düşdüyünü deyən V.Məhərrəmov vurğuladı ki, istehsal da 196 min tondan 35 min tona düşüb. Ümumilikdə bu sahəyə maraq da azalıb. Bunun səbəblərinin olduğunu deyən ekspert bildirdi ki, istehsal olunan pambıq çox ucuz qiymətə alınır: “Pambığın emalı və ixracı müəyyən əllərdədir, yəni inhisardadır. Istehsal da çox baha başa gəlir. Çünki məhsuldarlıq aşağıdır. Məhsuldarlığın aşağı olmasına səbəb fermerlərin aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl edə bilməməsi, suvarma suyuna olan təlabatın ödənməməsidir. Pambıq suya və qida maddələrinə tələbatı çox olan bitkidir. Fermerlər həm də qiyməti baha olduğu üçün kifayət qədər mineral və üzvü gübrələrdən istifadə edə bilmirlər. Eyni zamanda zərərvericilər, xəstəliklər və alaq otlarının geniş yayılması da bu sahəyə çox ciddi ziyan vurur. Fermerlər vaxtında keyfiyyətli dərman preparatları əldə edə bilmirlər. Texnikanın da köhnə olmasını çatışmazlıqlara əlavə etmək lazımdır. Ümumiyyətlə, hələ də primitiv texnologiyadan istifadə olunur. Bütün bunlar məhsuldarlığa təsir edir”.
V.Məhərrəmov onu da bildirdi ki, Azərbaycanda bu gün bir hektar pambıq sahəsinə çəkilən xərc 1200 manat təşkil edir. Bu qədər xərc çəkən fermer hər hektardan hətta 2 tondan bir az artıq məhsul əldə edəndə, o yalnız məhsulun maya dəyərini əldə edir: “Deməli, bu sahə rentabelli deyil. Hətta bir müddət əvvəl bu sahədə istehsal ziyanla başa gəlirdi. Problemlər olduqca ciddidir və öz həllini tapmır. Eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, dünya bazarında hazırda pambığa olan təlabat azalıb. Dünyadakı iqtisadi böhranla əlaqədar olaraq pambığa olan tələbat azalıb. Hazırda yüngül sənaye məhsulları əvvəlki kimi tələb olunmur. Pambığı ən çox istehlak edən Çin, Hindistan, Amerika istehlakı azaldıb. Hər il 25 milyon ton pambıq istehsal olunur və 24 milyon da tələb var. Indiyə qədər belə olmamışdı ki, istehsal tələbdən çox olsun və ehtiyat da 24 milyon təşkil etsin. Bir ilin tələbatı qədər ambarlarda pambıq var. Ona görə bu sahənin gəlirli olacağını əvvəlcədən deməyə əsas yoxdur”. Ekspert hesab edir ki, bu baxımdan Azərbaycan üçün pambıq istehsalının perspektivli olması, ölkəyə böyük gəlir gətirməsi real görünmür. Yalnız bu sahədə pambıq emalını və ixracını ələ keçirmiş mafioz məmurlar yüksək gəlir əldə edə biləcək”.
Xəyal