Nemət Əliyev: «Azərbaycanın bank sektoru daha acıncaqlı durumdadır»
Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 20% səviyyəsində qiymətləndirilir. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
“Iqtisadi azalma və milli valyutanın devalvasiyası Azərbaycanın bank sektorunda sabitliyi pozur. Manatın devalvasiyası xarici valyutada əmanətlərin həcminin artmasına, eləcə də problemli kreditlərin həcminin yüksəlməsinə səbəb olub. Hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşlarının təxminən 20%-i təşkil edir”, – deyə hesabatda qeyd olunub.
Agentliyin qiymətləndirmələrinə görə, bank sisteminin əlavə kapitallaşmaya ehtiyacı var:
“Ölkənin ən iri bankıÿ Azərbaycan Beynəlxalq Bankı ÿdövlətdən dəstək alır. Məsələn, bankın kredit qabiliyyətinin dəstəklənməsi üçün 2015-ci ildə 3 milyard məbləğində problemli kredit ”Aqrarkredit” BOKT-a ötürülüb. Bundan başqa, 2016-cı ildə bankın dövlətdən 500 mln. manat alacağı gözlənilir. Bu, Beynəlxalq Bankın kapitallaşmasını yaxşılaşdırmağa imkan verəcək”.
Rəsmi rəqəmlər 3 dəfə azdır
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının fevral ayının yekununa əsasən açıqladığı statistikaya görə, ölkədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 6,5% təşkil edib. Göründüyü kimi rəsmi rəqəm “Moody”s”un açıqladığı rəqəmdən təxminən 3 dəfə azdır. (apa)
Onu nəzərə almaq lazımdır ki, ölkədə 2.5 milyon nəfərin kredit borcu var. Kredit portfeli isə 21 milyard manatı əhatə edir. Iyirmi faiz problemli kredit 5-6 milyard vəsait deməkdir. Bu məbləğ təxminən 500 min nəfərin problemli kredit sahibi olduğunu deməyə əsas verir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, əgər “Moody”s” kimi təşkilatın araşdırmaları problemli kreditlərin həcminin elan olunandan 3 dəfə çox olduğunu bəyan edirsə, deməli bu iddianın ciddi əsasları var. Ekspert hesab edir ki, bu nəticəni əslində hökumət də bir müddət əvvəl etiraf edib: “Beynəlxalq Bankla bağlı araşdırmalar başlayarkən rəsmi dairələrinin mətbuata belə fikirlər ötürülürdü ki, 6 milyard manat pul vəsaiti problemli kreditlər kateqoryasına aid edilir. Əgər belə bir fakt ortalıqdadırsa, bu hökmən Mərkəzi Bankın problemli kreditlər hissəsində əksini tapmalı idi. Yəni problemli kreditlərin həcmi bu gün Mərkəzi Bankın açıqladığı 1.6 milyard deyil, 7-8 milyard arasında dəyişməli idi. ”Moody”s” daha geniş məlumatlara malikdir. Əgər belədirsə, deməli Azərbaycanın bank sektoru daha acıncaqlı durumdadır. Belə çıxır ki, bunlar bank sistemini əvvəlcədən çökdürüblər”.
N.Əliyevin sözlərinə görə, bank sektorumuzun son durumu ilə bağlı aparılan araşdırmalar hökumət tərəfindən nəzərə alınmalıdır. “Faktiki olaraq ölkənin iqtisadi-sosial həyatı kreditləşmədən məhrum edilib. Yalnız cüzi şəkildə kreditlər verilir. Əgər kreditləşmə olmayacaqsa, ölkə iqtisadiyyatındakı problemlərin aradan qaldırılmasına xeyli zaman gərək olacaq”, deyə N.Əliyev vurğuladı.
Xəyal