Dostlar! Həbsdə olan iki jurnalistimiz bu günlərdə beynəlxalq mükafatlara layiq görülmüşlər. Xədicə İsmayıl UNESKO-nun “Gilyermo Kano dünya mətbuat azadlığı” mükafatına layiq görülüb. “Azadlıq” qəzetinin yazarı, “Azərbaycan saatı” televiziyasının proqram aparıcısı Seymur Həzi isə Norveçin Oslo Fritt Ord Foundunun və Almaniyanın ZEIT-Stiftung Ebel və Gerd Bucerius təşkilatlarının Beynəlxalq Azad Mətbuat mükafatına layiq görülüb. Doğrusu Azərbaycanın Bayıldan başlanan həbsxana tarixi hələ heç vaxt son 2-3 ildə olduğu qədər mükafatlar görməmişdi. Bir az da vaxt keçsə Xədicə xanım yəqin ki, dünyanın ən adlı-sanlı mükafatlarını cəzaçəkmə yerinə daşımalı olacaq. Əminliklə demək olar ki, öz mübarizə əzminə, iradəsinə, vətəndaşlıq mövqeyinə, həqiqətə tapınmaq eşqinə görə o, yalnız peşə hüdudlarını deyil, ölkənin hüdudlarını da çoxdan aşmışdır. İndi Xədicənin adı tək Azərbaycanda deyil, qələmin müqəddəs vəzifəsini həqiqətə xidmətdə görən bütün mədəni dünyada simvola çevrilmişdir. Gerçəkdən dünya onun mübarizəsinin sehrinə düşmüşdür və həbsxana divarları arasında olan Xədicə azad söz və ədalət uğrunda gedən vuruşun ön cəbhəsindədir. O, tarixə tək örnək vermir, həm də öz mənəvi prinsiplərinə sədaqəti ilə çağdaş tarixın yaradıcısı rolunda çıxış edir. Seymura verilən mükafat sözün tam mənasında qəlbimizi iftixar hissi ilə doldurur. Dünya ədalətdən xali deyil, öz ölkəsində şərlənən, qurama ittihamla həbs edilən jurnalist öz xalqına, öz cəmiyyətinə xidmətinə görə beynəlxalq mükafata layiq görülür. Mükafat təsisçilərinin yaydığı məlumatda qeyd edilir ki, Seymur Həzi uzun illər ərzində korrupsiya və hakimiyyətin müxtəlif qanunsuz əməlləri barədə yazıları ilə tanınıb. Əslində, bu uzun illər mənim gözlərimin qabağında keçib və mən Seymurun bir vətəndaş, bir qələm əhli, bir intellekt, öz yurduna vurğun olan istedadlı bir gənc kimi inkişafını müşahidə etmişəm. O, yorulmaq bilmədən tükənməz bir enerji ilə cəmiyyətə xidmət edir, azad sözün, ədalətin təntənəsi uğrunda çəkinmədən mübarizə aparır. Hətta, zindandan göndərdiyi yazılar onun milli və mənəvi keyfiyyətlərini, yüksək vətəndaşlıq mövqeyini nümayiş etdirir. Seymur heç vaxt, heç bir hərəkəti üçün, heç bir yerdən mükafat gözləməyib. O, gördüyü bütün xeyirli əməllərin mükafatın yalnız öz vicdanından gözləyib. Amma, bu gözlənilməz mükafat onun qələminə, sözünə, düşüncəsinə beynəlxalq bir diqqətdir. Bu diqqətə görə hər iki dostumuzu təbrik edir, apardıqları mübarizədə onlara uğurlar arzulayırıq.
Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.