Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olmuş Nicat Quliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Bu barədə vəkil Əfqan Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, iş baxılması üçün Ali Məhkəmənin hakimi Əli Seyfullayevin icraatına verib. Kassasiya şikayətinə mayın 25-də baxılacaq.
Qeyd edək ki, N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Nicat Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olub.
Sabiq xarici iqtisadi əlaqələr naziri 2004-cü ilədək Abxaziya prezidentinin müşaviri işləyib. Həmin ildə Azərbaycana qayıdan N.Quliyev bizneslə məşğul olub. O, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunsa da, azadlığa buraxılmışdı. (Lent.az)