Asiya İnkişaf Bankı: Yerli səslərə qulaq verin; Dağlıq Qarabağda son toqquşmalar İsrailin xarici siyasəti üçün əlverişli məqamda baş verməyib – 2 may Qərb mediasının icmalı.
«Azərbaycanda və Özbəkistanda iştirakçılılığı, hesabatlılığı dəstəkləyin». Bu çağırışla «Human Rights Watch» hüquq müdafiə təşkilatı, «Cotton Campaign» (Pambıq Kampaniyası) və «Urgewald» qrupu birlikdə çıxış ediblər. Onlar Aşıya İnkişaf Bankına müraciətlərində Bankı və səhmdar ölkələri çağırırlar ki, yoxsulluq içində yaşayanların baxışlarını nəzərə alsınlar.
«Bu, özəlliklə, Özbəkistan və Azərbaycan kimi repressiv ölkələrdə vacibdir», – bəyanatda deyilir.
Manilada mənzillənən Asiya İnkişaf Bankının İdarə Heyəti mayın 2-5-də Frankfurtda illik toplantı keçirir. Budəfəki iclasın mövzusu «Davamlılıq naminə Əməkdaşlıq»dır.
«Human Rights Watch»un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyir ki, «inkişaf naminə səylər yüksəkrütbəli hökumət rəsmiləri deyil, icmalar tərəfindən dəstəklənəndə və onlara xeyir verəndə, davamlı ola bilər. Özbəkistan və Azərbaycan kimi repressiv ölkələrdə Aşıya İnkişaf Bankı bu səylərin xalqa fayda verməsinə, repressiyanı gücləndirməməsinə daha çox çalışmalıdır».
Bəyanat müəllifləri bildirirlər ki, Azərbaycan və Özbəkistandakı repressiv mühit icmaların bank layihələrində iştirakını artırmağa əl vermir. Bu ölkələrdə əhali hökumətlərin Bankın qaydalarını pozmasından şikayətlənə də bilmir, təqibdən çəkinir.
Açıqlamada Özbəkistanın pambıq sənayesində məcburi əməkdən istifadə tənqid olunur. Azərbaycanla bağlı isə qeyd edilir ki, 1999-cu ildə bu banka qoşulandan Bakı müxtəlif sektorlara 2.3 milyard dollarlıq kredit və qrant alıb. Hökumətin son illər tənqidçilərinə qarşı repressiyanı gücləndirdiyi, onlarla fəalın siyasi motivlərlə həbsə atıldığı, müstəqil vətəndaş qruplarının bank hesablarının dondurulduğu vurğulanır. Martda bəzi fəalların buraxılmasına, bəzi QHT-lərin bank hesablarının açılmasına baxmayaraq, qanunvericilik məhdudiyyətləri qalmaqdadır.
«Asiya İnkişaf Bankı inkişaf layihələrində icmaların iştirakına, eləcə də şəffaflıq və hesabatlılığa daim önəm verib. Ancaq hökumətin müstəqil səsləri susdurduğu Azərbaycanda və Özbəkistanda bu prinsiplər işləyə bilməz. Gərək Bank bu problemləri anlasın və onların həlli naminə fəal iş aparsın».
Bəyanatda «Panama Sənədləri»nin prezident Əliyev ailəsinin gizli ofşor hesablarını aşkarlaması da yada salınır. Bir il öncə isə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanın statusunu salıb, bunu fundamental azadlıqlara sayğısızlıqla əsaslandırıb.
«Asiya İnkişaf Bankı əhalinin sosial və iqtisadi ehtiyaclarını qarşılayan hökumətlərin dəstəklənməsində vacib rol oynaya bilər. Ancaq bundan ötrü əhalinin ehtiyaclarını dinləməli, onların həlli yollarını aramalıdır». (azadliq.org)