Son 100 ildə hər yaz Tyanşan dağlarının yamaclarında, Qırğızıstandan Çinə aparan cığırlarda qarlar əriyəndə, qırğız xalqının tarixində ən ağır faciələrdən birinin izləri görünür – on minlərlə insan və heyvanın skelet qalıqları üzə çıxır. Bu sümüklər 1916-ci ildə çar Rusiyasının qoşunlarından qaçmağa çalışan qırğızlara və onların sürülərinə məxsusdur.
Tarixə «Böyük Urkun» adı ilə düşmüş bu böyük köçün bu il 100 ili tamam olur.
ƏKİN SAHƏLƏRİNƏ RUSLAR YİYƏLƏNDİLƏR
Artıq 1916-cı ilədək qırğızlar müasir Qırğızıstana aid Çuy, Narın və İssık Kul əyalətlərindən, eləcə də indi cənub-şərqi Qazaxıstana aid ərazilərdən köç etməyə başlamışdılar. O zaman Almatıda saxlanan rus arxivlərindəki məlumatdan görünür ki, təkcə 1915-ci ildə 1787 qırğız ailəsi Çinə köçüb. 1904-1914-cü illər arasında «təqribən 10 min» qırğız dağların üstündən keçərək şərqə köç edib. Rusiya o vaxtadək artıq 200 il idi ki, şərq istiqamətində – Uraldan Sakit okeana doğru genişlənirdi. Rus ordusunun ardınca Orta Asiyaya gəlib burada məskunlaşan ruslar get-gedə daha çox əkin torpaqlarına yiyələndilər.
Hələ I Dünya Savaşının sürdüyü 1916-cı ildə Sankt-Peterburq Orta Asiyadan yaşı 19-la 43 arasında olan 220 min kişini Avropa cəbhəsində vuruşmaq üçün orduya cəlb etmək qərarına gəldi. Orta Asiyada çalışan rus məmurları bunun narazılıq doğuracağından Sankt-Peterburqu xəbərdar etsələr də, sözügedən kişilərin orduya çağrılması qərara alındı. Düzdür, onlar yardımçı işləri görəcək, döyüşlərə qatılmayacaqdılar.
Orta asiyalılar bu qərarı xoş qarşılamadılar. İş burasındaydı ki, 1916-cı ildə orta asiyalıların Avropa və orada gedən müharibə haqqında çox az təsəvvürləri vardı. Üstəlik, söz-söhbət də gəzirdi ki, guya onları orduda donuz əti yeməyə məcbur edəcəklər (bu şayiələr sonralar da Qırmızı Orduda Orta Asiyadan olan əsgərlərin başına gəlmişdi). Çarın səfərbərlik fərmanını iyunun 25-də – Orta Asiya əkinçiləri və maldarları üçün təsərrüfat baxımından çox vacib bir vaxtda verilməsi də öz rolunu oynamışdı.
PULATXAN VƏ ƏNDİCON ÜSYANLARI
İnsanlar bilirdilər ki, 1873-76-cı illər arasında rus müstəmləkəçiliyinə qarşı Pulatxan adı ilə tanınmış qırğız Molla Iskhak Hazan-uulunun başçılığı ilə üsyan, 1898-ci ilin mayında isə qırğız, özbək və taciklərin qatıldığı Əndicon (Azərbaycanda Əndican kimi tanınır – red.) üsyanı baş vermişdi.
İndi də yeni bir üsyan başlamışdı. Həm də təkcə qırğızlar deyil, bütün orta asiyalılar arasında.
«BÖYÜK URKUN»DA ÖLƏNLƏRİN DƏQİQ SAYI BİLİNMİR
Avropada savaş getdiyi bir zamanda bu üsyan Sankt-Peterburqa heç lazım deyildi. Rus ordusunun rəhbərləri türk lider Enver Paşa-nın Turan İmperiyası barədə pantürkçü xəyallarından da xəbərdardılar. Beləcə, rus qoşunlarına üsyanı dağıtmaq əmri gəldi. Bundan 40 il əvvəlki üsyanda rus generalı Mikhail Skobelev-in işlətdiyi taktikadan istifadə ediləcəkdi. «Mənim prinsipim budur ki, sülhün sürəkliliyi düşmənə qarşı tətbiq etdiyiniz qırğınla düz mütənasibdir. Siz onları nə qədər möhkəm vursanız, onlar o qədər sakit qalacaqlar», – Skobelev hələ 1881-ci ildə, sonuncu türkmən üsyanını dağıdandan sonra belə demişdi.
Bu dönəm Orta Asiyada çox az adamın odlu silahı vardı, yəni üsyan heç bir nəticə verə bilməzdi. Ancaq orta asiyalılar dirənə bilməsələr də, Skobelev-in prinsipinə uyğun olaraq, onları möhkəm vurmaq lazım idi.
Hələ bugünəcən «Böyük Urkun»da nə qədər qırğızın məhv edildiyi barədə dəqiq məlumat yoxdur. Alimlərin çoxu, azı, 150 min insanın öldüyünü düşünür. Ancaq bəziləri bu rəqəmin 250 mini aşdığını deyir.
1916-cı ildə on minlərlə qırğız Bişkekdən İssık-Kula aparan Boom Vadisindən keçərək qaçmışdı. Belovodsk kəndində aralarında qadın, uşaq və yaşlıların da olduğu 517 qaçqın bir günün içində öldürülmüşdü. Urkun zamanı belə hadisələr çox olmuşdu.
CANINI QURTARANLAR ÇİN TÜRKÜSTANINA GEDİBLƏR
AzadlıqRadiosunun qırğız xidməti «Böyük Urkun»da ailəsi ilə birgə Çinə köçmüş, 1995-ci ildə isə 80 yaşlarında yenidən vətənə qayıtmış Shaymerden Ibrahimov-dan müsahibə alıb. O, vadidən keçən zaman ulu babası Japarkul-u rus əsgərlərinin arxadan vurduğunu deyir ki, oğlu, yəni babası öz atasını dəfn etməyə imkan tapmayıb, elə keçiddəcə qoyub-getməyə məcbur qalıb.
19 yaşında ailəsi ilə birgə köçə qoşulub qaçan Bayali Isakeev sonradan – 1933-cü ildə Urkun barədə kitab yazıb. Kitabda buz bağlamış dar dağ keçidlərində kiçicik bir büdrəmənin ölümə bərabər olmasından, bəzi uçurumların dəvə, mal-qara və insan cəsədləriylə dolu olmasından söz açılır.
Canını qurtara bilmiş yüz minlərlə insan Çin Türküstanına pənah aparıb.
YENƏ HƏMİN KERENSKY
Elə Rusiyanın özündə də bu kampaniyaya qarşı çıxanlar vardı. Onlardan biri – Dövlət Dumasının deputatı Aleksandr Kerensky idi. O, çar rejiminin Orta Asiyadakı belə hərəkətlərini rüsvayçılıq adlandırırdı. 1917-ci ildə çarın devrilməsindən sonra Kerensky-nin başçılığı ilə yaradılmış hökumət hakimiyyətdə qaldığı çox qısa müddətdə, təbii ki, Orta Asiyaya vurulan ziyanın yerini doldurmağa da imkan tapmadı.
1917-ci ilin sonlarında hakimiyyətə gələn bolşeviklər Urkun və digər çar repressiyalarından təbliğat vasitəsi kimi istifadə etdilər. Bolşevik hökuməti qırğızları vətənə qayıtmağa çağırdı.
QIRĞIZISTAN YUBİLEY KEÇİRİR, QONŞU DÖVLƏTLƏR QATILMIR?
Bəziləri qayıtdı. Isakeev də qayıdaraq Kommunist Partiyası sıralarında irəlilədi. Əvvəlcə Qırğız Muxtar Sovet Sosialist Respublikasının, sonradan Qırğız Sovet Sosialist Respublikasının yüksək vəzifələrində çalışan Isakeev 1937-ci ildə güllələndi.
Urkun qırğızların yaddaşında ayrıca yer tutur. Ölkə müstəqilliyini bərpa edəndən sonra insanlar qruplaşaraq dağlara gedir, Urkun qurbanlarının qalıqlarını toplayaraq dəfn edirdilər. Artefaktlar toplanıb muzeylərə gətirilib. Urkun haqqında çəkilmiş film də bu yaxınlarda işıq üzü görəcək.
Qırğızıstan hökuməti və bəzi təşkilatlar Urkunun 100 illiyini qeyd etmək üçün silsilə tədbirlər keçirsə də, Orta Asiyanın digər dövlətləri bunu etmirlər.
AzadlıqRadiosunun qırğız xidməti «Böyük Urkun»un 100 illiyini qeyd etmək üçün o vaxta aid foto, şəkil, çar rejiminə aid sənəd və şahid hekayələrini toplayıb.