Neft milyardları tərəqqiyə yox, tənəzzülə xidmət etdi
Ölkədə real vəziyyət belədir ki, bir qrup adam aşırı varlandıqca böyük əksəriyyət səfalətə sürüklənir. Daha dəqiq ifadə etsək bir qrup adam bütöv bir xalqın taleyini, haqqını, arzularını əlindən alıb. Bəzən düşünürsən ki, bu qədər sərvət hansı kasıb ölkədə olsaydı, həmin ölkə indi dünyanın mərkəzinə çevrilərdi. Əminliklə demək olar ki, qonşu Gürcüstan və Ermənistan belə bir şansı əldən buraxmazdı və bu ölkələrin büdcəsi yüz milyardlarla ölçülərdi.
Amma acgöz və koprrupsioner rejim ölkəni elə vəziyyətə salıb ki, təkcə son 3 ayda 700 Azərbyacan vətəndaşı Gürcüstana üz tutub. Bəli, altı-üstü sərvət olan ölkənin vətəndaşı istirahət və müalicə üçün qonşu ölkəyə pənah aparır. Fakt budur ki, 100 milyardlarla neft pulu mənimsənilib, vətəndaş zəruri ehtiyaclarını ödəməkdən məhrumdu və ölkənin xarici borcu hər gün artmaqdadır. Elə bir sahə yoxdur ki, həmin sahənin inkişafından danışa bilək. Kənd təsərrüfatından tutmuş, səhiyyəyə qədər bütün sahələr “şikəst” vəziyyətdədir.
Amma hakimiyyət bu acınacaqlı mənzərəni “analoqsuz inkişafın nəticəsi” kimi təqdim edir. Xalqı inandırmağa çalışırlar ki, inkişaf belə olur.
Bu qədər var-dövlətlə xalqa qayğı göstərmək bir yana qalsın, xalq bütövlükdə borc bataqlığına girdi. Indi hər bir Azərbaycan ailəsində məmur banklarına yüksək faizlərlə borc ödəyən adam tapmaq olar.
Üstəlik, milyonlarla ölkə vətəndaşı dolanışıq üçün ölkə xaricinə üz tutmağa məcbur oldu, insanlar çıxış yolu kimi intiharı seçdilər.
Amma hər dəfə ölkə başçısından tutmuş sıravi məmuruna qədər hər kəs “dünya bizə paxıllıq edir”, “dünya Azərbaycan modelini öyrənir”, “Iqtisadi inkişaf tempinə görə dünyada birinciyik”, “yoxsulluğun və işsizliyin kökü kəsilib” kimi çürük arqumentlərdən sallaşdılar.
Bugünlərdə isə daha bir statistika ortaya çıxdı. Belə ki, Moskvada əcnəbilər ümumi səfillərin 18%-ni təşkil edir. Onlar arasında Azərbaycan vətəndaşları 6% (720 nəfər) təşkil edir.
Ekspertlər hesab edirlər ki, bu qədər sərvətlə zəngin ölkədə yerli əhali ağır işlərdə çalışmaya bilər, hətta neft və qazdan imtina etməklə də Azərbaycanı dünya ölkələri sırasına çıxarmaq olar. Amma anti-milli hökumət Azərbaycanı dünyanın ən geridəqalmış ölkələri ilə eyni sıraya saldı. Bütün hesabatlarda Azərbaycanın adı “qara siyahı”ya düşüb. Fakt isə budur ki, dünyanın hər yerində xeyriyyə layihələri həyata keçirən hökumət, öz vətəndaşını dilənçi vəziyyətinə salıb. Təkcə, Moskvada 720 nəfər azərbaycanlı səfil varsa, deməli bütövlükdə Rusiyada bunların sayı daha çoxdur. Bəli, hökumət vətəndaşın bədbəxtliyi üzərində Avropa Oyunları, Formula-1 yarışları keçirir, xaricdə bahalı ziyafətlər təşkil edir, Vatikanda xarabalqıları abadlaşdırır, Serbiyadan tutmuş Dağıstana qədər səxavət göstərir, Gürcüstanda erməni kilsələrini pulsuz qazlaşdırır, amma öz vətəndaşını qəpik-quruşa layiq görür.
Niyə bu ölkənin vətəndaşı Rusiyanın küçələrində səfil olmalıdır? Niyə, yüzminlərlə ailə dağılmalıdır, övladlar illərlə atalarından ayrı qalmalıdır? Əgər bu ölkədə şəffaf idarəçilik olsaydı, vətəndaş neftdən gələn gəlirlərdən yararlansaydı, 95 milyard neft pulu ölkədən oğurlanmasaydı, bütün sahələr bir qrup məmurun şəxsi təsərrüfatına çevrilməsəydi, ölkədə normal iş yerləri, normal əmək haqqı olsaydı, Azərbaycan vətəndaşı Rusiyada səfil həyatı yaşayardımı?
YAP hakimiyyətinin memarı olduğu Azərbaycan budur. Hakimiyyət məqsədli şəkildə ölkənin potensialını tükəndirdi. Zəngin bir ölkəni yalnız düşmən xarabalığa çevirə bilər. Zərrə qədər dövlət və xalq sevgisi olan hökumət ölkəni bu qədər uçuruma atmazdı. Hər gün hansısa məmurun var-dövləti üzə çıxır. Ən xırda məmurun 5-10 şirkəti, 5-10 evi var. Ən kasıb bildiyimiz məmurun 3 milyon rüşvət verdiyi üzə çıxır. Təhlükəsizliyə təminat verməli olan qurumun milyardların talan edilməsiylə məşğul olduğu təsdiqlənir. Belə olan halda vətəndaş əlbəttə ki, səfilə çevriləcək.
Moskvada səfil azərbaycanlların sayı 720 nəfərdirsə, Azərbaycanda bu rəqəm 7 milyondu. Çünki, Azərbaycanda da 6-7 faiz yaşayır, qalanları sürünür. Problemli kreditlərin həcmi 2 milyarda yaxınlaşırsa, deməli vətəndaş ödəmə qabiliyyətini itirir. Hər gün 2-3 nəfər sosial səbəblərdən intihar edirsə, deməli vətəndaşın güvənə biləcəyi hökumət yoxdur.
Bəli, hakimiyyətin “analoqsuz inkişaf modeli” səfaləti, cəhaləti, zülmü, zilləti nəzərdə tutub. Bu “model” tərəqqiyə yox, tənəzzülə xidmət edib. Hökumət vətəndaşı “bomj”a çevirməyin modelini yaradıb.
Bu gün həqiqətən də dünya Azərbaycana paxıllıq edə bilərdi. Amma yarıtmaz və yaramaz bir sistem elə bir vəziyyət yaratdı ki, dünya azərbaycanlı mühacirələri qəbul etməklə məşğuldu. Indi dünyanın hər yerində Azərbaycandan müxtəlif yolllarla qaçmış mühacirlərlə doludur və bu gün onminlərlə insan xaricdə sığınacaq almağın yollarını axtarır.
Samir