NATO ölkələri alyansın şərqdəki mövqelərini möhkəmləndirmək məqsədilə Rusiya ilə sərhədə 4 min hərbçi göndərməyə hazırlaşır, rəsmilərə istinadla nüfuzlu ABŞ nəşri bildirir.
Wall Street Journal-a əsasən Polşa və Baltikyanı ölkələrə ezam olunacaq əsgərlərin yarısını amerikalılar təşkil edəcək. Yerdə qalan hissə isə Almaniya və Britaniya əsgərlərindən ibarət olacaq.
Bu plan Baltikyanı ölkələrdə Rusiyanın hərbi fəallığının artmasına cavabdır, ABŞ müdafiə nazirinin müavini Robert Wark qəzetə bildirib.
“Rusiyalılar sərhədin tam yaxınlığında çox sayda texnikanın iştirakı ilə dəfələrlə təlimlər keçirib. Qənaətimizə görə bu olduqça provokativ hərəkətdir”.
Kreml, öz növbəsində bildirir ki, hərbi təlimlər NATO-nun Rusiya sərhədlərinə doğru yaxınlaşmasına cavabdır.
“Biz passiv müşahidəçi deyilik. Odur ki, gücləndirilmiş və tamamilə əsassız hərbi mövcudluğa qarşı tələb edilən ölçülərə əl atacağıq”, – Rusiyanın NATO yanındakı daimi nümayəndəsi Aleksandr Qruşko bidlirib.
(bbc azəri)