Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ötən gün “Dəyişklik Naminə Forum” keçirilib. Böyük Britaniyada yerləşən “Konkordia Forumu”nun təsis edilən bu tədbirdə hər il dünyanın müxtəlif ölkələrindən 200-dək tanınmış simalar əhəmiyyətli ictimai-siyasi və qlobal məsələlər ətrafında müzakirələr aparır. 2015-ci ildə “Birinci Dəyişiklik Naminə Forum” Londonun Gladstone kitabxanasında keçirilib. Bu ilki tədbir isə ABŞ-ın Nyu York şəhərində, BMT baş qərargahında baş tutdu.
Bu ilki forumda ABŞ-da yaşayan Azərbaycanlı ictimai-siyasi fəal Emil İsmayıl Konkordia Forumun təşkilatçı qrupunun tərkibində iştirak edərək bir çox tanınmış ictimai-siyasi xadimlər, ABŞ konqresmenləri, jurnalistika sahəsində tanınmış simalarla görüşüb, Azərbaycanla bağlı müzakirələr aparıb.
“Azadlıq”a açıqlamasında həmyerlimiz bildirib ki, ABŞ Konqresmenləri Keith Ellison və Yvette Clarke ilə söhbət zamanı Azərbaycanda demokratiyanın vəziyyəti, insan haqları, qanunsuz həbslər müzakirə edilib. Konqresmenlərə Azərbaycandakı vəziyyətlə bağlı ətraflı məlumat verən Emil İsmayıl onlardan demokratiya uğrunda mübarizədə Azərbaycan xalqının yanında olmağı, Azərbaycanda demokratik qüvvələrin dəstəklənməsini və Qarabağ məsələsində Azərbaycanın mövqeyinin dəstəklənməsini xahiş edib. Konqresmen Yvette Clarke Azərbaycanı və xüsusilə Bakını sevdiyini bildirib və qeyd olunan məsələrlə yaxından maraqlanacağını söyləyib.
ABŞ-da prezidentliyə əsas namizəd Hillari Klintonun sağ əli olan Huma Abedin ilə söhbət zamanı Emil İsmayıl Hillari Klintonun prezident seçiləcəyi təqdirdə Qarabağ məsələsi, demokratiya və insan hüquqları sahəsində Azərbaycan xaqının yanında olmasını xahiş edib. Huma Abedin öz növbəsində Emil İsmayıla Klintonun könüllülər komandasında çalışdığı üçün təşəkkür etmiş və qeyd olunan məslələrlə bağlı Azərbaycan xalqını tək buraxmayacaqlarını bildirmişdir. Emil İsmayıl Huma Abedinə Azərbaycandakı siyasi məhbuslar problemi, qanunsuz məhkəmələr və müxalifət lideri Əli Kərimliyə hələ də pasport verilməməsi haqda geniş məlumat vermişdir.
Forum zamanı Emil İsmayıl “Əl Cəzirə” telekanalının məşhur teleaparıcısı Mehdi Hassan ilə Azərbaycandakı vəziyyətlə bağlı müzakirə aparıb və ondan Azərbaycanda qanunsuz həbslər və demokratiya məsələsinə diqqət ayrılmasını xahiş edib. Mehdi Hassan öz növbəsində Azərbaycanın diktatura olduğu haqda məlumatı olduğunu deyib və ABŞ-ın Əliyev rejimi ilə isti münasibətlərindən təəcübünü ifadə edib. O həmçinin “Əl Cəzirə” telekanalında Azərbaycanla bağlı məsələlərə daha çox yer ayrılmasını diqqətdə saxayacağını bildirib.
Bir gün davam edən Dəyişiklik Naminə Forum zamanı Emil İsmayıl həmçinin Bruklin şəhərinin meri Erik Adams, ABŞ Milli Təhlükəsizlik Departamenti və ABŞ Dovlət Departamentinin yüksək vəzifəli işçiləri və Coca Cola İnternational şirkətinin prezidenti Ahmet Bozer ilə müzakirələr aparıb.