Dövlət qulluğuna qəbulda müsahibə mərhələsinin olması kimlərə sərf edir?
Azərbaycanda dövlət qulluğuna qəbul qaydaları ikiqat “qulluq” tələb edir. Yəni, test imtahanından sonra ikinci mərhələdə şifahi seçim də aparılır. Bugünlərdə ölkə başçısı bununla bağlı parlamentə təqdimat verib. Təqdimatda “Dövlət qulluğuna qəbul” haqqında qanunun 28-ci maddəsinin dəyişdirilməsi istənilir. Dəyişikliyə əsasən, dövlət qulluğuna qəbul yalnız test imtahanından ibarət olacaq. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi,imtahanın keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Amma görünən budur ki, qəbul qaydalarına dəyişiklik bəzi adamalrın ürəyincə deyil. Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılsa da yekun qərar verilməyib. Bəzi, deputatlar hesab edir ki, müsahibə mərhələsinə ehtiyac var və bunun ləğvi yanlışdı.
Görəsən, dövlət qulluğuna qəbulda test imtahanından sonra müsahibə mərhələsinin də olması hansı zərurətdən doğub? Ümumiyyətlə, niyə israrla ikinci mərhələni qüvvədə saxlamaq istəyirlər?
Əgər şəxs test imtahanından keçibsə, yararlı sayılmalıdır. Əgər test imtahanı etibarlı deyilsə, o zaman imtahanlar ləğv edilməlidir. Belə çıxır ki, diplomun, imtahan nəticələrinin mənasız olduğu rəsmi şəkildə etiraf edilir. Deməli, bu ölkədə diplom, müsbət imtahan nəticələri formal xarakter daşıyır və ən savadsız adam da bunları əldə edə bilər.
Amma məsələnin əsas tərəfi maddi maraqla bağlıdır. Birinci mərhələdən keçmiş adamlardan ikinci mərhələdə “nəmər” tələb olunur. Bəli, bu ölkədə asanlıqla dövlət qulluğuna qəbul olmaz yolverilməzdir. Gərək, rejimin yazılmamış “qanun”larına da tabe olasan. Imkan vermək olmaz ki, kasıb-kusubun uşağı da dövlət qulluğuna düşsün. Müəyyən labrintlər olmalıdır, süründürməçiliyə start verilməlidir və s.
Yəni, müsahibə mərhələsi başqa bir formada korrupsiya nəfəsliyi yaratmağa xidmət edir.
Göründüyü kimi bütün yerlərdə “tələ”lər qurulub. Heç bir halda eybəcərliklərdən imtina edilmir. Müsahibə mərhələsi subyektiv xarakter daşıyır, bilikli adamı da dövlət qulluğundan kənarda qalması mümkündür. Amma yazılı testdən keçən şəxslərin maneəsiz işlə təmin olunması ədalətlidir və belə də olmalıdır. Ən yüksək bal toplamış adamlar işə qəbul olunmalıdır.
Təəssüf ki, Azərbaycanda bütün qanunlara mürtəce dəyişiklər edilib və bütün sahələrdə işə qəbulla bağlı müsabiqələrdə neqativ ənənələr mövcuddur.
Samir