Ankara ilə Brüssel razılığa gələcəkmi?
Almaniya kansleri Angela Merkellə, Avropa Birliyi Şurasının rəhbəri Donald Tuskun Türkiyəyə son səfəri zamanı Ankara viza tələbində israrlı olduğunu bir daha diqqətə çatdırdı. Türkiyə baş naziri Əhməd Davudoğlu bir qədər də ultimativ tonda bəyan etdi ki, Avropa Birliyi viza rejimini ləğv etməsə, Ankara miqrant sazişini sona qədər yerinə yetirməyəcək.
Türkiyənin öz üzərinə düşən vəzifəni icra etdiyini deyən Davudoğlu bildirdi ki, indi növbə Avropanındır.
Öz növbəsində avropalı rəsmilər də Ankaranın miqrantlarla bağlı gördüyü işdən razılıq etmişdilər. Lakin nə Merkel, nə də Tusk viza rejiminin ləğvinə dair konkret fikir bildirdi.
Ankara xal itirdi?
BBC xəbər verir ki, “The Guardian” ÿTürkiyə Böyük Millət Məclisində deputatlar arasında yaşanan son insidentdən sonra viza məsələsinin həllinin dalana dirənə biləcəyini yazıb: “Çərşənbə günü parlamentdə millət vəkilləri arasında baş vermiş dava-dalaşın ardınca Türkiyə vətəndaşlarına Avropa Birliyinə vizasız gediş-gəliş rejiminin yaradılması üçün qoyulan vaxt uzana bilər. Brüssel elan edib ki, Türkiyə üçün bu məsələdə heç bir xüsusi güzəşt edilməyəcək.
Hakim partiya ilə kürdpərəst millət vəkilləri arasında baş vermiş kobud qarşıdurmaya görə parlamentin növbəti iclası bazar ertəsinədək təxirə salınıb. Halbuki Avropa Komissiyasının vizasız rejim barədə qərarının elan edilməsi üçün Türkiyə mühüm qanunları qəbul etməli idi.
Avropa Komissiyası prezidentinin müavini Frans Timmermans bir daha bəyan edib ki, Türkiyəyə vizasız rejimin verilməsi üçün Ankaranın əməl etməli olduğu 72 şərtin heç biri yumşaldılmayacaq”.
“The Guardian” Avropa Birliyi ilə Türkiyə arasında razılaşdırılmış miqrant sazişini ziddiyyətli adlandırır. Bu sazişə görə Avropa Birliyi miqrantları qəbul etməsi müqabilində Türkiyəni Şengen zonasına qəbul etməli idi.
Berlin və Paris “gizli danışıqlarda”
Timmermans Avropa Parlamentinə bildirib ki, Türkiyə bütün şərtlərə əməl edəcəyinə əmin edir. Lakin ölkədə media azadlığının və insan haqlarının vəziyyəti Ankaranın məlum niyyəti ilə heç də uyuşmur: “Əgər onlar Avropa Birliyinə yaxın olmağı bu qədər çox istəyirlərsə, qoy sübut etsinlər ki, bunu bacararlar. Insan haqlarının, medianın və vətəndaş cəmiyyətinin durumuna görə Türkiyə ilə aramızda olan məsafə artır ki azalmır”.
Bundan əvvəl Komissiya bildirmişdi ki, üzv ölkələrin Türkiyə vətəndaşlarına vizasız gediş-gəliş rejimi verməyə hazır olub-olmadıqlarını mayın 4-də elan edəcək. Əgər belə bir razılıq ifadə edilərsə, Türkiyə üçün vizasız səfərlər rejimi artıq iyun ayından qüvvəyə minəcək.
“The Guardian” xatırladır ki, Avropa liderlərinin miqrant axınının qarşısını almağa çalışdıqları bir vaxtda birliyin bir sıra üzvləri türklərə vizasız rejimin verilməsinə qarşı çıxırlar: “Bəzi xəbərlərə görə Fransa və Almaniya Türkiyə sxeminə “qəza əyləci” şərtinin artırılması məsələsini müzakirə edirlər.qalədə deyilir ki, nəzərdə tutulan “təcili əyləc” Avropa Ittifaqının vizasız rejim barədə saziş bağladığı digər ölkələrə, məsələn Gürcüstan və Ukraynaya da şamil edilə bilər. “Tormozlama mexanizmi” Avropa Birliyinə bu ölkələrdən güclü axın olacağı təqdirdə, vizasız rejimin dərhal ləğvi üçün imkan verir”.
Avropa Parlamenti təminat vermir
Bir müddət əvvəl Avropa Birliyi bəyan etmişdi ki, Türkiyə indiyədək vətəndaş azadlıqlarının təminatı da daxil olmaqla, 72 şərtin yalnız yarısına əməl edib. Avropa Stabillik Təşəbbüsünün ötən ayın axırlarında açıqlanmış hesabatında deyilirdi ki, Türkiyə qarşısına qoyulmuş şərtlərdən 12-nə ümumiyyətlə əməl etməyib. Buna baxmayaraq, Türkiyə rəsmiləri gələn həftəyədək verilmiş möhlətə qədər qarşılarına qoyulmuş şərtlərin demək olar, hamısına əməl ediləcəyini deyirlər.
Ankara israr edir ki, onun vətəndaşlarına vizasız səfər rejimi haqqının tanınması miqrantlar barədə sazişin müzakirə üçün qeyri-məqbul şərtidir.
“The Guardian”a görə, Avropa Komissiyasının Türkiyə üçün vizasız gediş-gəliş rejimi sxemini təklif etməsinə baxmayaraq, Avropa Parlamentinin onu qəbul edəcəyinə heç bir təminat yoxdur: “Brüsseldə parlamentin deputatları xəbərdarlıq edirlər ki, Türkiyədə insan haqları, azad media və vətəndaş azadlıqlarının vəziyyəti bu ölkənin Avropa standartlarına cavab vermədiyini göstərir. Onlar xüsusilə Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətini təhqir etməkdə ittiham olunanlarla bağlı artan şikayətləri vurğulayırlar”.
Ankara sazişdən çıxa bilər
Bəzi təhlilçilər xəbərdarlıq edirlər ki, Türkiyə bu təməl insan haqları ilə bağlı şərtləri yerinə yetirməyincə, Almaniya kansleri Angela Merkelin təşəbbüsü ilə əldə olunmuş miqrant sazişinin gələcəyi sual altına düşə bilər.
“The Guardian” yazır ki, avropalı millət vəkillərinin narahatlıqları nəzərə alınmazsa, Türkiyəyə vizasız gediş-gəliş reciminin verilməsi barədə qanun Avropa Parlamentindən keçməyəcək və bununla da Ankara miqrant sazişindən geri çəkiləcək: “Timmermans vurğulayıb ki, Avropaya nəzarətsiz böyük miqrant axınının qarşısının alınmasında Türkiyə ilə saziş son dərəcə mühümdür. O həmçinin deyib ki, Türkiyəyə vizasız gediş-gəliş hüququnun verilməsi, Avropanın təhlükəsziliyini zəiflətməz. Əksinə gücləndirə bilər”.