İlham İsmayıl: «Adətən səfirlikləri hər hansı təhlükə ilə bağlı öz dövlətləri xəbərdar edir»
Daxili Işlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, aprelin 28-də DIN-in “Xəzri” Istirahət və Sağlamlıq Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin və diplomatik korpusun digər nümayəndələrinin xahişi ilə onlarla görüş keçirilib.
Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Nazirliyin rəhbərliyi adından qonaqları salamlayıb, görüşün qarşılıqlı əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, son 3 ildə xarici dövlətlərin diplomatik missiyalarının, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə Daxili Işlər Nazirliyində 268 görüş keçirilib. Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, diplomatik korpusun mühafizəsi ilə əlaqədar məsələlər də müzakirə olunub.
Hazırda DIN-in Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Baş Mühafizə Idarəsi respublika ərazisində yerləşən 50-dən çox diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirir və müvafiq işə cəlb olunmuş polis əməkdaşlarının xidməti ciddi nəzarətdə saxlanılır. Onlar son 3 ildə 61 şəxsin qanunsuz hərəkətlərinin qarşısını alıb.
Diplomatik nümayəndəliklərin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi də böyük önəm verilən məsələlərdən olmaqla, bu sahədə fəaliyyət xüsusi əməliyyat planı ilə tənzimlənir.
V.Eyvazov onu da vurğulayıb ki, Azərbaycan Respublikası da terrorçuluqdan əziyyət çəkən dövlətlər sırasındadır.
Ötən əsrin 80-ci illərindən etibarən ölkəmiz və onun vətəndaşları erməni terrorçuluğunun hədəfinə çevrilib. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu qruplarının Azərbaycana qarşı törətdiyi 32 terror aktı nəticəsində iki min insan həlak olub, yüzlərlə vətəndaşımız yaralanıb.
Qeyd olunub ki, Bakı Metropoliteni də nəzərə alınmaqla, bu gün respublika üzrə 110 mindən çox videonəzarət kamerası ilə 24 saat ərzində mərkəzləşdirilmiş müşahidə aparılır.
Belə bir görüşün keçirilməsi və görüşdə əsas müzakirə mövzunun təhlükəsizliklə bağlı olması maraq doğurur.
Diplomatik korpusun adından çıxış edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri – duayen Vladimir Doroxin təşəbbüslərinə müsbət cavab verildiyinə, görüşün yüksək səviyyədə təşkilinə və ərtaflı məlumata görə DIN rəhbərliyinə minnətdarlığını bildirib.
Ekspertlərin fikrincə, hazırkı dönəmdə belə bir görüşün keçirilməsi təsadüfi deyil və bəzi mətləblərə aydınlıq gətirir. Çünki son zamanlar Azərbaycanda IŞID təhlükəsinin artması və ölkəmizin də terrorun qurbanı ola biləcəyi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar xəbərdarlıqlar edir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, adətən səfirlikləri öz dövlətləri hər hansı təhlükə ilə bağlı xəbərdar edir. Görünür, səfirliklərdə müəyyən məlumatlar var. “Səfirliklər xəbərdar edildikləri təhlükə barədə informasiya almaq istəyiblər. Bu mənada da DIN rəhbərliyi ilə görüşüblər. Adətən diplomatik korpusun DIN rəhbərliyi ilə görüşməsi yenilik deyil”, deyə I.Ismayıl vurğuladı.
Xəyal