Azərbaycanda avtomobil satışlarının azalması satıcıları yeni bazarlar axtarmağa vadar edir. Və bununla bağlı müxtəlif təkliflər səsləndirilir. Satıcılar bildirirlər ki, ölkəyə gətirilən avtomobillərin görmük rüsumlarının ödənməsi müddətinin uzadılması və satışa həyata keçirildikdən sonra rüsumun ödənilməsi həm satışların artmasına, həm də ölkəyə valyuta axınına səbəb ola bilər.
700 manatlıq avtomobilin qiyməti 7500 manata yüksəlir
Avtomobil satışları üzrə ekspert Aley Şamilov bildirib ki, hazırda ölkəyə gətirilən avtomobilə görə rüsumun ödənilməsi üçün 3 gün vaxt verilir. Gömrük rüsumları ödənildikdən sonra avtomobilin qiyməti xeyli bahalaşır. Məsələn, 7 min manatlıq avtomobilin qiyməti ölkəyə daxil olandan sonra 12 min manata qədər yüksəlir. Hazırki iqtisadi vəziyyətdə isə bu avtomobili alan olmur. Və avtomobil bazarı potensial olduğu halda durğunluq yaşayır: “Elə olub ki, 500 -700 manata alınan avtomobil gömrük xərcləri ödənildikdən sonra 7500 manata başa gəlib”.
Qiymətlərə görə xarici müştəriləri itiririk
Ekspert hesab edir ki, Azərbaycan avtomobil bazarı qiymətlərin yüksəkliyinə görə, yerli müştərilərlə yanaşı, xarici alıcıları da itirir. Belə ki, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələr Azərbaycan üçün potensial alıcı bazarıdır. Amma qiymətlərin baha olmasına görə, eyni avtomobili Gürcüstandan alıb, Azərbaycandan transit olaraq aparırlar: “Bir ayda köhnə avtomobilin 60-70 avtomobilin Azərbaycandan tranzit olaraq Qazaxıstana aparıldığının şahidi olmuşam”. Halbuki Azərbaycanda avtomobillə bağlı gömrük rüsumlarının ödənilməsi müddəti uzadılarsa və rüsum avtomobil satılandan sonra tutularsa ölkəyə gətirilən avtomobil ucuz başa gələr: “Avtomobil DYP tərəfindən qeydiyyata salınarkən mütləq gömrük bəyəmnaməsi tələb edilir.Yəni, bu o deməkdir ki, avtomobil satıldıqdan sonra onu hər bir halda qeydiyyata salmaq üçün gömrük rüsumunu ödəmək lazım gələcək”.
Asiyalı alıcılar valyuta axınına səbəb ola bilər
Belə olan halda xarici müştərilər avtomobili Gürcüstan deyil, Azərbaycandan almağa maraqlı olacaqlar. Onun sözlərinə görə, bu addımın bir neçə müsbət təsiri ola bilər. Birincisi avtomobili Azərbaycandan alan asiyalı müştəri ölkəyə valyuta axınına səbəb olacaq: “Avtomobili burdan alan xarici vətəndaş ölkəyə təbii ki, dollar gətirəcək”.
Köhnə maşınları da alacaqlar
A.Şamilov hesab edir ki, Azərbaycanda istismar müddəti bitən xeyli avtomobil var. Asiya ölkələrində, o cümlədən Rusiya və İranda avtomobilin istismar müddəti ilə bağlı hər hansı qadağa yoxdur. Nəticədə Azərbaycanda olan istismar müddəti bitmiş köhnə avtomobilləri də satmaq mümkün olacaq. Belə ki, bu avtomobillərə Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə tələbat yüksəkdir. Bu isə ölkədən köhnə avtomobillərin çıxarılması ilə yanaşı avtomobil sıxlığının azalmasına təsir edə bilər.
Digər tərəfdən bu addım müəyyən qədər vətəndaşın işlə təmin olunmasına səbəb olacaq. Yəni, satışların dayanmasına görə, işini itirən avtomobil satıcıları yenidən işə başlayacaqlar. (fins.az)