Apelyasiya məhkəməsinin ilkin baxış iclasında müdafiə tərəfinin vəsatətlərinin heç biri təmin olunmayıb
AXCP Rəyasət Heyətinin üzvü, şərlənərək həbs olunan Məmməd Ibrahimin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə bu iş üzrə ilkin baxış iclası keçirilib.
Məmməd Ibrahimin vəkili Fariz Namazlı bir neçə vəsatət qaldırıb. Müdafiəçi Məmməd Ibrahimin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Müdafiəçinin digər vəsatəti apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması haqda olub. Fariz Namazlı bunu Nərimanov Rayon Məhkəməsində sübutların saxtalaşdırılması ilə izah edib: “Məmməd Ibrahimin işi üzrə məhkəmə iclas protokolları saxtalaşdırılıb. Məhkəmədə bütün şahidlər Məmməd Ibrahimin xeyrinə ifadə verdiyi halda, bunlar protokollarla öz əksini tapmayıb. Bu saxtalaşdırma ilə əlaqədar Məmməd Ibrahimin digər vəkili Yalçın Imanov məhkəmə iclas protokollarına öz qeydlərini yazıb. Amma hələ də Yalçın Imanova onun qeydlərinə baxılması barədə heç bir məlumat verilməyib. Bu baxımdan, yunidən məhkəmə istintaqı aparılmalı, sübutlar araşdırılmalıdır”.
Vəkil daha bir vəsatətində Məmməd Ibrahimin məhkəmə zalındakı səskeçirməyən şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi məsələsini qaldırıb. Qeyd edib ki, hüquqi müdafiənin səmərəliliyi baxımından da bu vacibdir.
Lakin Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib və işin məhkəmə baxışına verilməsi, apellyasiya şikayətinə əlavə sübutlar tələb olunmadan baxılması barədə qərar çıxarıb.
Məhkəmə baxışı mayın 13-nə təyin olunub.
Fariz Namazlı bildirib ki, Məmməd Ibrahimin özü və digər vəkil həmkarı ilə məsləhətləşmədən sonra ilkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət verib-verməmək məsələsini müəyyənləşdirəcəklər.
Məmməd Ibrahim həbsindən bir müddət əvvəl AXCP-dən uzaqlaşdırılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub, ona CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd Ibrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.
Martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd Ibrahim 3 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Aytən