Müzəffər Baxışov: «Bir sıra hallarda testdə yüksək nəticə göstərənlərin qarşısını ikinci mərhələdə əsassız suallarla almağa çalışırlar»
Dövlət qulluğuna qəbul qaydaları və şərtləri dəyişdirilir. Ölkə başçısı bununla bağlı parlamentə təqdimat verib. Təqdimatdaÿ”Dövlət qulluğuna qəbul” haqqında qanunun 28-ci maddəsinin dəyişdirilməsi istənilir. Dəyişikliyə əsasən, dövlət qulluğuna qəbul yalnız test imtahanından ibarət olacaq. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi,ÿimtahanın keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qaydalara görə, test imtahanından sonra ikinci mərhələdə şifahi seçim də aparılır.
Dəyişiklik parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
Yada salaq ki, aprelin 11-də prezident fərmanı ilə Dövlət Imtahan Mərkəzi yaradılıb. Bununla da Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir.
Dövlət qulluğuna qəbulda tesdən sonrakı müsahibə mərhələsinin qalıb-qalmaması məsələsi fikir ayrılığına səbəb olub. Bunun əleyhinə olanlar bildirirlər ki, müsahibə mərhələsində subyektiv faktor çox ciddi rol oynayır. Istənilən şəxsin “sən müsahibədən keçmədin” bəhanəsilə dövlət qulluğuna qəbul edilməməsi üçün “əl yeri” olur ki, bu da korrupsiyaya rəvac verir.
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, insanların qabiliyyətinin yalnız testlə yoxlanılması, şifahi müsahibə mərhələsinin olmaması daha məqsədəuyğundur: “Bütün sahələrdə şifahi imtahan mərhələsində problemlər yaranır. Bir sıra hallarda testdə yüksək nəticə göstərən şəxslərə ikinci mərhələdə əsassız suallar verməklə onların dövlət qulluğuna işə qəbulunun qarşısını almağa çalışırlar. Bu problem təkcə ”Dövlət qulluğu haqqında” qanunda deyil. “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında” və digər qanunlara da belə dəyişikliklər etmək lazımdır. Bu qurumlarda da vəzifə tutmaq üçün yalnız test imtahanları keçirilməlidir. Yəni biliklər obyektiv qiymətləndirilməlidir. Ola bilsin ki, yüzdən çox test keçirilsin, fəqət subyektiv amillərdən uzaq testlər keçirilməlidir. Imtahanda iştirak edən şəxslərə kənar subyektiv müdaxilələr olmamalıdır. Subyektiv müdaxilələr odur ki, testdən yüksək bal toplayan insanlar şifahi imtahan mərhələsində əsassız suallarla qarşılaşırlar”.
Müzəffər Baxışov yalnız yazılı test mərhələsindən ibarət olmasının vacibliyini vurğulayaraq, bunu da yeni yaradılan Dövlət Imtahan Mərkəzinin keçirməsini, ən yüksək bal toplayan şəxslərin dövlət qulluğuna işə qəbulunu düzgün variant hesab edir.
Nigar