Moskva Ermənistana silah yardımını dayandırmaq niyyətində deyil
Rusiyadan Ermənistana 200 milyon məbləğində silah nəqlinə dair saziş imzalanmaq mərhələsindədir. Bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan məlumat verərək bildirib ki, razılığa uyğun olaraq, hazırda sazişin imzalanması istiqamətində iş aparılır: “Ilkin mərhələ razılaşdırılıb. Amma nəzərə alsaq ki, qarşı tərəf kreditin verilməsi qərarını yeni qəbul edib, işlərin ləngiməsi normaldır”.
Rusiya Ermənistana 200 milyon dollar kredit ayırıb və kreditin hərbi sursatla veriləcəyi açıqlanıb.
Aprelin 15-də isə Ermənistan hökuməti ilə Rusiya arasında hərbi təyinatlı məhsulların tədarükünün maliyyələşdirilməsi üçün 200 milyon dollar dəyərində sazişin müddəalarının həyata keçirilməsi barədə qərar layihəsini Irəvan təsdiq edib.
Rusiyanın Ermənistana dəyəri milyonlarla ölçülən silah verməsindən bəhs olunarkən Dağlıq Qarabağ problemini, o cümlədən aprelin əvvəllərindən başlayaraq, cəbhədəki olayları yaddan çıxarmaq olmaz. Atəşkəs razılaşması təxminən iyirmi il əvvəl imzalansa da, aprelin əvvəlində də baş verən bir neçə günlük döyüşdən sonra Rusiya özünü vasitəçi kimi göstərməyə başladı. Hazırda müharibə yenidən alovlanıb və indiki halda, Azərbaycan Rusiyaya qarşı necə münasibət sərgiləməlidir? Çünki baş verənlər və düşmənimizə silah yardımı müttəfiqliyə uyğun olmayan hərəkətlərdir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bu barədə danışarkən ilk növbədə yada salır ki, Rusiyanın Ermənistana qarşı qəyyumluğu bütün dövrlərdə olub. Hazırda da həmin qəyyumluğun davam etdiyini deyən ekspert, Azərbaycanın diplomatik gedişdən başqa yolu olmadığını düşünür: “Rusiyaya xüsusi notalar vermək, jestlər etmək gücündə deyilik. Daha doğrusu, apardığımız siyasət o səviyyədə deyil. Hazırda yeganə xətt diplomatik şəkildə danışıqlar aparmaqdır. Diplomatik həssas məsələləri qaldırmaq və üstəgəl, beynəlxalq aləmdə sözükeçən dövlətlərə bu barədə informasiya verib, onların da dəstəyini əldə etmək, onların Rusiyaya qarşı təsirlərini, təzyiqlərini artırmaq lazımdır. Azərbaycanın başqa imkanları yoxdur”.
Nigar