Dünən – aprelin 28-də tanınmış alim, ictimai xadim Yadigar Türkelin 65 yaşı oldu. Son çağlar keçmiş iş yeri – AMEA-nın Fəlsəfə və Hüquq Institutunu məhkəməyə verməsiylə gündəmə gələn alimə işdən çıxarılmasını uzun illər çalışdığı akademiyanın yubiley “hədiyyəsi” də saymaq olar. Bu ölkədə alimə belə “dəyər” verilir. Alim elmi işlə məşğul olduğuna, gününü kitabxanalarda, arxivdə keçirdiyinə görə cəzalandırılır. Bugünkü Azərbaycan gerçəkliyi budur.
Alimin ömür yoluna baxmaqla cəzasının “hədər” olmadığını yəqin, siz də düşünəcəksiz.
Yadigar Sahibəli oğlu Türkel 1951-ci il aprelin 28-də Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 1968-ci ildə Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı orta məktəbini bitirib. 1969-cu ildə ADTI-yə girib, 1976-cı ildə qurtarıb, Biləsuvar rayonunda, Bakı şəhərində həkim işləyib, ADTU, BDU, 2 saylı Tibb Texnikumunda dərs deyib.
1999-cu il iyulun 1-dən AMEA-nın Milli Münasibətlər Institutunda, 2003-cü ildən 2016-cı il fevralın 25-ə kimi Fəlsəfə və Hüquq Institutunun Politologiya şöbəsində işləyib.
1993-cü ildə namizədlik, 2005, 2014-cü illərdə “Insan, təbiət, cəmiyət münasibətləri (Biososial və fəlsəfi aspektlər” mövzusunda iki yol doktorluq dissertasiyası müdafiə edib.
Yadigar Türkel elmi, siyasi əsərlərin müəllifidir. 1.Amuroqrafiya, pornoqrafiya, yoxsa qrafomaniya.
2.Insan, təbiət və cəmiyət.
3.Biləsuvar.
4.Yazışma və kargüzarlıq (iki yol çap olunub).
5.Insan, təbiət, cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər).
6.Yazışma və kargüzarlıq (Yenidən işlənib düzəldilmiş 3-cü çapı).
7.Dünyanın mahiyəti və dərki haqqında.
8.Demokratik cəmiyətin milli-mənəvi problemləri.
9.Azərbaycan və azərbaycançılıq.
10.Politlogiya (açıqlamalarla sözlük).
11.Politologiya (açıqlamalarla sözlük və ya milli kimlik dərsləri).
12.Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları.
Ali məktəblər üçün dərs proqramı, metodik göstərişlər:
13.Din fəlsəfəsi kursu üzrə proqram. BDU.
14.Fəlsəfə tarixi. BDU-nun sosial elmlər və psixologiya fakültəsinin qiyabi tələbələri üçün Fəlsəfə ixtisasından metodik göstərişlər (I-II kurslar üçün).
Son illərdə isə alim daha çox Azərbaycan Cümhuriyəti ideoloqlarının kitablarını yenidən işləyib öz vəsaiti hesabına çap etdirib. Görünür, Azərbaycan Cümhuriyətini düşmən gözündə görənlər üçün bu iş heç də ürəkaçan olmayıb.
1.Məhəmməd Əmin Rəsulzadə. “Azərbaycan şairi Nizami”.
2.Məhəmməd Əmin Rəsulzadə. “Milli birlik”.
3.Məhəmməd Əmin Rəsulzadə. “Azərbaycan şairi Nizami”. (Bitkin çapı).
4.Məhəmməd Əmin Rəsulzadə. “Qafqaz türkləri”.
5.Məhəmməd Əmin Rəsulzadə. “Panturanizm. Qafqaz sorunu”.
6.Məhəmməd Əmin Rəsulzadə. “Iran türkləri”.
7.Məhəmməd Əmin Rəsulzadə. “Çağımızın Siyavuşu”.
8.Məhəmməd Əmin Rəsulzadə. “Azərbaycan Cümhuriyəti”.
9.Əlimərdan bəy Topçubaşı. “Azərbaycan Cümhuriyətinin yaradılması”.
10.Aleksandr Şepotyev. “Doklad o spornıx Kavkazskix territoriyax, na kotorıye imeyet prava Azerbaydjanskiye Tyurki”. B., 2016.
Əslində, Yadigar bəy bu qədər təmənnasız işinə, Akademiyanın görəcəklərini öz üzərinə götürdüyünə görə ödülləndirilməliydi. Akademiya səviyyəsində yubileyi keçirilməliydi. Ancaq “ödülü” yubileyi ərəfəsində işdən çıxarılması oldu. Deməli, alimin qismətində bu da varmış…
Yadigar Türkelin elmi jurnallarda, toplularda 56-dan çox elmi, respublika basınında 100-dən artıq elmi-publisistik yazısı çap olunub.
Yadigar Türkel 1992-ci ildə Biləsuvar rayonunda tapılmış, ilk orta çağın 351 gümüş pulunu toplayıb Azərbaycan Tarix Muzeyinə verib. O, Biləsuvarda boks idmanının yaradıcısı, beynəlxalq dərəcəli hakimdir.
Bioqrafiyası hər kəsə örnək olacaq alimi yubiley yaşı münasibətilə təbrik edir, ona bütün titullardan, adlardan önəmli olan can sağlığı arzulayırıq. Gördüyü və bundan sonra Akademiyasız da görəcəyi işlər onu artıq tarixə yazıb.
Doğum gününü qutlayırıq, böyük ziyalı!
Rövşən Hacıbəyli