Vəli Ələsgərovun vəkilləri mətbuat konfransı keçirdi
Naxçıvanın hazırda ev dustaqlığında olan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkilləri Vüqar Xasayev və Tofiq Allahverdiyev aprelin 28-də mətbuat konfransı keçirərək, bu işdə yol verilən qanunsuzluqlar barədə danışıb.
V.Xasayevin dediklərindən:
Mən çox tanınmış şəxslərin vəkili olmuşam, amma bu işdəki qədər qanunsuzluq görməmişəm. Bu qanunsuzluqlar təkcə Vəli Ələsgərova qarşı yox, həm də biz vəkillərə qarşı törədilir.
Vəli Ələsgərov dekabrda Naxçıvanın milli təhlükəsizlik naziri vəzifəsindən azad olunandan sonra onun özünə və qohumlarına qarşı təzyiqlər başlanıb. Özünün və qohumlarının əmlakları əlindən alınıb. Onlara bildirilib ki, əgər əmlakları versəniz, barənizdə cinayət təqibi olmayacaq. Onlar da özlərini qorumaq üçün əmlaklarını veriblər və həmin əmlaklar etibarnamə ilə başqa adamların adına keçirilib. Lakin martın 7-də Vəli Ələsgərov saxlanılıb və barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs–qətimkan tədbiri seçilib.
Martın 11-də mənimlə müqavilə bağlanıb. Ayın 14-də mən Naxçıvana gedib onunla görüşmüşəm. O, dövlət hesabına verilmiş Mustafa adlı vəkildən imtina edib. Həmin gün biz iki dəfə Vəli Ələsgərovla görüşdük. Məlum oldu ki, Vəli Ələsgərova qarşı müəyyən təzyiqlər, işgəncələr olub. Amma biz məsələhətləşmədən sonra qərara gəldik ki, hər hansı açıqlama verməyək.
Vəli Ələsgərovun müəyyən gözləntiləri vardı ki, ona güzəştlər olacaq. Vəli Ələsgərov bir ərizə də yazdı ki, həbs olunarkən şokda olub, verdiyi ifadələr də natamamdır. Ona verilən ittihamlar üzrə vəkilin iştirakı ilə ifadə vermək istəyir. Ona 179, 308 və 309-cu maddələrlə ittiham irəli sürülüb. O ərizəni götürüb gəldim və ayın 16-da yenə qayıtdım. Prokurorluğa ayaq basmamış məni binaya girməyə qoymadılar. Dedilər ki, müstəntiq burada yoxdur. Hətta vəsatəti dəftərxanaya verməyə də qoymadılar. İnzibati binanın qarşısında belə, dayanmağa qoymadılar. Poçtla prokurorluğa göndərdim.
Sonra təcridxanaya getdim, məni saat 16-ya qədər gözlətdilər ki, rəis yoxdur, rəisə məlumat verməmişik. Sonradan məlum oldu ki, Vəli Ələsgərov ümumiyyətlə, təcridxanada yoxdur, çünki onu Dövlət Təhlükəsizlik Xidmətinə aparıblar. Müstəntiqə zəng elədim, biləndə ki, mənəm, söndürdü. Axşam 20 radələrində qardaşı Əli Ələsgərov dedi ki, polisdən gəliblər, məni aparırlar. Mən də sağoğllaşıb çıxmaq istəyəndə, Cinayət Axtarış Şöbəsinin rəis müavini Pərviz adlı şəxs məndən də maşına yaxınlaşmağı tələb etdi. Qanunsuz tələbini yerinə yetirmədim və özü yaxınlaşdı. Dedi ki, sizin də üzərinizdə axtarış aparmalıyıq. Ona vəkillik haqqında qanunu, qaydaları izah elədim. Dedim ki, ixtiyarınız yoxdur. Rəisləri gəldi, o da dedi ki, çantanıza baxış keçirməliyik. Bu göstəriş qanunsuz olsa da, təyyarəyə gecikməmək üçün çantamı göstərdim.
Qaydıb Baş prokurora məktub yazdım. Sonradan məlum oldu ki, 14-ü mən Naxçıvanqdan qayıdandan sonra, ayın 15-də ondan məndən imtina etməsi barədə məcburi ərizə alıblar. Mənə də poçtla göndərdiyim vəsatətə görə cavab yazıldı ki, vəkil kimi imtina etdiyinə görə bu vəsatət də rədd olunur.
Sonradan Vəli Ələsgərov mənimlə əlaqə saxlayıb bildirdi ki, imtinası könüllü qərar olmayıb, onu məcbur ediblər, işgəncələr altında bu ərizəni yazmağa məcbur olub. Amma siz mənim vəkilim olaraq qalırsız. Xahış edirəm, müdafiəmi davam etdirin. Aprelin 26-da biz müqaviləni yeniləmişik. Qanun şəxsə imtina etdiyi vəkillə yenidən müqavilə bağlamağa imkan verir.
Məndən imtina ərizəsi alınandan sonra yaxınları Tofiq Allahverdiyevlə müqavilə bağladı. Vəli Ələsgərovu ev dustaqlığına buraxılandan sonra da gah prokurorluğa, gah da DTX–ya aparırlar. Prokurorluqda qanunsuz hərəkətlərə yol verilmir. Lakin DTX–da bəzən maskalı, bəzən də maskasız olan bir neçə nəfər köhnə işçiləri çağırırlar, onların vasitəsilə Vəli Ələsgərov döyülür, işgəncələrə, təhqirlərə məruz qalır. Döyürlər, təhqir edib alçaldırlar, vaxtilə tabeliyində işləmiş şəxsləri gətirirlər, üzünə tüpürürlər. Biz də baş prokurora müraciət eləmişik ki, bu işin istintaqı orada aparıla bilməz. Çünki orada bu şəraitdə, vəkilə prokurorluğa daxil olmağa imkan verilmirsə, hansı normal istintaqdan söhbət gedə bilər.
Vəli Ələsgərovun Şahbuzdakı fərdi evi, Bakıda üç mənzil, biri prezidentin hədiyyə verdiyi evdir, qardaşı Əliyə məxsus quşçuluq fabriki, təxmini dəyəri 1 milyon yarım manat. Dövlətin ayırdığı kreditlə alınmış un və çörək fabriki – 450 min, Əli Ələsgərova məxsus 300 min manatlıq fərdi ev 100 min manata satdırılıb və pul əlindən alınıb. Qaz və işıq idarələrinə qanunsuz istifadə adı altında 57 min manat cərimə yazdırılıb. Əli Ələsgərov üç gün polisdə saxlanılandan sonra 100 min manat pul alınıb buraxılıb. Qohumlara məxsus nəqliyyat vasitələri əllərindən alınıb, Haxçıvanda ümümi sahəsi 550 kvadrat metr olan dükanları sökülüb. Vəli Ələsgərova bir günün içində 650 min manat vergi borcu yazılıb. Bacısına məxsus 8 sot yarım torpaq sahəsi və dörd otaqlı mənzil əlindən alınıb. Digər bacısına məxsus dörd otaqlı ev və 4 sot yarım torpaq sahəsi əlindən alınıb. Bir günün içində 50-dən artıq yaxın və uzaq qohumları işdən azad edilib.
Belə çıxır ki, Azərbaycanın Konstitusiyası, qanunları Naxçıvanda işləmir. Martın 29-da o, ev dustaqlığına buraxılıb. Amma buna baxmayaraq, vaxtaşırı Dövlət Təhlükəsizlik Xidmətinin zirzəmisinə aparılır və orada olmazın işgəncələrə məruz qalır.
Nə qədər tələb etsəm də, təqsirləndirnilən şəxs qismində cəlbetmə və həbs–qətimkan tədbirinin seçilməsi barədə qərarların surəti mənə verilməyib.
İttihamın mahiyyətinə gəlincə, guya, işçilərin adlarına mükafatlar yazdırıb, sonra özü bir hissəsini mənimsəyib. Onu Eldar Mahmudovla əlaqələndirmək istəyirlər. Təbii ki, işlədiyi dövrdə Eldar Mahmudovla xidməti əlaqələri olub. O, 15 il nazir olub – 2002-ci ildən.
Hazırkı vəziyyətdə Naxçıvanda heç nəyi istisna etmirəm. Naxçıvanda qalacaqsa, onun fiziki məhvi də mümkündür, ailə üzvlərinə qarşı ən müxtəlif formalarda təzyiqlər də mümkündür, onun barəsində qətimkan tədbirinin dəyişdirilib yenidən həbs olunması da mümkündür.
Baş prokurora müraciət eləmişik ki, işin istintaqı zamanı şəxsə işgəncə verdiyi müəyyən edildikdə istintaqı aparan orqan dəyişdirilməsi üçün əsasdır. Vəli Ələsgərova da işgəncə verilməsi açıq–aşkardır. Ona görə də orada aparıla bilməz. Burada aidiyyəti üzrə prokurorluq orqanlarına verilməlidir. Əgər burada getməsə, işgəncə və təzyiqlərlə öz əleyhinə ifadə vermək tələb olunacaq.
Həbsin əsl səbəbinə gəlincə, burada hakimiyyətdaxili oyunlar gedir. Həmin oyunların nəticəsidir. Ola bilsin ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova, prezident İlham Əliyevə onun barəsində düzgün olmayan məlumatlar verilib. İşdən çıxarılmamışdan üç ay əvvəl general–leytenant rütbəsi alıb. Nə oldu, birdən birə onu həm vəzifədən uzaqlaşdırdılar, həm də cinayət məsuliyyətinə cəlb elədilər.
Onun milli təhlükəsizlik naziri təyin olunacağı barədə mətbuatda məlumat yayılmışdı. Məndə olan məlumata görə, onunla Bakıda müəyyən vəzifəyə təyin olunması barədə söhbətlər aparılıb. Bundan dərhal sonra da ona qarşı kampaniya başlanıb.
Vəkil Vəli Ələsgərovun nazir olduğu dövrdə Naxçıvan MTN–in yerli müxalifətçilərə, jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına qarşı qanunsuzluqlar etdiyi barədə sula da cavab verib:
Vəli Ələsgərovun hər hansı cinayəti varsa, qanuna uyğun şəkildə cavab verməlidir. Biz onun şəxsiyyətini müdafiə etmirik, hüquqlarını müdafiə edirik. İstəyirik ki, qanunvericiliyin tələbləri pozulmasın. Cinayət törədibsə, sübut eləsinlər. Bu gün vəzifədə olan səlahiyyətli şəxslər buna baxıb nəzərə almalıdılar ki, belə bir acı tale onları da gözləyə bilər. Ona görə də hamı qanuna əməl eləməlidir.
Buradan prezidentə və baş prokurora müraciət edirəm, Vəli Ələsgərova və ailəsinə qarşı işgəncələrə son qoyulması üçün müvafiq göstərişlər verilsin və obyektiv istintaq aparılması üçün cinayət işi Naxçıvan prokurorluğundan alınıb, Respublika Prokurorluğunun müvafiq idarələrindən birinə həvalə olunsun.
Mətbuat konfransında Vəli Ələsgərovun iki gün qabaq Naxçıvandan deportasiya olunan digər vəkili Tofiq Allahverdiyev də üzləşdikləri qanunsuzluqlardan danışıb:
Müqavilə bağladıqdan sonra Naxçıvana getdim. Aprelin 26-da təxminən 10 radələrində DTX–nın əməkdaşları Vəli müəllimi evindən çıxarıb DTX–ya apardılar. Mən qardaşı Əli Ələsgərovla birlikdə getdik DTX–ya. Təxminən saat yarım gözlədim. Pərviz Hüseynov çıxdı, etiraf etdi ki, həqiqətən buradadır, bu qurumda onun barəsində istintaq getmir, onu söhbət eləməyə gətirmişik, tezliklə qayıdacaq evə. Mənə də dedi ki, burada sizin vəkilliyinizə ehtiyac yoxdur, bizim öz vəkillərimiz var.
Məni aeroporta gətirib təyyarə qalxana qədər nəzarət altında saxladılar. Dünən bununla bağlı Baş Prokurorluğun qaynar xəttinə müraciət etmişəm, orderimin surətini Naxçıvan prokurorluğuna göndərmişəm.