Hikmət Hacızadə: «Ermənistanın Rusiyaya qarşı bu təpkisi bir müddətdən sonra bitəcək»
Aprelin əvvəlində cəbhədə atəşkəsin pozulmasından sonra ağır itkilərə uğrayaraq geri çəkilən Ermənistan uğursuzluqlara görə Rusiyanı günahkar sayır. Son zamanlar Ermənistanı bürüyən anti-Rusiya aksiyaları, siyasətçilərin və rəsmilərin dilindən Kremlə yönələn ittihamlar təsadüfi deyil. Lavrovun Yerevana son səfəri zamanı üzləşdiyi münasibət də əlaqələrdəki gərginlikdən xəbər verir.
Amma bu yerdə bir məqamı vurğulamaq yerinə düşər. Azərbaycanın 20 faiz ərazilərinin hələ də işğal altında qalmasına görə Ermənistan Rusiyaya borclu olmalıdır. Elə bu torpaqların işğal edilməsində də Ermənistana aktiv şəkildə məhz Rusiya yardımçı olub. Rusiya hələ də Ermənistanı pulsuz şəkildə müasir silahlarla təhciz etməkdədir.
Apreldə baş verən döyüşlər bir daha sübut etdi ki, Rusiya olmasa, Qarabağ probleminin həlli xeyli asanlaşar. Bundan başqa Azərbaycan ordusunun gücü torpaqları hərbi yolla azad etməyə də yetərlidir. Amma burada da Rusiya faktoru özünü göstərir. Geri çəkilən Ermənistan ordusunu xilas edən və atəşkəs təklifi ilə çıxış edən də məhz Rusiya oldu. Belə olan təqdirdə hazırda Ermənistanda yaşananlar nəyin görsənişidir? Həqiqətənmi Rusiyanın sadiq vasallı Ermənistan ondan imtina etmək niyyətindədir?
Politoloq Hikmət Hacızadənin fikrincə, Ermənistanın bu cür davranışları müvvəqəti xarakter daşıyır: “Ermənistanın Rusiyaya qarşı hazırkı təpkisi şüursuz, emosional bir yanaşmadır. Qarabağı Ermənistana ruslar verib. Sadəcə olaraq apreldə Ermənistanın itkiləri çox oldu. Bütün bunlar onlara ciddi təsir edir. Ona görə günahkar axtarışındadır. Ermənilər özünü günahkar bilmir və rusları günahkar çıxarmağa çalışırlar. Düşünürəm ki, Ermənistanın Rusiyaya qarşı bu təpkisi bir müddətdən sonra bitəcək”.
H.Hacızadənin sözlərinə görə, Rusiya Ermənistana dəstəyi dayandırarsa, Qarabağ probleminin həllinin mümkünlüyü arta bilər: “Amma Rusiya bu addımı atmazdan əvvəl Azərbaycandan müəyyən güzəştlər istəyəcək. Əslində apreldə baş verən döyüşlər bəzi realıqları çılpaqlığı ilə göstərdi. Bəlli oldu ki, Rusiya olmasa bizim ordu Ermənistan ordusu üzərində qətiyyətli qələbə qazana bilər. Bu əsas nəticələrdən biridir. Ermənistan artıq bu reallığı anladı”.
Xəyal