Ailəsi Zaur Aslanovun «Əl-Qaidə»yə üzv olmasından xəbərsizdir
Üç ildir yoxa çıxan «terrorçu»nun ailə dramı «Azadlıq»da
Pakistan ordusunun keçirdiyi əməliyyat zamanı 6 “əl-Qaidə” yaraqlısının öldürüldüyü və həmin şəxslərdən birinin üstündə 1981-ci ildə Sumqayıtda anadan olmuş Zaur Əlövsət oğlu Aslanova məxsus pasport, flaş kart, sənədlər və foto şəkillər tapıldığı barədə mediada məlumat yayıldı və geniş müzakirə mövzusuna çevrildi. Məlumatda deyilirdi ki, Zaur Aslanov “əl-Qaidə”nin nüfuzlu komandirlərindən olub, Əfqanıstanla sərhəd bölgələrdə Pakistan təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı hücumlar təşkil edib.
Zaur kiçik oğlunu görmədi
Zaurun qardaşı, 1980-ci il təvəllüdlü Rüstəm Aslanov yayılan məlumata inanmır. O deyir ki, qardaşı 2009-cu il martın 25-də evdən çıxıb və geri qayıtmayıb. Zaurun sonuncu iş yeri “Barmek” olub. Oradan çıxana qədər namaz qılmayıb.
“Bizim nəslimizdə – nə ata, nə də ana tərəfdən dindar var. Namaza başlayanda sevindik” – deyir Rüstəm.
Valideynləri övladları uşaq ikən ayrılıblar. Anasının himayəsində qalan iki övlad Sumqayıtdakı internat məktəbinə gediblər.
Rüstəmin sözlərinə görə, indiki ünvanda 1988-ci ildən yaşayırlar: “Valideynlərimiz ayrılandan sonra anamız ailə vəziyyəti ilə əlaqədar bizi ərəb-fars dili təmayüllü internata oxumağa qoymuşdu. Əslində oranın adı ərəb-fars dili təmayüllüdür. Orada ərəb-fars dilindən əsər-əlamət yoxdur. 6-7-ci sinifdə oxuyanda iki qardaş Sumqayıt bazarında xırda alverlə məşğul olub anamıza kömək edirdik. Sonralar da Zaur restoranlarda işləyib evə kömək edirdi. 1998-ci ildə mən hərbi xidmətdə olanda Zaur ailə qurub. Üç oğlu var. Üçüncü oğlu o artıq itəndən sonra anadan olub, Zaur həmin uşağın üzünü də görməyib”.
Pul yoxdur!
Zauru sonuncu dəfə ailə üzvləri 2009-cu il martın 25-də görüblər. Ondan sonra heç bir xəbər-ətər olmayıb. Dörd-beş dəfə etdiyi zəngi və sonuncu bəd xəbəri çıxmaq şərti ilə. Onun yoxa çıxmasından 8-9 ay sonra qardaşı Sumqayıt Şəhər Polis Idarəsinin 4-cü polis bölməsinə məlumat verir. Zaur axtarışa veriləndən 5-6 ay sonra həyat yoldaşına zəng edib Türkiyədə hansısa gəmidə elektrik işlədiyini söyləyir. Onu da əlavə edib ki, imkanı olan kimi pu
l göndərəcək. Ancaq getdiyi müddətdən bircə dəfə də olsa ailəsinə pul göndərməyib. Gizli nömrədən zəng edir və qısa danışırdı. Bundan sonra qardaşı polisə məlumat verir. Yalnız bir şey məlum olur ki, Zaur həqiqətən Türkiyədədir. Və bununla da işə xitam verilir.
Məşhədə qəfil səfər
Zaur evi tərk etməzdən öncə Irana Məşhədə ziyarətə gedib: “Qardaşım Məşhədə gedəndən 6 ay sonra yoxa çıxdı. Məşhədə də qəfil getmişdi. Ordan da zəng eləmişdi. Türkiyəyə də elə gedib. Pulu haradan tapıb, bilmirik. O bir qədər qapalı idi. Biz onun Məşhəddə olmasını oradakı səfirliyimizdən zəng edəndə bilmişdik. Zəng edib sənədlərini itirdiyini söylədi. Biz də şəxsiyyət vəsiqəsinin surətini oradakı səfirliyə yolladıq. Soruşanda ora tək getdiyini dedi. Işdən çıxandan sonra bütün günü evdə olurdu. Heç kimlə, hətta məhəllə uşaqları ilə də oturub durmurdu. Özü namaz qılsa da, ailə üzvlərini namaz qılmağa məcbur etmirdi”.
Indiyə qədər onun dostlarından, saqqallı, balağı qısa adamlardan heç kim evə gəlməyib: “Zaur ölkəni tərk edəndən sonra kimsə onu axtarıb eləməyib. Tanıdığım iş yoldaşları arasında namaz qılan olsa da, vəhhabi olmayıb”.
Zauru əsəbiləşdirən sual
Rüstəm Aslanov qardaşı xəstə olduğundan hərbi xidmətə aparılmadığını deyir: “Hərbi komissarlıqda müayinə olunanda ciyərində ləkə tapıldığı üçün onu əsgər aparmadılar. Hər 3 ildən bir gedib həkim müayinəsindən keçirdi”.
Rüstəm Zaurla bağlı maraqlı bir detala diqqət yetirir. Günlərin birində telekanallarda vətənpərvərliklə bağlı veriliş gedirmiş. Aparıcı da “əsgərlikdə olmaq şərəfli işdir” taftalogiyasını deyirmiş. Böyük oğlu (hazırda 6-cı sınifdə oxuyur – R.D.) Samir atasından əsgərliyə getmədiyinin səbəbini soruşur. Bu sualdan əsəbiləşən Zaur hərbi komissarlıqda dava salır ki, niyə onu hərbi xidmətə aparmayıblar. Burada olan zamanlarda əlinə silah dəyməyib.
Hökumət kömək edərsə…
Zaurun Pakistanda öldürülməsi xəbərini ailə üzvləri televiziyalardan eşidiblər. Anası ağır xəstədir. Dost-tanış hamı inanıb ki, Zaur artıq bu dünayada yoxdur.
“Biz Pakistan məsələsini eşidəndə heç birimiz buna inanmadıq. Gedib internet-klubdan ayrı-ayrı saytlara baxdım. Orda yazırlar ki, Zaurun üstündən ”flaşka” tapılıb. O burada olanda kompüterdən anlayışı yox idi.
Bu adam yazıb-oxuya bilmir. Onun meyitinin şəkli də yoxdur. Ümidliyik ki, deyilən şəxs qardaşım deyil. Ola bilər ki, Zaur sənədlərini itirib, kimsə də tapıb. Dövlət orqanlarının bizə bir rəsmi məlumat verməsini gözləyirik. Deyirlər guya meyit Pakistan dövlətindədir. Ora getməyə imkanım yoxdur. Özümün 3 uşağımla yanaşı onun da 3 uşağına, xəstə anama baxıram. Lap təsdiqlənsə ki, Pakistanda öldürülən Zaurdur, mənim onun meyitini bura gətirməyə heç cür imkanım yoxdur. Ancaq hökumət bu işdə bizə kömək etsə, onun meyitini gətirə bilərik. Satmağa heç nəyimiz yoxdur, hətta evimizi satsaq belə, bu mümkün deyil”.
Ziddiyyət
“Zaur Aslanov Iran üzərindən Pakistana keçib. Onun pasportunda Iran səfirliyinin vizası olub. Viza 2009-cu il martın 2-də iki ay qüvvədə olmaq şərti ilə verilib. Sənədlərdən məlum olub ki, azərbaycanlı yaraqlı 2009-cu il martın 26-da Iranın Gilan əyalətinin Astara şəhərinə daxil olub, daha sonra oradan yoxa çıxıb. Ehtimal edilir ki, Z.Aslanov oradan Əfqanıstana, daha sonra Pakistan ərazisinə keçib” – bu məlumat isə mətbuatda qeyd edilib. Rüstəm bu fikirlə razılaşmayıb. O bir daha qeyd etdi ki, qardaşı martın 25-də yoxa çıxıb.
Cavabsız suallar…
Qardaşının “əl-Qaidə”yə qoşulmasını yalnız bir halda mümkün hesab edir. Onun sözlərinə görə, Zauru bu işə qoşublar: “Axı, burada olanda əlinə silah dəyməyib. Onun Türkiyədə olması təsdiqlənib. Yəqin ki, orada iş axtaran zaman, pula ehtiyacı olduğunu görüblər. Başqa bir adla onu Pakistana aparıblar. Işin maraqlı tərəfi odur ki, bircə dəfə də olsun evə pul göndərməyib”.
Rüstəm haqlı olaraq bizə bir neçə sual ünvanladı “Zaur üç il ərzində böyük bir yolu necə qət edə bilər? Şiəlikdən imtina edib, “əl-Qaidə”yə qoşulub onların etimadını qazanandan sonra komandir statusuna yüksəlməlidir”. Bu necə mümkün olur?
Rüstəmin verdiyi haqlı sualların qarşısında aciz duruma düşürük.
Ancaq bu suallara aidiyyəti qurumlar aydınlıq gətirməlidir, biz yox…
Ramin DEKO