Türkiyə telekanalının Azərbaycanda yayımı niyə yasaqlanıb?
Milli Televiziya və Radio Şurasının (MTRŞ) ölkədə fəaliyyət göstərən kabel televiziyalarına “Kanal D” telekanalının yayımının dayandırılması haqqında göstəriş verib. Bu barədə Musavat.com-a “Nar CityNet” şirkətindən bildiriblər.
Azərbaycan tamaşaçıları arasında populyar olan “Kanal D” telekanalının yayımını əksər kabel televiziyalarında təxminən iki ay əvvəl dayandırılmışdı. “MTN işi” ilə bağlı həbs olunan BTRIB-in sabiq rəisi Beytulla Hüseynova məxsus olan “CityNet” provayderi isə “Kanal D”nin yayımını davam etdirirdi. Bir müddət əvvəl satılıb. “CityNet” “Nar” mobil operatoruna satıldıqdan və “Nar CityNet” adlandırıldıqdan sonra provayderin yayım siyasətində dəyişiklik edilib. Baszar ertəsindən etibarən abunəçilərə heç bir xəbərdarlıq edilmədən “Kanal D”nin yayımı dayandırılıb.
“Nar CityNet”dən bildirilib ki, MTRŞ “Kanal D”nin yayımına icazə vermir: “Biz sona qədər ”Kanal D”ni saxlamağa çalışdıq. Lakin iki ay müqavimət göstərə bildik. Nəhayət, aprelin 25-dən yayımı dayandırmalı olduq. Çünki, MTRŞ bunu bizdən tələb edir”.
“Türkiyənin ”Kanal D” telekanalının kabel şəbəkəsi yayımçılarının yayımladığı xarici telekanalların siyahısına daxil edilməməyində xüsusi məqsəd yoxdur”.
Bunu isə APA-ya Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov mətbuatda MTRŞ tərəfindən kabel şəbəkəsi yayımçılarına “Kanal D” telekanalının yayımının dayandırılması haqqında göstəriş verilməsi haqda yazılanlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ötən il MTRŞ Azərbaycanda retranslyasiya olunacaq xarici telekanalların siyahısını təsdiqləyib. Lisenziyanın qayda və şərtlərinə uyğun olaraq, kabel şəbəkəsi yayımçıları həmin siyahıda qeyd edilmiş telekanalları retranslyasiya etmək hüququna malikdir: “Biz Türkiyənin bütün telekanallarını retranslyasiya etmək məcburiyyətində deyilik. Əvvəllər kabel şəbəkəsi yayımçıları 300-ə yaxın xarici telekanalı retranslyasiya edirdi ki, bu da keyfiyyətə təsir edirdi. Vətəndaş seçim edə bilmirdi. Şura keçən il kabel şəbəkəsi yayımçıları üçün 200-dən artıq xarici telekanalın siyahısı təsdiqlədi. Bu 200-dən artıq telekanaldan kabel şəbəkəsi yayımçıları 100-nü seçib yayımlaya bilər”.
Toğrul Məmmədov qeyd edib ki, teleradio yayımı üzrə xüsusi razılığa (lisenziyaya) malik olmayan əcnəbi telekanalların retranslyasiyası həyata keçirilə bilməz: “Reklamın yayımı ilə bağlı qanunvericilikdə nəzərdə tələblərə cavab verən, xüsusi razılıq (lisenziya) almış digər əcnəbi telekanalların retranslyasiyası məsələsinə gələcəkdə baxıla bilər”.
“Kanal D” telekanalı “Doğan” media qrupuna daxildir və məşhur iş adamı Aydın Doğana məxsusdur. Bir müddət əvvəl bu kanalda Azərbaycan hakimiyyəti barədə tənqidi süjet getmişdi. Buna cavab olaraq hökumətyönlü “Kaspi” qəzetində “Kanal D”ni tənqid atəşinə tutan məqalə dərc olunmuşdu.