Yaxud, «kələklə gələn, küləklə gedər» həqiqəti
Son günlərin əsas müzakirə mövzularından biri də “Metropoliten”in keçmiş şefi, YAP Yasamal təşkilatının hazırki sədri Tağı Əhmədovun MTN generalı tərəfindən soyulmasıdır. Belə ki, MTN işinə görə həbs olunan və müxtəlif cinayətlərdə ittiham edilən Akif Çovdarov Tağı Əhmədovdan təzyiq vasitəsilə 3 milyon manat pul alıb.
Tağı Əhmədov A.Çovdarovun cinayətkar əməllərindən şikayət edərək bildirib ki, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olub. Məlumata görə Tağı Əhmədov şikayətində göstərib ki, Çovdarov onu şantaj edib və həbslə hədələyib, habelə bütün yaxın qohumlarına, o cümlədən Nizami rayon məhkəməsində hakim işləyən kürəkəninə qarşı repressiv addımlar atacağını bildirib.
Əslində bu hadisədə xeyli diqqət çəkən məqamlar və cavab verilməli olan suallar var.
Birincisi, bir daha təsdiqlənir ki, milli təhlükəsizliyə zəmanət verməli olan qurum, milli təhlükəyə çevrilibmiş. Bu qurumun başında duranlar nəinki sadə vətəndaşı, sahibkarı, yüksək vəzifə tutan şəxsləri də sıradan çıxarmaqda, hədələmkdə tərəddüd etmirmiş. Göründüyü kim MTN faktiki olaraq heç kimdən çəkinməyən, arxayınçılıqla cinayətlər törədən bir struktur imiş. Bəli, bu adamlar pula görə təmsil olunduqları komandanın üzvlərini də şantaj edirmişlər, bunlar üçün heç bir müqəddəs dəyər yox imiş. YAP hakimiyyətinin “analoqsuzluğu” bir daha özünü göstərir. Eldar Mahmudovun hələ də azadlıqda gəzməsi isə tarixdə təkrarı görünməyən hadisədir.
Ikincisi, sual meydana çıxır ki, Tağı Əhmədov bu qədər pulu hardan alıb. Yeraltı dünyaya rəhbərlik etmiş adamın yerüstü dünyaya necə milyonlar daşıdığı aydınlaşmalıdır. Jurnalistlərə “ə bir-bir” deyən Tağı müəllimin 3 milyon manatı rahatlıqla Akif Çovdarova verməsi də müəmmalı görününr. Görəsən, Tağı müəllim Akif Çovdarova niyə “bir-bir” deyə bilməyib? Bu adamın hansı günahı, qanunsuz əməlləri var imiş ki, Akif Çovdarov onu şantaj edə bilib? Axı, Tağı Əhmədov sıradan biri deyil və onu heç bir əsas olmadan həbslə hədələmək absurd görünür. Deməli, Akif Çovdarov Tağı müəllimin daha çox pulu olduğunu və hansı yollarla qazandığın bilirmiş ki, rahatlıqla 3 milyon tələb edə bilib.
Üçüncüsü, Tağı Əhmədov mühüm vəzifə tutur, YAP-ın Siyasi Şurasında təmsil olunur. Necə olur ki, bu adam hüquq mühafizə orqanlarına müraciət etmir, məsələni ictimailəşdirmir, prezidentin qəbuluna çıxmır? Deməli, Tağı müəllim suç üstündə yaxalanıb və nala-mıxa vura bilməyib. Başqa bir tərəfdən Tağı Əhmədov cinayəti bilib xəbər vermədiyinə görə də məsuliyyət daşıyır. Hakim partiyada təmsil olunan adam dövlətin əsas strukturunun cinayət yuvasına çevrilməsinə seyrçi qalmamalıydı. Akif Çovdarov cinayətkardı və hər bir əməlinə görə cavab verməlidir. Belə adamlar cəmiyyət üçün təhlükəlidir və ən ağır cəzaya məhkum edilməlidi. Amma görünən budur ki, Tağı Əhmədov da süddən çıxmış ağ qaşıq deyil və o da əməllərinə görə cavab verməlidir.
Istənilən halda hər kəs əməllərinin qarşılığını alır. Tağı Əhmədov onsuz da ağır vəziyyətə olan, əməkdaşlarının aylarla maaş almadığı “Azadlıq” qəzetini məhkəməyə verib, 30 min manat cərimələtdi. Təbii ki, Tağı Əhmədov bu ölkədə müstəqil məhkəmənin olmadığını, hökumətin “Azadlıq” qəzetinə münasibətini bilirdi və bundan yararlandı. Amma zalımın zülmü varsa, yetimin də Allahı var. Tağı Əhmədov 30 min manatın 100 mislini quldurlara ödəməli oldu. Nə güvəndiyi məhkəmə, nə də təmsil olunduğu hökumət bu soyğunçuluğun qarşısını ala bilmədi.
Ey Tağı müəllim, azadlıqların olmadığı ölkədə “Azadlıq”ın 30 min manatını mənimsəmək adamı sığortalamır. Biz, “növbəti stansiya”ya keçə bildik və hələ də “qatar”ımız hərəkət edir. Sizi isə həm tarix stansiyada saxlayıb, həm də Çovdarovlar “bilet”inizi əlinizidən alıb. Tağı müəllim, “kələklə gələn, küləklə gedər” deyiblər və düz də deyiblər.
Etiraf edin, o 3 milyonu hardan almışdınız?