Ekspertlər Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarını şərh etdilər
Pensiyaçılara kreditlərin dayandırılması barədə tövsiyyə onların sosial vəziyyətini nəzərə alaraq edilib. Bu barədə fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib. Palatadan bildirilib ki, Azərbaycanda pensiyaçılara verilən kreditlərin verilməsi və onun nəticələri barədə məsələ, MBNP-nin rəhbəri Rüfət Aslanlı ilə bank rəhbərlərinin görüşündə müzakirə edilib.
“Bu gün kreditlərin onların (pensiyaçıların – fins.az) sosial vəziyətinə təsiri nəzərə alınaraq, banklara tövsiyə olunub ki, pensiyaçılara kreditləri bir müddət dayandırsınlar”. Başqa sözlə Palatadan bildirilib ki, söhbət qadağadan yox, tövsiyədən gedir. “Yaxın günlərlə bununla bağlı daha geniş açıqlama veriləcək”- deyə qurumdan bildiriblər.
Palatanın qəbul etdiyi qərar cəmiyyət tərəfindən sərt qarşılanaraq, bir sıra suallar doğurub. Çünki bununla banklara daha bir zərbə vurulmuş olur. Bankların pensiyaçılara kreditləri dayandırması bazara da təsirsiz ötüşməyəcək və alıcılıq qabiliyyəti bir qədər də aşağı düşəcək.
Məhəmməd Talıblı: “Pensiyaçı krediti pensiyasının istehlak səbəti üçün yetərli olmamasından götürür”
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bu addımın atılması artmaqda olan problemli kreditlərin yumşaldılması və eyni zamanda onun ağırlaşmasının səbəbi kimi dəyərləndirilməlidir: “Problemli kreditlər 900 mln manatdan 1,4 milyard manata qədər yüksəlib. Qeydə alınmayan problemli kreditləri də nəzərə alanda daha böyük bir vəsaitin geriyə dönüşünün olmaması meydana çıxır. Amma gəlin, düşünək görək problemli kreditlərin əsas səbəbi kimi pensiyaçıların götürdükləri istehlak kreitləridirmi? Əlbətdə, xeyr! Pensiyaçı krediti ona görə götürür ki, onun aldığı pensiyanın həcmi minimum istehlak səbəti üçün yetərli olmur. Onun xəstəliyi ilə bağlı aldığı dərmanı və ya daha vacib xərcləri üçün son ünvan istehlak kreditlərini görür. Çünki, ölkədə səmərəli sosial təminat sistemi formalaşmayıb”.
M.Talıblının sözlərinə görə, aztəminatlı sosial qrup olan pensiyaçılar daim kənar mənbələr olmadan yaşamağı mümkünsüz edilib. Onlar ya övladlarının köməyi ilə yaşayırlar, yaxud biofizioloji ehtiyaclarını müxtəlif yollarla əldə edirlər: “Bizdə istehlak kreditlərini daha çox kimlər götürür? Təbii ki, aztəminatlı və həssas sosial qruplar! Əgər istehlak kreditləri varlı təbəqə üçün nəzərdə tutularsa, onda heç zaman bu qədər istehlak kreditlərinin protfeli böyüyə bilməyəcək. Təbii ki, bu vəziyyətdə dövlətin banklara təzyiq imkanı yoxdur ki, siz hansı zümrələr üçün kreditləri verin, və ya kimlər üçünsə verməyin. Buna mövcud bank qanunvericiliyi imkan vermir. Amma bu problemin dövlət tərəfindən tək yolu effektiv sosial müdafiə tədbirlərini gücləndirməkdən keçir. Sən vətəndaşına sahib çıx ki, o özünün minimal istehlakını aldığı pensiya ilə təmin etsin, lüks mal və xidmətlərin satın alması üçünsə, istehlak kreditini seçmək imkanı da qalsın”.
M.Talıblının fikrincə, bu addım həm də ondan xəbər verir ki, daim asılı yaşamağa məhkum edilmiş ahıl yaşlı insanlarımızın sosial hüquqları pozulur. Çünki, bu ölkədə dövlət qulluqçusu, hüquq-mühafizə orqanlarında çalışan digər vətəndaşlarının müxtəlif hüquqlardan faydalandığı kimi aztəminatlı həssas sosial qruplarda həmin hüquqlardan yararlanmalıdır: “Bu nə sosial baxımından hüquqpozma halıdır? Bununla bağlı qərar verən şəxslər onu bilməlidirlər ki, istehlak krediti elita üçün deyil, bəlkə də daha çox kasıblar üçündür. Pula ehtiyacı olmayanlara həmin maliyyə mənbələrinə çıxış imkanını genişləndirisiniz, pula ehtiyacı olanlara isə bütün qapıları bağlayırsınız. Bu nə bazar iqtisadiyyatının fəlsəfəsinə, nə də sosializm prinsiplərinə uyğun gəlir. Belə sosial qruplara qarşı məhdudlaşdırıcı tədbirləri artırmaqla heç bir ciddi addımlara nail olmaq mümkün olmayacaq”.
Qubad Ibadoğlu: “Daha bir absurd qərar”
“Maliyyə Bazarlarına Nəzarət Palatası absurd qərarlar verməklə məşğuldur”. Bu firkiləri tanınmış iqtisadçı Qubad Ibadoğlu səsləndirib. Iqtisadçı mövzu ilə bağlı facebookda yaydığı statusda daha sonra bunları qeyd edib: “Palata bu dəfə də pensiyaçılara qadağa qoydu. On səkkiz gün bundan əvvəl valyuta ilə kreditlərinin verilməsini 1 ay müddətinə dayandıran Maliyyə Bazarlarına Nəzarət Palatası indi də kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin qadağasına dair qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Iqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına, digər tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbə vura bilər.
Hesab edirəm ki, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yalnışdır. Birincisi, pensiyaçıların özləri fərqli kateqoriyayada (dövlət qulluqçuları, hərbiçilər və s.) müxtəlif səviyyədə təqaüd alırlar. Onlar arasında hətta bu gün işləyənlərin əmək haqlarından çox aylıq təqaüd alanlar da vardır. Ikincisi, pensiyaçılar arasında işləyənlər, təsərrüfatla və fərdi bizneslə məşğul olanlar da vardır ki, onların da ödəmə qabliyyətinə şübhə etməyə dəymir”.
Q.Ibadoğlunun sözlərinə görə, üçüncüsü, bəzi pensiyaçılar banklarda əmanətlərə malikdir, onlar depozitlərdən, əmlaklarını kirayə verməsindən və digər mənbələrdən də əlavə gəlirlərə malikdir. Nəhayət, hətta işləməyən və digər gəlirlərə malik olmayan pesniyaçıların yaşamaq hüququ konstitutsiyada təsbit olunub və onların da da borc vəsaitlərindən faydalanmaq hüququ vardır: “Pensiyaçılar üçün bir çox ölkələrdə hətta sosial kredit paketləri də təqdim olunur. Görəsən pensiyaçılara kredit verilməsini qadağan edən Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil alıdığı dövrdə ödəniş qabliyyəti ümumiyyətlə olmur”.
Samir Əliyev: “Qərar pensiyaların verilməsini həyata keçirən banklara zərər vuracaq”
Iqtisadçı Samir Əliyev bildirib ki, pensiyaçılara tətbiq edilən qadağa bütün banklara yox, bir neçə banka, xüsusilə də pensiyaların verilməsini həyata keçirən banka zərər vuracaq. Pensiyaçıların isə kreditə əlçatanlığını məhdudlaşdıracaq: “Əslində bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac var idi. Çünki aylıq pensiyası bir neçə yüz manat olan və riskli kateqoriyaya daxil olan pensiyaçılara uzun müddətə iri məbləğdə (15 min manata qədər) kreditin verilməsi təhlükəli idi. Əlbəttə pensiya kimi stabil olan və arxasında dövlət duran aylıq gəlir bu riskləri azaldır. Çünki pensiyaçının ixtisar olunmaq və ya iş yerinin bağlanması kimi riski yoxdur. Ən əsası isə vaxtlı-vaxtında bank hesabına oturur və bank onu problem çəkmədən hesabdan götürə bilir. Düzdür pensiyaçılardan kartı yığan banklar da var və bu qanunsuzdur. Burda yeganə təhlükə sağlamlıqla bağlıdır. O da aydındır ki, aylıq qazancını rəsmi təsdiq edə bilməyən ailə üzvləri üçün pensiyaçı ata-ana və ya baba-nənə kreditə çıxış imkanı idi. Indi bu imkan da bağlandı”.
Iqtisadçının fikrincə, palata pensiyaçılara verilən krediti məhdud da olsa bərpa etməlidir. S.Əliyevin sözlərinə görə, məhdudiyyət ilk növbədə kreditin məbləğində tətbiq edilməlidir: “Bu məbləğ ən çoxu 5 min manat ola bilər. Kreditin verilmə müddətini 1-2 ilə qədər azaltmaq olar. Üstəgəl, banklar da öz növbəsində digər müştərilərlə müqayisədə pensiyaçılara verilən kreditlərin illik faiz dərəcələrini aşağı salmalıdır”.
Xəyal