“Hiper” yunan sözü olub “yüksək”, aktivas isə “hərəkət və hərəkətli” deməkdir. Hiperaktivlik sözü də bu iki sözün birləsməsindən əmələ gəlib və aktiv, hərəkətli davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir.
Bu tip uşaqların aparıcı xüsusiyyətlərindən ətraf mühitlə münasibətlərdə çətinlikləri, aşağı özünüqiymətləndirmə müşahidə olunur. Hiperaktivlik və diqqət yayğınlığı sindromunu ilk dəfə 1845-ci ildə doktor Henrix Hoffman təsvir etmişdir. O, bunu 3 yaşlı oğlu üçün oxumağa kitab tapmayanda yazmağa başlamışdır. Nəticədə uşaqların xarakterlərini əks etdirən kitab – sakitləşə bilməyən Filipin hekayəsi ortaya çıxmışdır. Burada alman alimi Henrix Hoffman 1 saniyə belə sakit otura bilməyən, hərəkətli uşağı təsvir etmişdir. Həmin alim bu uşaqlara “Hərəkətli fil” adı vermişdir.
Hiperaktiv – diqqət əksikliyi və həddindən çox hərəkətlilik simptomlarını göstərən uşaqlara deyirik. Bu cür uşaqlarda diqqət yayınıqlıgı, davamlı həddindən cox hərəkətlilik, ətrafında olan uşaqlarla yola getməmək kimi problemlər meydana çıxır. Bu, bəzən kənardan tərbiyəsizlik kimi görünə bilər. Amma bu belə deyil. Bu problem məktəb dönəmində olan uşaqlarda daha çox görünür. Bu, qizlarda özünü diqqət əksikliyi , oğlanlarda isə həddindən çox hərəkətlilik formalarında göstərir. Hiperaktiv uşaqlarda ən böyük problem diqqətlərini bir işə cəmləyə və başladıqları işi sonuna qədər bitirə bilməməkdir. Belə uşaqlar həvəslə, həyəcanla başladıqları bir işi sonuna çatdırmamış başqa bir işə keçirlər. Onlarda əl, göz koordinasiyası zəif olur və bu da akademik biliklərə yiyəlanməkdə çətinlik yaradır.
Müəllim dərs başa salarkən bu cür uşaqlar ya xəyal qurarlar, ya da başqa bir işlə məşğul olarlar. Məsələn: qələmlə oynayarlar, partanın üstünü yazarlar, çantada qurdalanarlar, basqasının diqqətini dagıtmağa çalışarlar. Lövhədə yazılan yazını səhv köçürərlər. On dəqiqəyə həll olunan bir tapşırıgı bir saata tamamlaya bilməzlər. Dərs etməkdən heç xoşları gəməz, tapşırıqlarını səhv və yaxud yarımçıq edərlər. Bir sözlə bu tip uşaqlar dərslərində çox zəifdirlər. Ancaq bunun onların zəkasıyla heç bir əlaqəsi yoxdur. Hiperaktiv uşaqlar çox hərəkətlidirlər. Əlləri-ayaqları bir yerdə durmaz, daima bir hərəkətlilik içindədirlər. Bütün gün tullanıb düşər, dostlarını itələyər, divara dırmaşmağa çalışar, susmaq nədir biməzlər. Bir mövzudan digər mövzuya keçər, başqasının sözünün bitməsini gözləmədən sözlərini kəsərlər.
Qayda-qanuna tabe olmazlar. Edilməməsi lazım olan hərəkətləri bilərəkdən edirlər. Günahlarını boyunlarına alsalar da, səbəbini soruşduqda cavab verə bilməzlər. Məktəbə təmiz geyimdə gedər, qayıdanda isə üst-başları dağınıq və çirk içində qayıdarlar. Əşyaları səliqəsiz, otaqları dağınıq olar, hər gün bir əşya itirərlər. Gah gülərlər, gah aglarlar. Bu uşaqlarda belə bir xüsusiyyət də var ki, onlar olmayan bir əhvalatı sizə elə danışarlar ki, başlarına gəlmiş kimi. Normal uşaqlar edəcəkləri hərəkətin nəticəsini bilirlər. Əgər xoşagəlməz bir hərəkət olarsa, onu təkrarlamamağa çalışarlar. Ancaq hiperaktiv uşaqlar bunu sonunun yaxsı olmayacagını bilə-bilə eyni hərəkəti yenidən edərlər. Buna görə də onların təhlükəli davranışları çoxdur.
Hiperaktiv uşaqlar ancaq yanlış bir şey etdikləri zaman böyüklərin diqqətini çəkirlər. Bu səbəbdən də uşağınızı gözəl sözlər deyərək qucaqlayıb mükafatlandırmağınız, müsbət davranışları üçün kiçik hədiyyələr verməyiniz çox önəmlidir. Valideyn və digər ailə üzvləri, yoldaşları tərəfindən olan bu cür müsbət dəstək və sevgi uşağınızın özünü yaxşı hiss etməsini təmin edəcək. Bu uşaqlar üçün ən uyğun davranış forması onları cəzalandırmaq əvəzinə mükafatlandırmaqdır. Onlarla danışarkən mümkün qədər düz gözlərinə baxmaq, bəzən kürəyini və ya əlini tutaraq toxunmaq da yaxşı nəticə verir.
Məktəbdə uşaq lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura biləcəyi və xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır. Hiperaktiv uşaqlar bir müəllimi sevdilərsə, onu eşidəcək, dərslərini oxuyacaqlar, yox əgər sevmədilərsə, o zaman bir qədər çətin olacaq. Ona görə çalışaq ki, bu cür uşaqlara müəllimləri sevdirək. Sonda isə valideyinlərə demək istəyirəm ki, əgər övladınızda hiperaktivlik, diqqət yayınıqlığı kimi hallar müşahidə edirsinizsə, psixoloq dəstəyi almaqda fayda var.
Əlifba Tədris Mərkəzinin
baş psixoloqu
Əhmədova Alidə