xaqaniquzeyli@gmail.com
…Onun təhsil naziri təyin edilməsindən təxminən üç il keçir. Zənnimcə, bu müddət yetərlidir ki, hansısa müqayisələr aparaq, bu sahədə müsbət və ya mənfi dəyişikliklərin baş verdiyinə, ya da hər şeyin olduğu kimi qaldığına dair mülahizələr söyləyək.
Əslində bu mövzu haqda yazmaq fikrim yox idi, lakin bu yaxınlarda, nə qədər qəribə görünsə də, nə elmə, nə də təhsilə aidiyyəti olmayan və adını lap sonda açıqlayacağım kəsimdən nazirin ünvanına xoş sözlər eşitdim. Dedilər ki, Mikayıl müəllim bizi, sözün əsl mənasında xilas etdi. Mənə çox maraqlı gəldi və yazmağa qərar verdim. Əvvəlcə nazir haqda…
Yəqin ki, bir çoxlarınız fransız komik aktyoru Pyer Rişarın baş rolda çəkildiyi dünyaca məhşur “Qara çəkməli hündürboy sarışın” filminə baxmısınız. Filmin qısa süjet xətti belədir: Fransanın xarici kəşfiyyat şefi kabinetinə dinləmə aparatları yerləşdirib ona torba tikməyə başlayan müavini ilə haqq-hesab çəkməyə və eyni zamanda məzələnməyə qərar verir. Köməkçisinə göstəriş verir ki, sabah hava limanına mənim şəxsi super xəfiyyəm gələcək, onu qarşıla və mühafizəsi ilə məşğul ol. Əslində heç bir super xəfiyyə-filan gəlmirdi, məqsəd onu dinləyən müavini və ona sadiq olanları aşkar etmək idi. Şef onu Münhendən Parisə qayıdan təsadüfi bir skripkaçı ilə aldada bilir. Bütün gücünü ortaya qoyan müavin bu sadəlövhün hər addımını izləməyə başlayır və filmin sonuna qədər bu adi skripkaçını çox məharətlə maskalanmış superagent kimi izləyir. Bütün komanda onun hər addımında fövqəladə məharət tapmaqda “çətinlik” çəkmir. Onun hər adi hərəkəti belə analiz edilirdi.
Mikayıl Cabbarov da adi qoruq müdirliyindən nazir vəzifəsinə gətiriləndə, çoxları ona çox məharətlə maskalanmış təhsil xilaskarı kimi baxmağa başladı. Hətta uşaqlıq, orta məktəb, habelə bağça dostlarını(!) Təhsil nazirliyində yüksək vəzifələrə təyin edəndə belə bunu bir çoxları bəhrəsini sonra verəcək dahiyanə gediş kimi şərh edirdilər. Əlqərəz, hər kəs təhsil üçün olduqca nabələd olan yeni nazirdə arzu etdiyi cizgilər axtarıb tapdı və obrazlı desək, mif dövriyyəyə buraxıldı.
Mikayıl Cabbarov hətta nazir təyin ediləndən sonra belə özünü tam olaraq təhsilə vermədi. Sorağı gah Bakıda təşkil olunan retro avtomobil sərgisindən, gah da elmə və təhsilə heç bir aidiyyəti olmayan elit xarici qonaqların mənasız tədbirlərindən gəlirdi. Bəli, əziz oxucu, razılaşın ki, 50 il bundan qabaq istehsal olunan QAZ-21-lərə təhsilimiz arasında hansısa əlaqə haqda düşünmək üçün fövqəladə fantaziya lazımdır. Nə isə, gələk əsas məsələyə, adını sonda açıqlayacağım kəsimin Mikayıl Cabbarov “sevgi”sinə…
…Övladı orta məktəbdə oxuyan valideyn üçün 8 martın nə demək olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Mövzu həddindən artıq genişdir, hətta o qədər genişdir ki, gələcəkdə “təhsil və 8 mart”ı bir folklor nümunəsi kimi də araşdırmaq imkanımız olacaq. Sizə zarafat gəlməsin, artıq 25 ilə yaxındır bu təhsilimizdəki bu “ayin” təkmilləşir, YAP-çılar demiş, daima inkişaf edir.
Mən heç də xanım müəllimlərin əziz bayram münasibəti ilə təbrik edilməsinin əleyhinə deyiləm, amma nə yazıq ki, burada ənənəndən əsər-əlamət qalmayıb, loru dildə desək, təhsilin bu günü bazarı xatırladır. Məktəb direktorları artıq illərdir bu bayramda hədiyyəyə yox, nağd pula üstünlük verirlər.
Kiçik bir haşiyə ilə yazıma davam etmək istəyirəm – direktorun qadın və kişi olmasının məsələyə heç bir dəxli yoxdur. “8 mart” obrazlı desək, bayram olmaqdan çıxıb, ona məcburi vergi demək daha düzgün olardı, lap orta əsrlərdə olduğu kimi – biyar, töycü və s. verməlisən, vəssəlam.
Bayram haqda bu qədər, gələk əsas məsələyə, yəni Mikayıl Cabbarova dua edənlərə. Onların kimliyini açıqlayaq – parfümeriya alveri ilə məşğul olanlar…
Mikayıl müəllimin sayəsində bu kəsim illərdir sata bilmədiyi malları bir neçə günə satıb qurtarıblar.
Məsələ belə olub, deməli, nazir göstəriş verib ki, bu il 8 martda orta məktəblərdə pul söhbəti yığışdırılsın və hədiyyə ilə əvəz edilsin.
Iqtidarın “Mikayıl Cabbarov” fenomeni budur…