Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov növbəti dəfə baş prokuror Zakir Qaralova müraciət edib. Şəhid atası müraciətin bir surətini də KİV-lərə, o cümlədən “Azadlıq”a ünvanlayıb. Əli Hüseynov yazır: “Cənab baş prokuror təxminən 3 aydır ki, mən iki məmurun vəzifə səlahiyyətlərini aşması süründürməçilik etməsi və digər qanunsuz əməlləri barədə müvafiq qurumlara müraciət edirəm. Baş Prokurorluğa etdiyim müraciətdən sonra Yasamal Rayon Prokurorluğunda araşdırma başlandı. Lakin Yasamal Rayon Prokurorluğu rəsmi məktub göndərsə də, şikayətçi olduğum məmur – Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev ifadə vermək üçün prokurorluğa gəlməkdən imtina edir. 1 ay əvvəl isə Yasamal Rayon Prokurorluğundan mənə məktub gəlib ki, material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. 19.02. 2016-cı il tarixdə isə Bakı Şəhər Prokurorluğunun Rövşən Maqsudov adlı əməkdaşı tərəfindən mənə məktub gəlib ki, toplanmış material Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılması üçün Baş Prokurorluğa göndərilib. Bundan sonra isə bizə heç bir məlumat verilməyib. Bəlli deyil ki, bu iş hansı qurumdadır.
Cənab baş prokuror, mən sizi mərhum Heydər Əliyevin ruhuna and vermişdim ki, bu işə ədalətli baxılsın. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanması üçün göstəriş verəsiniz. Amma mən hələ bilmirəm ki, ümumiyyətlə bu iş hansı qurumda araşdırılır. Hansı müstəntiq bu işlə məşğuldur. Görünür, Şirzad Abdullayev bu işin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməsinə mane olur. Cənab baş prokuror, sizdən bir şəhid atası kimi xahiş edirəm ki, mənim müraciətimi, andımı nəzərə alaraq məsələnin ədalətli araşdırılmasını təmin edəsiniz”.