Baş nazirə yaxın qəzet hakim ailəyə ittihamlar yağdırdı
«Yeni Şəfəq»in Azərbaycan xalqını öyən, iqtidarını yerlə bir edən manşet yazısı «TRT-1»də oxundu
Türkiyənin “Yeni Şəfəq” qəzeti 17 yanvar sayında saxta erməni soyqırımı iddiası ilə bağlı Fransa Senatının gündəliyinə salınan anti-türk qanununa rəsmi Bakının susqun mövqeyini tənqid edən geniş məqalə dərc edib. Məqalə qəzetin manşetindən verilib. İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı birbaşa hədəf alan məqalə elə həmin gün rəsmi dövlət televiziyası «TRT-1»in səhər xəbərlər buraxılışında oxunaraq tamaşaçılara çatdırılıb.
Qeyd edək ki, «Albayraklar» qrupuna daxil olan «Yeni Şəfəq» qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınır. Qəzetin sahibinin böyük qardaşı Ərdoğanın qudası Sadiq Albayrakdır. O, uzun müddət «Yeni Şafak»ın köşə yazarı olub. Sonra oğlu Berata baş nazirin qızını alıb. İndi Berat Albayrak «Sabah-ATV» media qrupunun baş direktorudur. «Albayraklar» Ərdoğanın hələ bələdiyyə başkanı olduğu dönəmdən ən yaxın dəstəkçiləridir.
“Yeni Şəfəq”in məqaləsi « Azəri kardaş, sən hardasan?» adlanır. Məqaləni qısa ixtisarla Azərbaycan türkcəsinə uyğunlaşdıraraq təqdim edirik. (MƏQALƏNİN ORİJİNALI BURADA)
Tək millət, iki dövlət. Fransız qalan Əliyev (Türkiyədə “fransız qalmaq” ifadəsi ilə çaşqın vəziyyətə düşməyi təsvir edirlər – red.)
Ankara Ermənistanla əlaqələri normallaşdırma protokolunu Azərbaycanın etirazına görə ABŞ və Avropa Birliyi ilə üz-üzə qalmaq bahasına çöplüyə atdı, ancaq eyni qardaş rəftarını İlham Əliyevdən görə bilmədi. Fransada qəbul edilən «inkar» qanununa Bakının reaksiyasız qalması və birinci ledi Mehriban Əliyevanın Fransa dostluq qrupu başçılığını davam etdirməsi qardaşlığa kölgə saldı.
Fransa parlamentində keçən uydurma erməni soyqırımını inkar edənlərin cəza almasını nəzərdə tutan qanuna dost və qardaş ölkə Azərbaycanın reaksiyası yumşaq oldu. Siyasətçilər Azərbaycan xalqının keçmişdən bəri erməni iddiaları mövzusunda Türkiyənin yanında olduğunu, Azərbaycan hakimiyyətinin təpkisinin isə sadə vətəndaşların mövqeyindən zəif olduğunu söyləyirlər.
Azərilər təpkli, Əliyev susqun
BBP (Böyük Birlik Partiyası – red.) başqani Mustafa Destici azərbaycanlıların bu «məzar sükutundan» narahat olmalarına rəğmən Əliyev iqtidarınının hələ də reaksiyasız qalmasını tənqid edir. Destici belə deyir: «Soyqrım» layihəsi mövzusunda Azərbaycan xalqı Türkiyənin yanındadır və Fransaya qarşı nifrətini ortaya qoyur. Amma Azərbaycan rəhbərliyi xalqının fikrini əks etdirmir. Azərbaycan xalqı Türkiyənin öz maraqlarını düşündüyünü, Qarabağ məsələsində onun yanında olduğunu bilir. Azərbaycanlıları itirməməyə görə Ermənistanla sərhədləri açmadıq. Lakin Azərbaycan dövləti bunu görməməzlikdən gəlir. Ortaya mövqe qoyub, «Əgər Türkiyə əleyhinə Fransada qərar çıxsa, Fransaya təpki göstərməyimiz lazımdır» deyilməlidir, amma bu deyilmir”.
İki ölkə birgə hərəkət etməlidir
MHP (Milliyyətçi Hərəkat Partiyası- red.) başqanının yardımçısı Mustafa Ərdəm isə ermənilərin Qarabağ işğalı və Xocalı qanlı basqınına görə Azərbaycanın zərər çəkmiş bir ölkə olduğunu xatırladaraq, “Türkiyəni də məlum erməni layihəsi ilə zəlil etmək istəyirlər. Hər iki ölkənin tarixi dostluq və qardaşlığını daha da inkişaf etdirərək erməni məsələsində birgə hərəkət etməyə zərurət var” deyir. MHP Kayseri millət vəkili Yusuf Halaçoğlu isə Azərbaycan xalqının Türkiyənin yanında olduğunu, ancaq dövlət səviyyəsində bu ifadə edilmədiyi üçün Türkiyədə məsələnin yanlış anlaşıldığını bildirir.
Məsələ Azərbaycan üçün də vacibdir
Türkiyə-Azərbaycan parlementlərarası dostluq qrupunun başçısı Necdət Ünüvar da Türkiyə ilə Azərbaycan arasındakı siyasi və diplomatik əlaqələrin əhəmiyyətli olduğunu xatırladaraq deyir: «İnkar qanunu» Türkiyə qədər Azərbaycan üçün də əhəmiyyət daşıyır. Azərbaycan dövlət başçısı Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasında oturmasının eyni zamanda Türkiyənin də bu kürsüdə oturması anlamına gəldiyini demişdi. Əliyev başqa beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycanın Türkiyə ilə birlikdə hərəkət etmə meylində olduğunu bildirmişdi”.
Birinci xanım fransız dostu çıxdı
Fransanın « erməni » layihəsinə təpki verməyən Azərbaycan dövlət başçısı İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın fransızlarla yaxın dost olduğu ortaya çıxdı. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan-Fransa parlamentlər arası dostluq qrupundan istefa verməməsi iki ölkə arasındakı qardaşlıq duyğularına kölgə saldı.
Bakının davranışı səhvlərlə dolu
Beynəlxalq əlaqələr üzrə mütəxəssis prof. dr. Məsut Həqqi Caşin isə bildirir: “Əvvəlcə Azərbaycan rəhbərliyinin apardığı siyasətin səhvlərlə dolu olduğunu ifadə etmək lazımdır. Erməni soyqırımı məsələsi yalnız Türkiyənin məsələsi deyil, eyni zamanda Azərbaycanın da problemidir. Zənnimcə, bu vəziyyət Azərbaycanın xarici siyasətdəki gözləntilərindən qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin Rusiya ilə münasibətlərin pozulmasından çəkindiyi üçün belə bir mövqe sərgilədiyini düşünürəm”.
Əliyev qorxur
Selçuk Universitetinin əməkdaşı Bilal Akgün: “Azərbaycanın Fransaya təpkisinin zəifliyi İlham Əliyevin iqtidar qorxusundan qaynaqlanır. Əliyev ərəb baharının bir bənzərinin ölkəsində olacağından qorxur, buna görə Türkiyə ilə yaxınlaşmaqdan çəkinir. Azərbaycan Avropadakı səfirləri vasitəsilə Fransaya reaksiya verməliydi. Xüsusilə təbii ki, qaz və neft ticarəti mövzusunda iqtisadi təpki ortaya qoyula bilərdi”.
Türkiyə laqeyd qalmamışdı
Ankara «soyqırım» layihəsi qəbul edilərkən Fransa-Türkiyə siyasi əlaqələri qədər, Azərbaycan-Fransa əlaqələrinin də təsirlənə biləcəyini düşünərkən, azərbaycanlıların Fransaya qarşı mövqeyinin zəifliyindən çaşqınlıq yaşadı. Türkiyə daha əvvəl Ermənistanla bəzi razılaşma mətnləri imzalamış, ancaq Azərbaycanın duyduğu narahatlıqdan ötəri razılığı rəfə atmışdı.
Fransanın bu addımının uzun müddətə Azərbaycan-Fransa əlaqələrinə də mənfi təsir edəcəyini düşünən Ankara, Fransanın Dağlıq Qarabağ probleminin həlli üçün yaradılan Minsk Qrupunda Azərbaycanın gözləntilərini təmin edəcək addım atmamasını da buna bağlayır. Fransa Minsk Qrupunda iştirak etməsinə baxmayaraq, 1992-ci ildə Ermənistanın Xocalıda etdiyi qırğınları və Qarabağda yurdlarından köç etmək məcburiyyətində qalan Azərbaycan türklərinin problemlərini də görməməzlikdən gəldi. Fransa prezidenti Nikola Sarkozinin 6-8 oktyabrda Ermənistan, Gürcüstan və Azərbaycana səfərində də Azərbaycanı təhqir edən hadisələr yaşanmışdı. Sarkozi İrəvanda “Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu Fransadan daha yaxşı heç kim anlaya bilməz” demişdi. Sarkozinin Azərbaycan səfəri yalnız iki saat davam etmiş və Bakı səfəri bir çox sual işarəsini də ardında buraxmışdı. İrəvanda «Soyqırım abidəsi»ni ziyarət edən Fransa prezidenti Bakıda Şəhidlər Xiyabanına getməmişdi. Ankara bu səfər zamanı yaşananlara reaksiya vermişdi.
Ermənistan Fransanın Bacısı
Türkiyə-Azərbaycan əlaqələri qədər dərin və ortaq bir tarixi keçmişə sahib olan Fransa-Ermənistan əlaqələri haqqında Sarkozi “Ermənistan Fransanın bacısıdır” bənzətməsini etmişdi. Yaxın əlaqədəki iki ölkənin Türkiyəyə qarşı siyasi addımının Bakıda də reaksiya yaradacağı gözlənilərkən, Bakının diplomatik davranışı zəif oldu. Ankara Fransada gündəmə gələn «inkar» qanunu ilə əlaqədar Bakıdan qəti bir münasibət gözləyir.