Ankaradakı terrora görə daha 6 nəfər Şanlıurfada həbs edilib. Onları terrorda istifadə olunan avtomobillə əlaqədar saxlayıblar.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin avtomobilin Şanlıurfadakı avtosalondan alındığı məlum olub. Buna görə də həmin salonda əməliyyat həyata keçirilib və oranın 4 nəfər işçisi göz altına alınıb. Bundan bir qədər sonra isə daha 2 nəfər saxlanılıb.
Onlardan başqa kimliyi müəyyənləşmiş terrorçu canlı bombanın, yəni Səhər Çağla Dəmirin ailəsi də həbs olunub.
***
Martın 13-də Ankarada törədilən terrorun ardından Əskişəhər və İstanbulda PKK-ya qarşı həyata keçirilən bir əməliyyatda 14 nəfər saxlanılıb. Əskişəhər valisi Güngör Tuna bildirib ki, saxlanılanların Ankaradakı terrorla bağlılıqları araşdırılır.
***
Martın 13-də Ankarada törədilən terror nəticəsində ölənlərin sayı artır. Səhiyyə naziri Müəzzinoğlu martın 14-ü səhər saatlarında məlumat verib ki, xəstəxanalarda yaralılardan daha 3-ü dünyasını dəyişib və bununla da ölənlərin sayı 37-ə çatıb. 30 nəfər hadisə yerində ölüb ki, onlardan da 1-i dəqiq, 1-i isə böyük ehtimalla terroru törədənlərdir.
Bu arada terroru kimin törətdiyi haqda da məlumat yayılıb. Türkiyə mediası təhlükəsizlik orqanlarındakı adı açıqlanmayan mənbəyə istinadən xəbər verir ki, terroru törətmək üçün partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Meyitin parçalarından və barmaq izlərindən müəyyən etmək olub ki, bu, Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmirdir. O da bəlli olub ki, Çağla Dəmir 4 rəfiqəsi – Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə ilə birlikdə PKK-nın üzvü olmaq və onun təbliğatını aparmaq ittihamı ilə Balıkəsir Ağır Cəza Məhkəməsində mühakimə olunub.
Başqa bir məlumata görə, 24 yaşlı Səhər Çağla Kobanidə terror təlimi də keçib. Onun terrorçu-təlim düşərgəsində nə vaxt olduğu haqda məlumat verilmir, lakin düşərgədə çəkilmiş fotosu yayılıb.
Terrorla bağlı başqa təfərrüatlar da açıqlanıb. Bəlli olub ki, bomba yüklü maşın ağ rəngli BMW olub. Maşın hökumət binalarından birinə 100 metr məsafədəki Çevik Qüvvələr Polisinin olduğu məntəqəni hədəf alıb. Lakin üzləşdiyi maneə səbəbindən polis məntəqəsinə çata bilməyən terrorçular bəldiyyə avtobuslarının olduğu dayanacaqda avtomobili partladıblar. Partlayışın gücündən bir avtobus və 5 avtomobil tamam yanıb, ətrafdakı binalarda pəncərələrin şüşələri sınıb, yoldan ötən daha 20 avtomobilə zərər dəyib.
Məlumata görə, terrorçular polis məntəqəsinə doğru şütüyərkən şübhəli kimi diqqət çəkib və polislər avtomobili durdurmaq üçün havaya atəş açıb.