“Kredit götürüb cehiz, televizor, hətta telefon alıb qaytara bilməyənlər var”
Azərbaycanda biznes qurumları ilə banklar arasında çoxsaylı mübahisələr yaranmağa başlayıb. Manatın ucuzlaşması, iqtisadi aktivliyin aşağı düşməsi və şirkətlərin gəlirlərinin azalması şirkətlər arasında, eləcə də şirkətlərlə banklar arasında mübahisələrin sayını kəskin artırıb. İqtisadi məhkəmə proseslərində iştirak edən vəkillər bildirir ki, belə məhkəmə çəkişmələri 10 dəfədən çox artıb.
Kreditlərlə bağlı mübahisələrin 65-70 %-i vətəndaşlarla bağlıdır Vəkil Siracəddin Kərimov bildirib ki, banklarla bağlı əvvəllər il ərzində cəmi 10-15 müraciət edilirdisə, hazırda hər ay bu qədər məhkəmə müraciəti edilir. Vəkilin sözlərinə görə, kreditlərlə bağlı mübahisələrin 65-70 %-I istehlak kreditlərinin payına düşür: “Kredit götürüb cehiz, televizor, hətta telefon alıb qaytara bilməyənlər var. Evin bir küncündə qalan bu əşyalar isə sahibinə gəlir deyil, problem gətirib. Gəlirləri azalan əhali götürdükləri kreditləri qaytara bilmir”.
Devalvasiya tikinti şirkətlərini «vurub»
Məhkəmə müraciətlərinin 30 %-ni isə banklarla sahibkarlar arasındakı mübahisələr təşkil edir. Belə ki, manatın ucuzlaşmasından sonra şirkətlər dollarla olan kreditlərini qaytara bilmirlər. Xüsusilə də bu mübahisələr tikinti şirkətləri ilə bağlıdır. Məsələn, tikinti şirkətlərindən biri 2014-cü ildə məşhur banklardan birindən 5 il müddətinə 2 milyon dollar kredit götürüb. Əvvəlki məzənnə ilə 1,6 milyon manat idi. Və şirkət bu pulu asanlıqla qaytaracağını düşünürmüş. İndi isə bu məbləğ 3,1 milyon manat edir. Üstəlik, manatın devalvasiyasından sonra tikinti sektorunda da böhran yaranıb, evlər ucuzlaşıb. Evin bir kvadratmetrini 850 manatdan yüksək satmaq olmur. Bu isə cəmi 550 dollar edir. Belə olan halda şirkət kreditini qaytara bilmir”. Banklar isə vəziyyətdən çıxmaq üçün şirkətə cəmi 1 % endirim edir və ya kredit müddətini 6 aya kimi uzadır. Amma bu problemi qətiyyən həll eləmir.
İdxalla məşğul olan şirkətlər də kreditlərini ödəyə bilmir S.Kərimov bildirib ki, tikinti şirkətləri ilə yanaşı xaricdən müxtəlif məhsullar gətirən şirkətlər də ziyana uğrayıb: “ Belə ki, bu şirkətlər də kreditlərini bağlaya bilmirlər. Məsələn, Azərbaycana istilik sistemləri gətirən şirkətlərdən biri 1 milyon dollar kredit götürmüşdü. Malları xaricdən dollarla alan şirkət manatın devalvasiyasından sonra krediti ödəyə bilmirdi.”
Şirkətlər də bir-birinin borcunu qaytarmır
Problemli borcların qaytarılması xidmətindən banklarla yanaşı, ölkənin tikinti materialları istehsal edən şirkətləri də yararlanır. Kollektor fəaliyyəti ilə məşğul olan Pərviz Məmmədov deyir ki, tikinti şirkətləri devalvasiyadan əvvəl aldıqları malların pulunu vermək istəmirlər: «Məsələn, sement istehsalçısı var, şirkətlərə material verib, indi pulu ala bilmir. Bundan başqa, armatur, boya, lak kimi mallar var ki, onların da pulu ödənilməyib. Belə borclar bəzən bir bankın kredit portfelini üstələyir. Biz də həmin inşaat şirkətləri ilə hüquqi iş aparırıq, məhkəməyə veririk, əllərindəki avadanlıqlara həbs qoyulması yolu ilə borcları ödətdiririk».
Xarici şirkətlər Azərbaycandakı tərəfdaşlarından borcunu ala bilmir
Tikinti sahəsində fəaliyyət göstərən şirkətlər təkcə Azərbaycandakı tərəfdaşlarına problem yaratmayıb. Pərviz Məmmədovun sözlərinə görə, hazırda Ukrayna və Belorusdan olan şirkətlər Azərbaycandakı tərəfdaşlarına satdıqları texnikanın pulunu ala bilmir: “Devalvasiyadan sonra vəziyyət çətinləşib. Həmin texnikanın pulu da dollarla ödənilməlidir. Bu baxımdam çətinlik var. Biz də həmin şirkətlərdən məhkəmə yolu ilə borcu alırıq. Onların əmlakı, ofisləri var. Satıb ödəmək olur və belələri ilə işləmək daha asandır”. (fins.az)