İran dünyaölkələri ilə nüvə sazişindən sonra ilk dəfə olaraq Avropaya neft ixracına başlayıb.
Bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
İran neft nazirinin müavini Rokneddin Javadi deyib ki, bu, son beş ildə İrandan Avropaya ilk neft nəqlidir və ölkə iqtisadiyyatının tarixində yeni fəsil olacaq.
Nazir müavini bildirib ki, artıq bir neçə xarici tanker İran nefti ilə doldurularaq Avropa sahillərinə yola salınıb.
İran dünya gücləri ilə bağladığı nüvə sazişinin icrasından sonra dünya bazarına gündə 1 milyon barrel neft çıxarmağa hazırlaşır.
Qiymət düşsə də Tehran hasilatın artırılacağını deyir.
Qeyd edək ki, İran 2012-ci ildək gündə 2, 3 milyon barrel neft ixrac edirdi, amma həmin il ixrac 1 milyon barrelə düşmüşdü.
İranın hazırkı hasilatı gün ərzində 3, 1 milyon barreldir.
İran ötən ay bildirib ki, dünya bazarında neftin ucuzlaşmasına baxmayaraq bazardakı yerinin tam bərpa etmək üçün hasilatı artıracaq.
(azadliq.org)