Dövlət Neft Şirkətinin bu qədər vəsaiti hardandır?
Səkkiz milyarda yaxın xarici borcu olan, işçilərini lazımi şəraitlə təmin edə bilməyən SOCAR qalmaqala səbəb ola biləcək daha bir məlumatla gündəmə gəlib.
Türkiyə mətbuatının məlumatına görə, Türkiyədə yanacaqdoldurma sektoruna 2006-ci ildə addım atan və Petrol Ofisini 3 milyard dollara alan Avstriyanın OMV şirkəti 10 il sonra bazardan çıxır. OMV, Petrol Ofisini (PO) satışa çıxarıb və onun “elçiləri” arasında Azərbaycanın SOCAR və KOÇ-un Opet-i var.
Türkiyə bazarına ilk dəfə 2006-ci ildə Petrol Ofisinin (PO) 34%-ni 1 milyard dollara satın alaraq girən və daha sonrakı satın almalarla şirkətin hamısına 3 milyard dollara yaxın pul ödəyən Avstriyanın OMV şirkəti, PO-ya “satılır” lövhəsini asıb.
OMV bir neçə ildir ki, maliyyə içindədir.
Əslində bir müddətdir OMV-nin PO-nu satmağı planlaşdırdığı danışılırdı.
“Habertürk”un verdiyi məlumatlara görə, OMV-nin Vyanadakı baş ofisində isə iki şirkətin adı yüksək səslə danışılmağa başlanıb. Bu adlardan biri Koç Holdinqin də ortaqlığı olan sektorun önəmli oyunçularından OPET-dir. Digərinin isə, maye yanacaq satışı işində fəal bir şəkildə var olmaq istəyən Azərbaycanın SOCAR şirkəti olduğu bildirilir.
“SOCAR Türkiyə” şirkətinin Icraçı Direktoru Kənan Yavuz, “Bu məsələyə hazırda müsbət və ya mənfi cavab vermək istəmirəm. OMV-dən satış açıqlaması edilib. Hələ çox erkəndir. Bir neçə gün ərzində mövqeyimiz bəlli olacaq” – deyə bildirib.
OMV-nin PO-nu satma səbəbinin isə şirkətin içində olduğu maliyyə problemləri olduğu deyilir. Şirkətin keçmişdəki səhv sərmayə qoyuluşlarına diqqət çəkən analitiklər, “OMV neft emalı və satışı fəaliyyətlərindən çıxdı. Xüsusən, Şimal Dənizində çox bahalı neft sahələri aldı. Hətta ötən il Almaniyada zavod satıb onun puluna Norveçdən neft sahəsi alıb. Son dövrdə isə neft hasilatı işi həddindən artıq az gəlirli olub, neft emalı işi isə pul qazandırmağa başlayıb. Bu cür yanlış həmlələr şirkəti çətin vəziyyətə salıb” şərhini edirlər (Marja).
Maraqlıdır ki, bu məlumat hökumətin iki devalvasiyadan sonra üzləşdiyi maliyyə böhranından çıxmaq üçün beynəlxalq maliyyə institutlarından dörd milyard cəlb etməyə çalışdığı bir zamana təsadüf edir. SOCAR bu vəsaiti hardan əldə edəcək? Əgər şirkətin bu vəsaiti cəlb etmək imkanı varsa, nəyə görə ölkə iqtisadiyyatı üçün gərəkli maliyyə ayrılmır, əksinə, xarici ölkəyə investisiya yatırılmasına üstünlük verilir?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, SOCAR-ın maliyyə vəsaitinin olmamasıyla bağlı bilərəkdən əhali arasında yaradılan fikir yanlışdır. Bu fikrin illərdir SOCAR-da vəzifə tutan və maliyyə maxinasiyalarında ad çıxarmış adamların maraqlarına uyğun gəldiyini deyən N.Əliyev bildirdi ki, SOCAR neçə ildir ki, Azərbaycanın təbii sərvətlərini satmaqla məşğuldur: “Sərvətlərin satılmasından külli miqdarda vəsait əldə olunub. Artıq o başqa məsələdir ki, ARDNŞ əldə olunan gəlirlə bağlı gərəkən zamanda xalqa hesabat vermir. Ona görə düşünürəm ki, SOCAR tək və Türkiyədəki yanacaqdoldurma məntəqələrini deyil, ümumiyyətlə, çox ölkədə bu cür layihələr həyata keçirə bilər. SOCAR-ın istehsal etdiyi yanacağı, sürtkü yağlarını satmaq üçün müxtəlif bazarlar axtarması, şirkətin üzərinə düşən öhdəliklərin icrası baxımından başa düşüləndir. Amma Azərbaycanda məşğul əhalinin böyük əksəriyyətinin çalışdığı qeyri-neft sektorunun maliyyə vəsaitlərinə kəskin şəkildə ehtiyacı varkən, o maliyyə vəsaitlərini aparıb hər hansı xarici ölkədə yanacaqdoldurma məntəqələrinə yatırım etmək ağılsızlıqdır. Bunun izahı yoxdur”.
N.Əliyev daha bir məqama diqqət çəkdi. O bildirdi ki, hazırda yaşanan maliyyə böhranı üzündən hökumətin 4 milyard vəsait əldə etmək üçün müraciət etmədiyi təşkilat qalmadı. “Bir halda ki, dövlətə məxsus neft şirkətinin belə resursları var, o zaman şirkət xalqın maraqlarını göz önünə almalıdır. Dövlət Neft Şirkəti yalnız gəlir əldə etmək maraqlarından çıxış etməməlidir”, deyə N.Əliyev vurğuladı.
Hikmət