Xeyli müddət idi ki, şəhərə (Sumqayıt) çıxıb gəzmirdim. Yaxın tanışım mənə şəhərə çıxmağı təklif etdi, təklifini qəbul edib gəzintiyə çıxdıq. Gəzinti zamanı gənclik şəhərində ən çox diqqətimi çəkən devalvasiya üzündən bağlanılan və icarəyə verilən obyektlər idi. Nə az, nə çox, düz 20 obyekt. Devalvasiyadan qabaq bu boş obyektlər mağaza, bərbərxana, ofis, kafe və s. kimi fəaliyyət göstərirdi. Bu cür mənzərələri görəndə istər-istəməz fikrindən bu obyektləri işlədən insanlar və ailələri keçir. Görəsən indi necə dolanırlar?.. Bəlkə heç dolana bilmirlər? Bəlkə də iş yerlərinin bağlanması ilə neçə-neçə ailələr dağılıb? Təbii ki, bu cür sualları düşününcə istər-istəməz tüklərimiz biz-biz olur. Axı, hər kəsin başına belə hallar gələ bilər. Ən böyük sual isə odur ki, dövlət belə hallara necə laqeyd yanaşır…
Nə üçün qalstuklu deputatlar və icra başçıları iş yerlərinin kütləvi şəkildə bağlanmasına qarşı tədbirlər görmürlər? Ona görə ki, qara camaatın vəziyyəti arxalarıda hər cür imkanı olan qalstuklu “cənabların” vecinə də deyil. Halbuki onların ilk olaraq vəzifəsi vətəndaşlara xidmət etməkdir, parlamentdə deputat mandatı, icra hakimiyyətlərində isə yumşaq kürsü tutub xalqın sərvətini mənimsəyib, züryətləri üçün yüzminlərlə yaşıl kapital yığmaq deyil! Diqqətimi çəkən başqa məqam isə bir paltar mağazası oldu. Yanımdakı yoldaş içəri keçməyi təklif etdi və bildirdi ki, burada Avropadan gəlmə mallar var. Içəri keçdik, doğrudan da çeşid-çeşid paltarlar və ayaqqabılar var idi.
Lakin bir qədər sonra öyrəndik ki, bu paltarların hamısı “second hand”dir. Yəni müxtəlif ölkə vətəndaşlarının bir dəfə geyinib sonra isə vətəndaşların dolanışığı çətin olan dövlətlərə sədəqə kimi verdiyi və ya çox ucuz qiymətə satılan ikinci əl geyimlər. Paltarlar əsasən Avropanın bir çox ölkələrindəndi, hətta Kanadadan vardı. Doğrusu qiymətlər də çox münasib idi, hələ 25% endirim də var idi. Məsələn, 2 manatlıq köynək və ya T-shirt 1.5 manata almaq olardı və kifayət qədər zövqlü insanlar üçün seçimlər var. Hətta onu da öyrəndik ki, paltarlar yalnız kimyəvi təmizləmədən sonra satışa çıxarılır, yəni vətəndaşların gigiyenik baxımından narahatçılığına heç bir əsas yoxdur.
Çox da uzaq olmayan keçmişdə, daha doğrusu sovetlər dönəmində alverçilərə müsbət münasibət olmazdı və onlara sosializm cəmiyyətini içdən yeyən həşəratlar kimi baxardılar, hətta valideynlər övladlarına, müəllimlər şagird və tələbələrdə, partiya xadimləri isə gənc kommunistlər və məmurlarda bu cür tərbiyə aşılar və beynlərinə yeridərdilər. Buna da görə idi ki, onlar təqib və cəzalara məruz qalmamaq üçün alverləri ilə gizlincə məşğul olardılar. Lakin, necə deyərlər, dövr dəyişib, zəmanə dəyişib. Əslində isə dəyişən insanlar, onların tərbiyə, dəyər və dünyagörüşlərididir. Sözün düzü, şəxsən mən məsələyə vətəndaş mövqeyindən yanaşdıqda bu cür mağazaların olmasını alqışlayıram. Çünki minimum əmək haqqı 105, təqaüd isə 115 manat olan bir ölkədə bu cür yaxşı və sərfəli geyim mağazası tapmaq mümkün deyil.
Maddi durumu həddən artıq aşağı olan vətəndaşlarımızın belə mağazalardan özləri üçün nəsə ala bilmək şansları var. Belə mağazaların sayının çox olması qismən də olsa vətəndaşların ehtiyaclarını qarşılar, onlar da öz növbəsində Tanrıdan bu cür mağaza sahiblərinin canına dualar edər, və dərin minnətdarlığını bildirərlər. Ən azı ona görə ki, bu cür alverçilər – beznesmenlər soyğunçu məmurlar, deputatlar və icra başçıları kimi vicdanlarını və şəxsiyyətlərini satmayıblar. Həm öz bizneslərini yürüdürlər, həm də münasib qiymətlər çərçivəsində xalqa xidmət göstərirlər.
Nə yaxşı ki, az-çox milləti başa düşən biznesmenlər var. Digər tərəfdən isə bir milliyətçi olaraq çox böyük xəcalət və utanc keçirirəm, çünki Azərbaycan Respublikası kimi yeraltı-yerüstü sərvətləri olan ölkənin və super dinamik inkişafdan danışılan dövlətin vətəndaşlarının hansısa bir başqa dövlətin vətəndaşlarının başqalarının əşyalarına möhtac qalması, biabırçılıqdan başqa bir şey deyil. Təbii ki, mən burda vəziyyəti son dərəcə acınacaqlı olan qara camaatı və çörəkpulu qazanmaq istəyən biznesmenləri qətiyyən qınamıram (onları heç kəsin qınamağa haqqı yoxdur) çünki, kriminal həyata baş vurmamaq üçün nə qədər çətin də olsa, leqal yollarla hər kəs birtəhər dolanmalıdır.
Görəsən bahalı 5 ulduzlu hotellərə və turizm mərkəzinə sahib olan, Eurovision mahnı müsabiqəsi, I Avropa oyunları keçirmiş, eləcə də hələ Fomula 1, Islam Həmrəyliyi oyunları və digər beynəlxalq miqyaslı yarışlar keçirməyi qarşısına məqsəd qoyan dövlətin vətəndaşları nə üçün yuxarıda göstərdiyim miqdarda əmək haqqı və təqaüd alırlar, nə üçün dövlət vətəndaşların layiqli həyat səviyyəsini təmin edilməsinə laqeyd yanaşır? Axı Konstitusiyamızın 12 maddəsinin (Dövlətin ali məqsədi) I bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Avropa ölkələrində bu cür second hand mağazaları mövcuddur və onlar daha çox imiqrantlara xidmət göstərirlər. Hətta əksər hallarda vətənlərində müharibə və aclıq ucbatından qaçaraq Avropa ölkələrinin qaçqın düşərgələrinə pənah gətirən suriyalılar, liviyalılar, fələstinlilər, somalililər, əfqanlar və s. bu kimi zavallılara yardım olaraq pulsuz göndərilir.
Yola saldığımız 2015-ci ilin sentyabrında Avropa Şurası haqlı olaraq insan hüquq və azadlıqları kobud surətdə pozduğuna görə Azərbaycan hökumətinə xəbərdarlıq edib və siyasi məhbusların azadlığa buraxılmasını qəti şəkildə tələb, eyni zamanda iqtisadi və siyasi sanksiyalar tətbiq olunması ilə bağlı qərar verib. Buna cavab olaraq Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Zahid Oruc, Fəzail Ağamalı, Siyavuş Novruzov və digər “ağıllı” deputatlarımız AŞ-ın sanksiyalarına cavab kimi deyirlər ki, Qərb bizə paxıllıq edir, qərəzlidir, çünki dinamik inkişafımızı gözü götürmür. Görəsən necə dinamik inkişafdayıq ki, Avropa ölkələri vətəndaşları adlarını yuxarıda çəkdiyim millətlərlə bizi bir sıraya qoyaraq istifadə etdikləri paltarlarını göndərirlər.
Dinamik inkişafda olan dövlətə nə bu cür yardımlar olunmalı, nə də işlənmiş paltarlar gətirilərək ucuz qiymətə vətəndaşlara satılmalıdır. Görəsən dinamik inkişaf edən bir dövlət öz vətəndaşlarına (yenə də qətiyətlə qeyd edirəm ki, nə vətəndaşları nə də bu cür bizneslə məşğul olan insanlar qınanılası deyil) onun-bunun istifadə olunmuş paltarını geyinməyini necə özünə sığışdırır. Axı təbiətin bizə bəxş etdiyi 11 iqlimdən 9-nun məhz Azərbaycanda olması, eləcə də dünyada zənginliyi ilə məşhur olan bir ölkənin vətəndaşları ən azı ailəsini tam şəkildə dolandıra biləcəyi qədər maaş almağa, normal qidalanmağa, yaxşı geyinməyə, pulsuz təhsil (ümumiyyətlə, pullu təhsili təmamilə aradan qaldırmaq), pulsuz səhiyyə və s. sosial təminatlarla niyə təmin olunmamalıdır?!
Yeraltı-yerüstü sərvətləri olan Azərbaycan hökuməti yuxarıda qeyd etdiyim konstitusion borcu olaraq vətəndaşların layiqli həyat səviyyəsini təmin etsə, bizim vətəndaşlarımız, iqtisadi tənəzzül keçirən Yunanıstan və zəif iqtisadiyyatı olan, Albaniya, Makedoniya, Kosova, Çernoqoriya kimi ölkələrə ucuz qiymətə əşyalarını sata və ya yardım olaraq sədəqə verə bilər. Onsuz da türk millətimiz dünyada səxavəti və qonaqpərvərliyi ilə çox məşhurdur. Hakimiyyətin “analoqsuz” inkişafına baxmayaraq hazırda layiq olmadığımız acınacaqlı həyata məhkum olmuşuq! Tanrı millətimizi qorusun!