Ekspertlər ölkə başçısının keçirdiyi görüşlərdən dividentlə çıxmasını mümkünsüz sayır
Ölkə başçısı Ilham Əliyev “Münhen təhlükəsizlik konfransı” çərçivəsində bir sıra görüşlər keçirib. Bunlar arasında əsas diqqət çəkən Ilham Əliyevin ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre, Avropa Ittifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han və Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşü diqqət çəkib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Marsel Lettre ilə görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb.
Söhbət zamanı terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yohannes Han ilə görüşdə isə Azərbaycan ilə Avropa Ittifaqı arasında enerji əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.
Frank-Valter Ştaynmayerlə görüşə gəlincə, rəsmi məlumata görə, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edilib.
Münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından belə görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olunub. Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dövrdə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulanıb.
Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Bu üç görüşün diqqət çəkməsi Azərbaycan hakimiyyəti ilə ABŞ və Avropa arasında münasibətlərin gərgin olması ilə bağlıdır. 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkisində sonra Əliyev iqtidarı ilə ABŞ və Avropa arasında münasibətlər gərgin fazaya daxil olub. Qarşı tərəfin demokratiya çağırışları davam etdikcə münasibətlərdəki gərginlik daha kritik həddə çatıb. Rəsmi mətbuatda ABŞ və Avropanın ünvanına sərt ittihamların yer aldığı materiallar dərc edilib. Həmçinin hökumət nümayəndələri ABŞ və Avropanı sərt tənqid ediblər.
Ekspertlər bildirir ki, bu görüşlər hesabına problemlərin həlli mümkün deyil. Onların fikrincə, Qərblə münasibətlərin yaxşılaşması Azərbaycan hakimiyyətinin atacağı addımlardan asılıdır. Bu baxımdan da ekspertlər deyir ki, Ilham Əliyevin bu görüşlərdən hansısa dividentlə çıxması mümkün deyil.