Bakıda «qəpiyin qədrini bilməliyik» deyənlər, Londonda milyonluq ziyafət verir
Heç bir böhran, heç bir fəlakətli vəziyyət hökumətin “xasiyyət”ini dəyişə bilmir. Həmişəki kimi vətəndaşın taleyi ilə oynayırlar, yalan vədlər verirlər və açıq şəkildə talançılığı davam edirlər. Hamı yaxşı xatırlayır ki, neftin qiyməti kəskin düşdükdən sonra hökumət müəyyən vədlər verməyə başladı. Ölkə başçısı bildirdi ki, valyuta ehtiyatlarımız azalır, israfçılığa yol vermək olmaz, prioritet olmayan layihələrə investisiya yatırılmayacaq və.s Bəli, ölkə başçısı açıq şəkildə etiraf etdi ki, 2016-cı il ağır olacaq.
Ardınca ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qərar verdi ki, lazımsız xərclər azaldılsın, hər manata qənaət edilsin. Maliyyə naziri Samir Şərifov isə “hər qəpiyin qədrini bilməliyik” söylədi. Hətta dollarla krediti olanlara güzəşt məsələsi gündəmə gələndə Samir Şərifov “bank xeyriyyə cəmiyyəti deyil” mesajını verdi.
Yəni, hökumət komandası anti-böhran tədbiri kimi “qənaət rejimi”nə keçəcəklərini bildirdilər. O zaman bizdə yazdıq ki, hökumət öz boğazından kəsməyəcək, sadəcə olaraq sadə vətəndaşın ehtiyaclarından kəsməklə qənaət edəcəklər. Yəni, məmurların xidməti avtomobilərinin ləğv edilməsi əvəzinə, hansısa dövlət idarəsində ixtisarlar aparmağa üstünlük veriləcək.
Bugünlərdə yayılan bir xəbər isə oun göstərdi ki, bu hökumət nəinki qənaət etməyəcək, üstəlik yeni xərclərə yol açacaq. Belə ki, bir neçə gün əvvəl Londonda ənənəvi beynəlxalq neft həftəsi keçirilib. Neft həftəsi çərçivəsində keçirilən tədbirə bu sahə ilə bağlılığı olan minlərlə şəxs qatılıb. Azərbaycanı tədbirdə SOCAR təmsil edib.
ABŞ-ın məhşur “Blomberg” agentliyi yazır: “Azərbaycanı bu tədbirdə SOCAR təmsil edirdi. Neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda əhalinin sosial vəziyyətinin pisləşməsinə və küçələrə çıxaraq etiraz aksiyaları keçirməsinə səbəb olub. Bütün bunlara baxmayaraq, SOCAR ”Park-Leyn Grosvenor House Hotel”də minlərlə qonağa böyük ziyafət verib. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov deyir ki, “biz adamların əhval-ruhiyyəsini pozmamaq üçün qənaət etmədik”.
Bəli, SOCAR Londonda minlərlə insana ziyafət verib. Həm də bunu belə əsaslandırıb ki, camaatın əhval-ruhiyyəsini pozmaq istəmədik. Qeyd edək ki, həmin tədbirdə iştirak edən bəzi şirkətlərin büdcəsi Azərbyacanın dövlət büdcəsindən dəfələrlə çoxdur. Amma “şot” verməyə öyrənmiş hökumətimiz bu dəfə də səxavətin əsirgəməyib. Beləliklə, “lazımsız xərcləri ləğv etməliyik”, “hər qəpiyin qədrini bilməliyik” deyən hökumət, Londonda milyonları havaya sovurub.
Deməli, dollarla krediti olanlara güzəşt etməmək, ölkə vətəndaşının əhval-ruhiyyəsini korlamaq olar, amma əcnəbi qonaqları narazı salmaq olmaz?
Deməli, ölkə vətəndaşına güzəşt etmək maliyyə intizamını pozur, amma Londonda “şot” vermək intizam yaradır?
Deməli, bank xeyriyyə cəmiyyəti deyil, amma SOCAR xeyriyyə cəmiyyətidir?
Dənizdəki partlayışda xəsarət almış neftçiyə maaş verilmir, neftçi ailələri üsyan edir, əvəzində hökumətimiz Londonda ziyafət verir. Süfrəsində ziyafət qura bilməyən vətəndaşlar intihar edir, mağazalar nisyə dəftərləri ilə doludur, amma hökumət əcnəbilərin könlün oxşayır.
Əslində, SOCAR-ın bu “səxavət”i vətəndaşa təhqirdi. Bunlar vətəndaşın boğazından kəsib, öz imiclərinə görə xaricilərə xərcləyirlər.
London qonaqlığı da təsdiq edir ki, bu hökumətin qənaət etmək, xalqı böhrandan çıxarmaq niyyəti yoxdur. Sadəcə olaraq vətəndaşı aldadaraq vaxt udurlar. Demək istəyirlər ki, vətəndaş borc içində ölsə də olar, əsas odur ki, xarici qonaqlar yaxşı yaşasın. Avropa Oyunları zamanı da bunu sübut etmişdilər. Xaricdən gələn qonaqlara görə ölkədə abadlıq işləri apardılar, məhsulların keyfiyyətini qaldırdılar, hətta ictimai tualetlər də quraşdırmışdılar. Yəni, hökumət hər addımda göstərir ki, vətəndaşın zərrə qədər dəyəri yoxdur.
Vətəndaşın susqunluğu, biganəliyi belə bir vəziyyət yaradıb. Hökumət o qədər arxayındır ki, ölkə vətəndaşına “qənaət edirik” deyib, xaricdə milyonlar xərcləməkdən çəkinmir. Hətta bu xəbərin ictimailəşməsinə görə də narahat deyillər. Hökumət inanır ki, vətəndaşı tam heydən salıb və yalanlara inandıra bilib.
İlham