Mafiyanın Milli Məclisdəki təmsilçiləri «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» qanuna qarşı çıxdı
“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanun layihəsinin birmənalı qarşılanmayacağı gözlənilirdi. Fevralın 12-də sözügedən qanun layihəsinin müzakirələri də gözləntiləri doğrultdu. Qeyd edək ki, bu qanun layihəsi yerli istehsalçıları idxal mallarının dempinq (ifrat ucuzlaşdırılmış qiymət) qiymətindən qoruyacaq.
Yeni qanuna əsasən, ixracatçı ölkənin daxili əmtəə dövriyyəsində analoji məhsul olmayanda və ya bu məhsulun satış həcmi ixrac həcminin 5 faizdən az olanda dempinq marjası məhsulun ixrac qiymətinin bu məhsulun üçüncü ölkəyə ixrac qiyməti ilə müqayisəsi yolu ilə müəyyən ediləcək.
Dempinq qiymətlərinə qarşı tədbirlər yalnız yoxlama başlanandan 2 ay sonra əsaslı araşdırmadan sonra tətbiq edilə bilər. Onlar müvəqqəti antidempinq yaxud kompensasiya rüsumu, həmçinin qeyd edilən rüsumlara uyğun pul depoziti şəklində ola bilər.
Lakin ekspertlərin fikrincə, bu qanunun qəbulunda məqsəd heç də yerli istehsalçılara dəstək vermək deyil. Birincisi ona görə ki, Azərbaycanda daxili istehsal tələbatı ödəyəcək səviyyədə deyil. Bunun da səbəbi əlbəttə ki, həm idxal mafiyasının mövcudluğu, həm də ölkədə korrupsiya və rüşvətin hökm sürməsidir. Hökumət korrupsiya və rüşvətin qarşısına almayacağı təqdirdə yerli istehsalın əhəmiyyətli dərəcə artacağı inandırıcı görünmür. Digər tərəfdən burada keyfiyyət məsələsinə də diqqət yetirilməlidir. Yerli məhsulların keyfiyyətdə xaricdən gətirilən məhsullara uduzduğu sirr deyil. Bu qanunun qəbulu əslində idxal məhsullarının məhdudlaşmasına, bununla da bahalaşmaya səbəb olacaq. Həmçinin vətəndaşlar keyfiyyətsiz məhsulların ümidinə qalacaq. Bəs bu qanunun qəbulunda əsl məqsəd nədir? Ekspertlər hesab edir ki, hökumət bununla büdcəni doldurmaq niyyəti güdür. Güman ki, qanunun qəbulundan sonra gömrük rusumları artırılacaq. Idxal malları məhdudlaşsa da belə yeni rüsumlarla büdcəyə əlavə vəsait cəlb etmək olacaq. Digər tərəfdən hökumət indiki halda idxalçıları ölkəyə mal gətirməyə həvəsləndirir. “Nə qədər ki, qanun qəbul edilməyib idxalçılar indiki rüsumlarla mal gətirməyə həvəslənə bilərlər. Bununla da qıtlıq aradan qalxar”, – deyə ekspertlər bildirir.
Qanun layhəsi idxal mafiyasının maraqlarına ciddi zərbə olduğu üçün buna dirəniş göstəriləcəyi gözlənilirdi. Milli Məclisdə müzakirələr zamanı idxal mafiyasını təmsil edən deputatlar açıq şəkildə layihənin əleyhinə çıxması deyilənləri təsdiqlədi.
Ekspertlərə görə, mümkündür ki, layihə qəbul edilməsin. Bundan əvvəl də ölkə başçısı Ilham Əliyev “Valyuta tənzimi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” bu il yanvarın 19-da qəbul edilmiş qanunu Milli Məclisə geri qaytarıb. Həmin qanunda bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.
Daha əvvəl isə spirtli içkilərin kartla satışı barədə qərar ləğv edilmişdi.