Bakı şəhər sakini Tahir Ələkbərov azadliq.info-ya məktub yazaraq, cərimə meydançasında saxlanılan maşənını çıxara bilməsi üçün polis əməkdaşlarının ondan qanunsuz ödəniş istədiyini bildirir. Onun yazdığına görə, fevralın 13-də aptekdən dərman almaq məqsədilə avtomobilini dayanmaq qadağan olunmuş ərazidə bir neçə dəqiqəlik saxlayıb. Aptekdən çıxanda görüb ki, artıq avtomobilini evakuatora yükləyib aparırlar. Avtomobili Günəşli qəsəbəsindəki 19 saylı cərimə meydançasına aparıblar.
T.Ələkbərov iddia edir ki, cərimə meydançasında polis əməkdaşlarından qəbz istəyib ki, cəriməsini bank vasitəsilə ödsəin. Lakin polislər ondan cəriməni yerində ödəməyi tələb ediblər. “Mən bunun qanunsuz olduğunu və rüşvət xarakteri daşıdığını bildirdim. 102 xidmətinə də zəng vurub şikayətimi dedim. Lakin oradan heç bir tədbir görülmədi. Sadəcə şikayətimin qeydə alındığı bildirildi. Cərimə meydançasında yol polisi işçiləri isə məndən israrla yerində ödəməni istədilər. Dedilər ki, hara istəyirəm şikayət edim, nəticəsi olmayacaq”, – deyə T.Ələkbərov yazır.
Bakı sakini məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova şikayət məktubu yazdığını da əlavə edib.
Şikayətçi avtomobilinin fevralın 13-dən cərimə meydançasında saxlandığını bildirir.