Vəkil «Azadlıq»ın yazdıqlarını təsdiqlədi; Hicran Hüseynovanın işçisi dələduz imiş
170 min dollarlıq qalmaqalla bağlı yeni təfərrüatlar məlum olub. Qeyd edək ki, vəkil Adəm Məmmədov mətbuata açıqlamasında bildirmişdi ki, dövlət komitələrindən birinin rəhbəri müdafiə etdiyi şəxsdən onu icra başçısının müavini vəzifəsinə təyin etdirmək üçün 170 min dollar alıb.
“Çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçmışdır”, – deyə vəkil bildirmişdi.
Vəkil həmin komitənin və onun rəhbərinin adlarını açıqlamamışdı.
“Azadlıq” isə yazmışdı ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ola bilər. Dünən Adəm Məmmədov yazdıqlarımızı təsdiqləyib.
O, APA-ya bildirib ki, pul Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər Imanova verilib. Vəkilin sözlərinə görə, Səfər Imanov bu dələduzluğu 2012-ci ildə törədib. Lakin bu, onun yeganə dələduzluğu deyil. Başqa iki nəfər də vəkilə Səfər Imanov tərəfindən aldadıldıqları barədə müraciət edib: “Həmin şəxslər də işə düzəlmək adı ilə Səfər Imanova müxtəlif məbləğdə pul verdiklərini bildirirlər. Növbəti müraciətlərlə bağlı da aidiyyəti qurumlara müraciət edəcəyik”.
Komitədən isə APA-ya bildirilib ki, Səfər Imanov vəzifədə olduğu müddət ərzində iki dəfə töhmət alıb. Bu il fevralın əvvəlində Komitədə Səfər Imanovdan şikayət edən ailə qəbul edilib. Ailənin şikayəti əsasında Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə müraciət olunub.
Dövlət Komitəsinin Informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Səfər Imanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov komitədə olub.
Adəm Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə müraciət edilib. “Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin, təkzib edilməyib”, – Elgün Səfərov əlavə edib.
Vəkil Adəm Məmmədov isə “Azadlıq”a bildirib ki, AQUPDK-nin Informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun onun barəsində səsləndirdiyi fikir tamamilə yalandır. O, bu məsələ ilə bağlı adı çəkilən Komitədə olmayıb. Adəm Məmmədov onu da bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs israrla iddiasını müdafiə edir.
Pulu Səfər Imanova verməsi barədə müvəkkilində tutarlı dəlillər var. Hətta Səfər Imanovun aldığı pulları Komitə sədrinə verməsi haqda yazılı qeydlər də var. Vəkil həmçinin qeyd edib ki, sosial şəbəkələrdə bununla bağlı yazı ictimailəşdikdən sonra daha iki nəfər ona eyni motivlə zərərçəkmələri barədə müraciət edib. Lazım gələrsə bu faktları da açıqlayacaq.