Vahid Məhərrəmov, kənd təsərrüfatı mütəxəssisi
Hökumət növbəti dəfə kəndlini aldadır. Ölkədə sosial-iqtisadi durumun kəskin pisləşdiyi bir zamanda, televiziyalara ayaq açmış məmurlar əhalini yalan vədlərlə aldatmağa çalışır. Məmurlar son zamanlar məsuliyyətsiz çıxışları ilə fermerləri istehsalı bir neçə dəfə artırmağa çağırır və vəd verirlər ki, guya onların istehsal etdikləri məhsul tədarükçülər tərəfindən alınacaq. Kəndliləri anlamaz, xam hesab edən məmurlar bilmirlər ki, indi artıq kənddə yaşayan əhalini boş-boş sözlərlə aldatmaq mümkün deyil. Mənimlə tez-tez əlaqə saxlayan fermerlər belə çıxışların yerlərdə istehza ilə qarşılandığını vurğulayırlar. Onlar hesab edirlər ki, özlərini hakimiyyətə pərçim edən yalançılara, qeyri-peşəkarlara inanmaq olmaz. İstənilən halda məmurların çağrışı bəzi suallar və şübhələr doğurur.
Birincisi, kəndlilərin istehsal etdikləri məhsulu ala biləcək tədarükçülər kimlərdir? Əgər həqiqətən də tədarükçülər varsa, buyursunlar, özləri sifariş versinlər. Fermerlər də bilsin ki, hansı məhsuldan nə qədər istehsal etməlidir. Bəli, buyursunlar, sivil qaydada, müqavilə əsasında işlərini təşkil etsinlər. Digər ölkələrdə olduğu kimi, həm də istehsal vasitələrinin əldə olunmasında imkansız kəndlilərə dəstək olsunlar, bəri başdan avans kimi müəyyən qədər maliyyə vəsaiti ayırsınlar.
İkincisi, Dövlət Statistika Komitəsinın məlumatına inansaq, indiki halda, ölkədə il ərzində 6 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunur. Əgər istehsal 2 dəfə artarsa, əldə olunan məhsulun dəyəri12 milyard dollara qədər artacaq. Belə olan halda, bu qədər mal hansı vəsaitlə kəndlilərdən alınacaq? Deməli, yenə kəndli məhsulunu oliqarx-məmurlar tərəfindən yaradılan tədarük qurumuna nisyə verməli olacaq. Ödəmə isə manat dəyərdən düşdükdən sonra həyata keçiriləcək.
Üçüncüsü, əhalinin alıcılıq qabiliyyəti kəskin aşağı düşdüyü zamanda, bu qədər malı tədarükçülər kimə satacaq? Onu da nəzərə almaq lazımdır ki, bizim kənd təsərrüfatı məhsulumuzun əsas alıcısı olan qonşu Rusiyada da əhalinin alıcılıq qabiliyyəti ciddi şəkildə aşağı düşüb, milli valyuta stabil deyil. Bunlar bu kimi məsuliyyətsiz çıxışları və çağrışları ilə bir daha qeyri-peşəkar olduqlarını subuta yetirmiş oldular. Onu da qeyd etməliyəm ki, manatın növbəti dəfə dəyərdən düşmə ehtimalı artır. Digər tərəfdən bu il ölkədə inflyasiyanın səviyyəsi yüksək olacaq. Belə olan halda, imkansız kəndlilərə yalan vədlər verib, onları xərcə salmaq, əlbəttə, ağır zərbə altına qoymaq deməkdir.