Azərbaycan Konstitusiyasının 115-ci maddəsinə görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Bəzi dövlət orqanlarının əsasnamələrində onların ya mərkəzi icra hakimiyyəti orqanı olduğu, ya da statuslarının mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulduğu yazılsa da, adları hökumətin strukturunda yoxdur.
Söhbət Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyindən gedir. Konstitusiyaya əsasən, bu qurumların rəhbərləri hökumətin üzvüdür, Azərbaycan hökumətinin strukturuna isə 38 qurum daxildir. Nazirlər Kabinetinin saytında 19 nazirliyin, 10 komitənin, 5 xidmətin, 2 administrasiyanın, 1 idarənin, 1 fondun adı yer alır.
Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AzərTAc-a müsahibəsində deyib ki, mərkəzi icra hakimiyyəti orqanı olan, ya da statusu mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan qurumların rəhbərləri hökumətin üzvüdürlər: “Hökumət üzvü funksiyalarını istənilən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin həyata keçirdiyinə baxsaq, bu funksiyaların kifayət qədər dar çərçivədə olduğunu görərik. Bunlar nazirlər, komitə sədrləri və bir sıra xidmət rəhbərləridir, misal üçün, Dövlət Sərhəd Xidmətinin rəhbəri.
Digərlərinin funksiyalarına baxsaq – məsələn, bu yaxınlarda ləğv olunan Dövlət Satınalmalar Agentliyi – görərik ki, onun statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər tutulurdu. Halbuki bu orqan satınalmaların təşkili və tenderlərlə məşğul olurdu. Sual yaranırdı ki, bu struktur hansı icra hakimiyyəti funksiyalarını həyata keçirir və hansı sahəyə rəhbərlik edirdi? Əslində belə qurumlar publik hüquqi şəxs olmalıdır. Onların icraedici funksiyaları yoxdur”.
Transparency.az-a danışan hüquqşünas Ələsgər Məmmədli məsələyə belə münasibət bildirib: “Hakimiyyət qanunverici, icraedici və məhkəmə sistemindən ibarətdir. Icraedici gücün başında prezident durur və onun yaratdığı bütün qurumlar, habelə birbaşa Prezident Administrasiyasına bağlı, prezident yanında olan bütün strukturlar hökumət qurumlarıdır. Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyevin dediyi kimi, bu qurumlar hamısı hökumət üzvüdür. Dövlət xidmətləri, agentliklər də bu qəbildəndir. Bir sözlə, formalaşması icra sisteminə dayanan bütün qurumlar hökumət qurumlarıdır və onların rəhbərləri də hökumət üzvləridir.
Nazirlər Kabinetinin tərkibinə daxil olmayan bir neçə qurum da hökumət qurumudur və hökumətin siyasətini icra edir. Adının Nazirlər Kabinetinin saytında yer almaması onların statusunu dəyişmir. Hətta KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da eyni mahiyyətdədir.
Publik hüquqi şəxs deyəndə, mənə görə, bu qurumlar da icraedici funksiyanı həyata keçirir. Hətta kommersiya fəaliyyəti ilə məşğul olan Dövlət Neft Şirkətinin də bir xeyli hökumət funksiyası var”.