Mirvari Qəhrəmanlı: «Mənə elə gəlir ki, hazırda ümumiyyətlə, axtarış aparılmır»
Ötən il dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşənlərdən 17 nəfərin meyiti hələ də tapılmayıb. “Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, itkin düşən neftçilərin ailə üzvləri və yaxınları axtarışların nəticəsindən narazı qaldıqlarına görə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar deyir ki, axtarış getmir, bu cür fəaliyyətlə hansısa nəticəyə nail olmaq mümkün deyil.
Zərərçəkənlər həmçinin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin onları qəbul etməməsindən, sorğularına cavab ala bilmədiklərindən şikayətlənirlər.
Neftçi ailələrinin tələblərini haqlı sayan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Fövqəladə Hallar Nazirliyinin xilasetmə işləri və itkin düşənlərin axtarışı ilə bağlı fəaliyyətini qənaətbəxş saymır: “Hadisənin baş verdiyi ilk günlərdə axtarışların aparılması hiss olunurdu. Cəsədlərin bir neçəsi də sonradan Türkmənistan sahilində tapıldı. Mən özüm də itkin düşənlərin axtarılmasından razı deyiləm. Axtarış işi getdikcə çətinləşir. Son tapılan cəsədin də başqa adama məxsus olduğu aydınlaşdı. Ölkədə müxtəlif sahələrə külli miqdarda pul xərclənir, nazirliklər birləşdirilir. Lakin Fövqəladə Hallar Nazirliyinin qəza və yanğınlardakı fəaliyyətini, xüsusilə də itkin düşənlərlə bağlı işini yüksək qiymətləndirmirəm. Onların işi orta səviyyədədir və mənə elə gəlir ki, hazırda ümumiyyətlə, axtarış aparılmır. Yəqin ölkədəki böhran onlara da mane olur”.
Nigar