Bu gün Səbail Rayon Məhkəməsi Milli Teloradio Şurasının (MTRŞ) ötən il oktyabrın 13-də qəbul etdiyi 10/4 və 10/6 saylı qərarlarını ləğv edib.
MTRŞ-nin qərarı ilə ötən il oktyabrın 5-də ANS 54 min manat, oktyabrın 13-də isə 25 min manat məbləğində cərimə edilib. Məhkəmə Milli Televiziya və Radio Şurasının həmin qərarlarını ləğv edib.
ANS MYMŞ-nin baş direktoru Mir Şahin Ağayev bildirib ki, onlar bu hadisəni Azərbaycanda demokratiya və söz azadlığının qələbəsi, Prezident İlham Əliyevin apardığı qanun və ədalət siyasəti nəticəsində ölkədə mövcud olan hüquqi islahatların təzahürü kimi qiymətləndirirlər: “Biz əmin idik ki, ANS-i dövlətin gözündən salmağa cəhd göstərən, bu yolda hətta məhkəmələrə belə təsir göstərə biləcəklərinə inanan xəstəhal qüvvələr arzularına çata bilməyəcək, müharibələrdən keçərək dövlət müstəqilliyi uğrunda çətin, amma şərəfli yollar qət edərək bu günə yetişmiş Azərbaycanın ilk müstəqil televiziya və radio şirkəti olan ANS-in keçmişi, bu günü və gələcəyini ləkələməyə çalışanlar uduzacaqlar. Biz ilk gündən dövlətimizə, onun qanunlarına inanırdıq”.
O deyib ki, ANS qalan proseslərdən də haqlı çıxacaq: “Səbail məhkəməsi əslində tarixi bir qərar çıxarıb. Bu qərar bir daha sübut etdi ki, bütün televiziya və radio şirkətlərinə eyni gözlə baxmalı olan MTRŞ ANS-ə qarşı qərəzli mövqedən çıxış edibmiş. Biz hər həftə MTRŞ-yə efir məkanında baş verən əsl qanun pozuntuları ilə bağlı rəsmi məktublar və arayışlar göndəririk. Amma onların heç bir təsiri olmur. Sanki kiməsə gözüyumulu, bizə isə dördgözlə baxırlar”. (Ans press)