Əmanətlərin Sığortalanması Fondunda vəsait “Texnikabank” ilə qurtaracaq
Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu gündən etibarən agent bankların filiallarında başlanılıb.
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib ki, bu bankın 20 340 qorunan əmanətçisinə 123 mln. 166 min 426 manat kompensasiya veriləcək.
“Biz hesablamalarımıza görə, bu bankın əmanətçilərinə 79 mln. manat verilməli idi. Bir ay 4 gün ərzində hesablamalar zamanı daha 43 mln. manat artıq oldu. Hazırda bu məlumatların dəqiqləşdirilməsi prosesi gedir”, – deyə A. Cavadov qeyd edib.
“Marja” xatırladır ki, bir müddət əvvəl Azad Cavadov 132 milyon manatlıq fondları olduğunu bildirmişdi. Fond indiyədək “Bank of Azerbaijan” əmanətçilərinə 20 milyon manatdan çox kompensasiya ödəyib və təxminən 4 milyon manat da ödəilməlidir. Bundan başqa “Gəncə Bank” (2 milyon manat) və “Yunayted Kredit Bank”ın əmanətçilərinə kompensasiyalar ödənilməlidir. Lisenziyaları ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” və “AtraBank” isə hələ də müflis elan olunmyıb. “Texnikabank”ın əmanətçilərinə ödəniləcək 123 milyon manat nəzərə alındıqda Fondun kompensasiyaları tam ödəməyə vəsaiti çatmır. Gözlənilir ki, Mərkəzi Bank Fonda vəsait verəcək.
“MƏRKƏZİ BANKDAN BORC ALACAQ”
Elə Azad Cavadov da bu gün bildirib ki, əgər vəsait çatışmazlığı olarsa, ilk növbədə Mərkəzi Bankdan kredit götürüləcək:
“Daha sonra isə biz rüblük 7 milyon manat sığorta haqları toplayırıq. Əlavə olaraq qanunvericilikdə göstərilib ki, Fondun vəsaitləri çatmazsa, kredit götürərsə, biz qorunan əmanətlərin 0,2%-i miqdarında əlavə vəsait cəlb edə bilərik. Yəni, ehtiyac yaranarsa, ümumilikdə martın sonuna kimi biz banklardan əlavə 17 milyon manat cəlb edə bilərik. Yəni, ilk növbədə kredit götürəcəyik, sonra kredit banklardan yığılan sığorta haqları hesabına ödəyəcəyik”.
Onun sözlərinə görə, Fondun hazırda 106 mln. manat vəsaiti var.
(marja)